Modern.az

Şou-biznes əhli: “Qulaq falına biz də çıxacağıq”

Şou-biznes əhli: “Qulaq falına biz də çıxacağıq”

Mədəni̇yyət

19 Mart 2013, 11:11



Bu gün Novruz bayramının sonuncu, İlaxır çərşənbəsidir. Bu günün özəllikləri çoxdur. İnsanlar niyyət edir, küsülülər barışır, subay qızlar fala baxır, qulaq falına çıxırlar. Şou-biznes əhli də fala biganə deyil. Bu gecə onlardan bəziləri qonşularına qulaq falına çıxacaq. Bəzisi evdə niyyət edib, fal açacaq.

Modern.az-ın məşhurların bayram hazırlıqları barədə kiçik sorğu keçirdi.

Türkiyədə yaşayan sənətçimiz İradə İbrahimovanın qapı falına çıxa bilməyəcək. Çünki Türkiyədə belə bir adət olmadığından, sənətçi fala baxmaq sevdasında deyil. Amma ailəsi ilə birlikdə süfrə arxasında bayramı qeyd edəcək.
“Anam Bakıdan şəkərbura, paxlava göndərib. Milli yeməklərimizi ailəliklə sevdiyimiz üçün əsas yeməyimiz plov olmaqla, müxtəlif cür təamlar hazırlayacağam. Səməni yetişdirmişəm. İpəyə onun mahiyyətini başa salıram. Məni maraqla dinləyir”.

Cazibədar Ayan Babakişiyeva hər gün bayram çəkilişlərinə qatıldığı üçün çoxdan bayram əhval-ruhiyyəsindədir. Sənətçi gün ərzində canlı efirdə olacağını bildirdi. Heç vaxt fala baxmaq həvəsi olmayan Ayan, rəfiqələri maraqla fala baxanda, onları kənardan izləyib. Amma heç vaxt gələcəyini bu şəkildə öyrənməyə həvəsi olmayıb. Sənətçı sonda bayram günlərində Bakıdan uzaqlaşıb, bayram gəzintisinə çıxacağını diqqətə çatdırdı.

Hazırda Türkiyədə səfərdə olan müğənni Rəqsanə sabah səhər saatlarında Moskvaya yola düşəcək. Bayramı ailə üzvləri ilə qeyd edəcək sənətçi, həm də son həftənin yorğunluğunu canından çıxaracaq. Sənətçi bayram axşamı milli təamlarımızdan süfrəyə düzəcək. Özü mətbəxə keçib, ailə üzvləri üçün milli yeməklərimizdən bişirəcək. “Novruz ən çox sevdiyim bayramdır. İşlərimi yarıda qoyub, həmin günü balalarımın yanında olmaq istəyirəm. Bu ayın 25-i Moskvada bayram konsertim təşkil olunacaq”.

Gənc və yaraşıqlı müğənni Aysel Əlizadə bayramı ailə üzvləri ilə birlikdə qeyd edəcək. Sənətçi adi günlərdə yeməyinə diqqət eləsə də, bayram axşamı anasının bişirdiyi milli təamlarımıza biganə qalmayacaq. Daha sonra qızlara qoşulub qapı pusacaq. Sənətçi tonqaldan atlanmağı da sevir. Belə bir imkan yaransa, sənətçi tərəddüdsüz faydalanacaq. Onun ən son seçimi evdə fala baxmaq olacaq. Sənətçi inanclara maraq göstərdiyini bildirib.

Tarzən və müğənni Humay Qədimova yaz aylarında təqdim edəcəyi yeni layihəsinin təlaşında olduğundan, bayram günlərində həm də istirahət edəcək. Ailəsi ilə birlikdə olacağını bildirən sənətçi İlaxır çərşənbənin ildə bir dəfə yaranan fal şansından bəhrələnəcək. Sənətçi hər il qulaq falına çıxdığını və eşitdiyi sözlərin il ərzində gerçəyə çöndüyünə şahidi olub.

Gənc müğənni Günay İbrahimli üçün də Novruzun gəlişi əsl bayramdır. Necə həftədir bayram çəkilişlərinin təlaşında olan sənətçi axşam saatlarına kimi bayram tədbirlərində olacaq. “İş nə qədər olsa belə, adət-ənənələrimizi unutmamalıyıq. Hər il qapı pusuram, bu gün də istisna deyil. Hətta qarşıma tonqal çıxsa tullanacağam da. Bayram çəkilişlərinin birində qızlarla fala baxdıq. Deyirlər, düz çıxır”, – deyən Günay fürsətdən istifadə edib hər kəsin bayramını təbrik etdi.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır