Modern.az

Ömrünə yazılan 5-lər

Ömrünə yazılan 5-lər

19 Mart 2013, 17:37

Həmişə məni qabaqlamısan. Bu dəfə də belə oldu. Əlli illiyində yazmağı gecikmişdim. Düşünmüşdüm ki, 55-də əvəzini çıxaram. Amma elə oldu ki mənim 50-im sənin 55-dən qabağa düşdü və yenə də məni qabaqladın. Təkcə məni deyil, oxuyanları da xeyli mütəəssir edən bir dost yazısı yazdın. O yazı həm də məni çox qorxutdu. Ona görə qorxdum ki, görəsən boynuma qoyduğun o mənəvi yükü bundan sonra da daşımağa mənəvi gücüm yetəcəkmi? Həm də elə yazdın ki o yazıdan sonra nə isə yazmaq mənim üçün çox çətin oldu. Ancaq bir təsəllim var ki, bizi tanıyanlar yaxşı bilirlər ki bizi bir-birimizə bağlayan mənəvi tellər sözün özü qədər müqəddəsdir. Və o yazının özəlliyi də onda idi ki, bəlkə başqalarının da görə bilməyəcəyi o müqəddəs məqamı-dünyanın bütün süni təmənnalarından uzaq olan dost münasibətlərini dilə gətirmişdin. Bir də o yazının özünəməxsusluğu onda idi ki ikimizi də yaxşı tanıyan dostların çoxu eyni bir fikri bölüşdülər ki, kaş bizim də haqqımızda belə səmimi bir yazı yazılaydı. Onların etirafları başa düşüləndi. Axı maddiyyatın mənəviyyatı üstələdiyi, bir çox mənəvi dəyərlərin sürətlə aşılandığı, məddahlığın az qala yaşam normasına çevrildiyi bir zamanda əsil dost münasibətlərini,  insanın öz şəxsiyyətini, simasını qoruyub saxlamağı bacarmasının özü zor bir işdir, həm də olduqca zor. Bu sırada söz adamlarının, qələm sahiblərinin vəziyyəti ikiqat müşküldür. Özün də hər gün, hər addımbaşı şahidi olursan ki, başabəla qələm sahibləri ilahi sözü o qədər qiymətdən, urvatdan salıblar ki, adam sözün yerinə xəcalət çəkir. Həm də bu söz dəllalları gündən-günə nə qədər çox artıb-törəyirlərsə insanlığın sabahı da bir o qədər sual altına düşür, zil qaranlıq görünür. Və hərdən adamın içində bir şübhə baş qaldırır ki, ilahi, doğrudanmı sözün urvatını, ismətini qorumaq üçün tarixdə ölümün gözünə dik baxan insanlar da olub? Sonra da təsəlli tapırsan ki, dünya binnət olandan elə insanlığın mahiyyəti belə olub və dünya var olduqca da belə olacaq. 

... Bir an xəyal məni çəkib uzaqlara-1985-ci ilin isti avqust günlərinə apardı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində qəbul imtahanlarında keçirdiyimiz həyəcanlı günlər bir kino lenti kimi gözlərim önündə çözələnməyə başladı. Yaxşı bilirsən ki, hərəmiz o həyəcanı günləri bir cür yaşamışıq. Və elə ilk dəfə səninlə də o qayğılı günlərin birində tanış olmuşduq.

O zamanlar yalnız Bakı Dövlət Universitetinin tərkibində olan Jurnalistika fakültəsinə qəbul olunanların qarşısında çox sayda süni baryerlər yaradılmışdı. Jurnalist olmaq istəyən abituriyentdən iki il iş stajı, respublika mətbuatında dərc olunmuş bəlli miqdarda yazı, hansısa bir redaksiyanın verdiyi zəmanət məktubu və s. lüzumsuz şeylər tələb olunurdu. Sənə isə nə Ermənistan, nə də Azərbaycan qəzetlərində çap olunmuş yazılarına görə heç bir redaksiyadan zəmanət vermədiklərinə görə Universitetdə sənədlərini qəbul etməmişdilər. Yazılarını götürüb o zamanlar Azərbaycan Jurnalistlər İttifaqının sədri işləyən mərhum Hacı Hacıyevin yanına aparmışdın. Qəbri nurla dolmuş Hacı müəllim böyük məmnuniyyətlə sənə zəmanət vermişdi və bu “daşdan keçən zəmanətdən” sonra sənin sənədlərini qəbul etmişdilər. Sonradan tələbə olandan, 17 yaşl qrup yoldaşlarını görəndən sonra bildik ki, sən demə bu “stajı və zəmanəti” də hamıdan tələb etmirmişlər. Elə bu süni əngəllərin üzündən jurnalist olmaq istəyən nə qədər istedadlı gəncin arzusu ürəyində qalırdı. Əsil həngamə isə qəbul imtahanlarında baş verirdi.

Beləcə, imtahanlararası fasilələrdə tanış olduğumuz bizlər (əksəriyyətimiz rayon uşaqları) həm bir-birimizlə suallaşır (içimizdə sadəlövhcəsinə bir inam da vardı ki, kim bu suallaşmadan qalib çıxsa ilk növbədə o qəbul olunacaq), həm də “rəqiblərimiz” haqqında müəyyən qədər məlumat alırdıq. Elə o günlərdə öyrəndim ki, biz abituriyentlər arasında ən “stajlısı” sənsən. Deyəndə ki artıq onuncu ildir qəbul imtahanına gəlirsən və həm də qiyabi imtahanlarda da iştirak etmisən, hamımızın içində səndə olan bu dəmir iradəyə heyrətqarışıq bir hörmət hissi yarandı.

Min bir qayğılı imtahan həyəcanları arxada qaldı və nəhayət, hər ikimiz çoxdan həsrətində olduğumuz arzumuza qovuşduq. Bu dəfə konkursa düşməməyimizin səbəbi isə məncə o illərdə yenicə əsməyə başlayan “demokratiya küləkləri” ilə bağlıydı. Yadındadırsa qəbulu “yola verən  əmilər” hansısa narahatlıqdan siyahını necə “qarışdırmışdılarsa” abituriyentlərin ən çox qorxduqları ingilis dili imtahanında  normadan artıq kəsmişdilər. Ona görə də axırıncı tarix imtahanında bir nəfər də olsun kəsilən olmadı.

... O da yadımdadır ki, qəbul imtahanlarında iştirak edən və bizə dərs deyən  müəllimlər səni daha yaxşı tanıyırdılar. Onlar (indi bəziləri haqq dünyalarındadır, Allah rəhmət eləsin,  qalanlarına da cansağlığı) sənin qəbul olunmağından daha çox məmnun idilər. Ən azından ona görə ki hər il qəbul imtahanlarında səninlə yenidən üz-üzə gəlmək əzabından qurtulmuşdular və sənin  hansı maddi-mənəvi əziyyətlərə qatlaşdığının da yəqin ki fərqindəydilər.

Etiraf edək ki, Universitetdə ən humanist, ən səmimi, bu gün də hər birinə böyük ehtiram duyduğumuz müəllimlər də elə bizim fakültənin müəllimləri idi. Sonradan müxtəlif məqamlardakı söhbətlərdə bəzi müəllimlərimiz özlərində təsəlli tapırdılar ki, bilən tələbənin qiymətini heç vaxt kəsməyiblər. Əslində düz deyirdilər. Bilən tələbənin qiymətini yazırdılar. Ancaq sonradan görəcəkdik ki, bilən tələbəyə ən yüksəyi 4 yazan müəllimlərimiz yuxarıların göstərişi ilə “dayılı” abityriyentlərə 5 yazırmışlar. Məhz bu “ədalətli tənzimlənmənin” nəticəsiydi ki, sənin Zəngəzurdan Bakıya uzanan tələbə olmaq istəyin düz 10 il yol gəlməli olmuşdu. Xatırlayırsansa elə biz tələbə olan ili jurnalistika fakültəsinə ən aşağı balla qəbul olunanlar da sənlə mən idim.

Adını unutduğum rus yazıçılarından biri yazır ki, əgər bir insan həyatının tarixçəsini qələmə almaq mümkün olsaydı, bir xalqın tarixindən zəngin bir tarix alınardı. Düşünürəm ki, sənin də həyat tarixçən bu gün çoxlarına örnək ola biləcək zəngin və ibrətamiz bir həyat hekayəsidir.

Bəlkə də möhtərəm oxucu düşünə bilər ki, niyə mənim haşiyəm mətndən uzun çıxır. Elə əslində bu sözlərimin ünvanlandığı dəyərli dostum Tamxil Ziyəddinoğlunun da həyatının görünməyən tərəfləri görünənlərdən çox uzun olub. Hələ uşaq yaşlarından bir çoxları kimi yağ içində böyrək kimi bəslənməyib. Həm də erməni şovinizminin açıq-aydın meydan suladığı Zəngəzurun Qafan bölgəsinin Kurud kəndində çoxuşaqlı ailədə böyümək insana qayğısız bir həyat da vəd eləyə bilməzdi. Bir də Tamxilin atası mərhum Ziyəddin əmi cəngavər xislətli, mərd, artıq söz götürməyən, başlıcası isə səxalı bir kişi olduğundan bu evin heç vaxt qonaq-qarası əskik olmayıb. Ziyəddin əminin aradabir millətçi ermənilərin burnunu ovması da ailəyə az problemlər yaşatmayıb.

Xilqətən həssas təbiətli olan Tamxil ailənin dolanışığına kömək etmək üçün uşaqlıqdan gücü çatan hər bir işin qulpundan yapışıb. Həm məktəbdə oxuyub, həm də ailənin qayğılarını bölüşüb. Hətta 14 yaşındaykən yaşıdları türklər demiş “yay tətilinin dadını çıxaranda” o hər gün neçə kilometrlə yolu piyada gedərək dağlarda geoloqlarla işləyib, ailəyə qazanc gətirib. Elə həmin il təzə məktəbli paltarını da öz halalca qazancı ilə alıb.

... Beləcə orta məktəbin qayğılarından qurtarıb jurnalist olmaq arzusu ilə Bakıya üz tutmağın səni yeni bir qayğılar burulğanına salıb. Hər dəfə qəbul imtahanlarını uğurla versən də, sonda lənətə gəlmiş konkurs yaxandan əl çəkməyib. Hərbi xidməti başa vurub yenidən yoluna davam etmisən. Yenə də uğursuzluq sindromu səni qarabaqara izləyib. Bu illər ərzində sənə tənə vuranlar da az olmayıb. “A bala ora sənin yerin deyil. Görmürsən ora vəzifəli balalarını götürürlər. Sən də gücün çatan bir məktəbə gir, bu əziyyətdən qurtar”. Lakin nə sən inadından dönmüsən, nə də qəbula nəzarət edən “əmilər”.

... Növbəti qəbul imtahanlarını versən də yenə zəhirmar konkurs yeddibaşlı əjdaha kimi yolunu kəsib. Hərbi xidmətdən qayıtmağın, o zamanlar üçün böyük status sayılan partiya üzvü olmağın da qəbul aparan “əmilər”in eyninə olmayıb. O zamankı dekan (indi haqq dünyasındadır, Allah rəhmət eləsin) deyib ki, əgər gedib İrəvandan “Sovet Ermənistanı” qəzetindən ştatdankənar müxbir olmağınla bağlı arayış gətirsən konkursa düşmərsən. Axşam nəfəsi yanıq qatarla İrəvana yollanmısan. Min bir müsibətlə arayışı almısan, amma qatarla qayıtmağa cibində pulun olmayıb. Məcbur olub İrəvandan Bakıya taksiylə çıxmağı qərara almısan. Ancaq taksi tapmağın da asan başa gəlməyib. Heç bir erməni sürücüsü pulsuz türk balasını Bakıya nisyə aparmağı ağlına da yaxın buraxmayıb. Nəhayət, uzun çək-çevirdən sonra anası tatar olan bir sürücü səni gətirməyə razılaşıb. Ancaq elə bir məbləğ istəyib ki, o zaman zəhmətkeş ailəsi üçün bu çox böyük pul sayılıb. Bakıya çatanda sevimli bacın Bahar bu 300 manatı qonşudan borc alıb və pulu verib taksini yola salmısan. Sabahısı tezdən sevinə-sevinə özünü dekanlığa çatdırıb sənədi təqdim etmisən. Ancaq dekanın bu dəfəki davranışı sevincinin üzərinə su səpib. Görünür dekan düşünməyib ki, bu qədər vaxt darlığında sən gedib o sənədi düzəltdirib gətirə bilərsən və bir növ səndən can qurtarmaq üçün bu arayış söhbətini ortaya atıb. Lakin acı faktla üz-üzə qalanda isə sənə növbəti tövsiyyəsini verib. “Rektorun ermənistanlılara münasibəti yaxşıdır. Onun qəbuluna düşüb dərdini desən məsələ həll olunar”.

Hamımız yaxşı bilirdik ki, o zaman həmin rektorun qəbuluna düşmək  dəryada balıq sevdası kimi bir şey idi. O da ola kasıb bir abituriyent. Ancaq Allaha bəndəlik eləməyən sovet məmurlarının o zaman az da olsa çəkindikləri bir sənəd də vardı. Üzərində “pressa” yazılan vəsiqədən bu “balaca padşahlar” üzə vurmasalar da bərk çəkinərdilər. Elə rektorun köməkçisi də əlindəki “Sovet Ermənistanı” qəzetinin qırmızı üzlü vəsiqəsini görən kimi içindəki “ştatdankənar” yazısının fərqinə varmadan ağasına məlumat verib və səni növbədənkənar içəri buraxıb. Söhbət zamanı rektor sənin jurnalist olmadığını, olmaq istədiyini biləndə isə cin atına minib. Ağzını açıb dərdini demək istəmisən ki, rəhmətlik elə qışqırıb ki, dünya gözündə zülmətə dönüb. “Gözümün ikisi də aydın ki, ermənistanlısan. Konkursa düşürsən düş də. Gedib gələn il gələrsən. Vaxtımı aparma, bayıra çıx”.

O zaman vəzifənin və zənginliyin ağuşunda məst olan bu “firon” hardan biləydi ki, sən neçə illərdir ki, gedib gələn ili gəlirsən və elə onun öz “xeyir-duası” ilə hər il hansısa bir “dayılı” sənin yerini tutub, haqqını yeyir. Bir də on min manatları qəpik-quruş hesab edənlər hardan bilərdilər ki, təkcə bu il taksiyə verdiyin 200 manat borcu qaytarmaq üçün sənin ailən əlavə nə qədər sıxıntı çəkməli olacaq.

Qəbul imtahanlarında o qədər ədalətsizliyin, özbaşınalığın şahidi olub əziyyətlərə qatlaşmışdın ki, sonralar etiraf edirdin ki, tələbə olan ili sentyabrın ilk günlərində dekan hər dəfə auditoriyaya girəndə ürəyin düşürmüş ki, indicə səni qaldırıb deyəcək ki, Tamxil, bağışla səhv düşmüşük, sən qəbul olunmamısan, zəhmət olmasa auditoriyanı tərk elə.

Beləcə biz də tələbə olduq və o günlərdən səninlə ilk tanışlığımız və dostluğumuz başladı və şükürlər olsun ki, bu gün əvvəlki illərdən də sıx və möhkəm olaraq davam edir.

... Tələbəliyin də qayğısız ötüşmədi. Uşaqlıqdan olduğu kimi yenə də öz yükünü özün çəkmək istədin. İstəmədin ki, ailəyə yük olasan. Gündüzlər dərsə, axşamlar işə tələsdin. Həm də illərdən bəri jurnalist olmaq sevgisinin reallğa çevrilməsi sənə qol-qanad vermişdi. Yazıb-yaratmaq eşqiylə dinclik tapmırdın. Çoxumuzdan fərqli olaraq hələ tələbəlikdən öz imzanı ölkə oxucusuna tanıda da bildin. Elə tələbəlik illərində bir çox redaksiyalarda sənə böyük rəğbət formalaşdı. Və gələcəkdə səni işlə təmin edəcəklərinə də boyun oldular. Amma bu sevincli günlərimizin də ömrü cəmi 3 il çəkdi. Bir gün Vətənin başı üzərini yenidən qara buludlar aldı. Mənfur ermənilər hər birimizin həyatını qaraldan məlum xəyanətlərə başladılar. Erməniləri vaxtında yerində oturtmaq əvəzinə respublika rəhbərliyinin Moskva qarşısındakı mütiliyi ölkəni sonu görünməyən fəlakətlərə sürüklədi və bütün yurddaşlarımız kimi biz tələbələrin də dincliyi ərşə çəkildi. Günümüz küçələrdə, meydanlarda keçdi. Nə yazıqlar ki, erməni-rus bandalarının arxalı olmaları və yerli hakimiyyətin isə xalqdan uzaq düşməsi daha bir xeyli tarixi torpaqlarımızın itirilməsiylə nəticələndi.

... O narahat günlərdə ən qorxulu xəbərlərin gəldiyi qədim yurd yerlərimizdən biri də sənin doğma Zəngəzurun idi. Onda sənin nələr çəkdiyini indi sözlə ifadə etmək mümkün deyil. Ötən əsrin əvvəllərində olduğu kimi əsrin sonunda da Zəngəzurun qara günləri başlamışdı. Kəndlər silah gücünə zorla boşaldılır, müdafiəsiz əhali hər cür məhrumiyyətlərə dözərək hələ də sovet dövlətinin ədalətinə ümid bəsləyir, son anda rəsmi Bakının onları tək qoymayacağını düşünürdü. Lakin hadisələr fərqli müstəvidə cərəyan edirdi və elə bir zaman gəlib çatdı ki, əhalinin ev-eşiyini atıb Azərbaycana qaçmaqdan başqa çıxış yolu qalmamışdı. Sizin də kəndlər boşalmış, lakin rəhmətlik Ziyəddin əmi son nəfəsinədək yurdu tərk etməyəcəyini gözə almışdı. O qorxulu günlərdə sənin hansı təhlükələrdən və əziyyətlərdən keçərək doğma yurda yetişməyin, Ziyəddin əmini birtəhər yola gətirərək ailəni necə bir müsibətlə gətirməyin isə başqa bir yazının mövzusudur.

Beləcə sənin Zəngəzursuz günlərin başladı. Ailənin, qohum-əqrəbanın da qayğıları boynuna düşmüşdü. Yenidən yer-yurd salmağın hansı maddi və mənəvi əzablardan keçdiyini də yenə bu ağrıları yaşayanlar bilir.

Zəngəzuru itirəndən sonra onun təsəllisini Kəlbəcərdən alırdın. Kəlbəcərə gedəndə dağlara nə qədər həsrətlə baxdığının fərqində olsam da, dərdinə şərik olmağa çalışsam da səmimi etiraf edim ki o göynərtini bütün yanğısıyla Kəlbəcəri itirəndən sonra yaşadım. Neyləməli ki tale Kəlbəcəri də sənə çox gördü. Kəlbəcərin işğalı sənə ikinci dəfə Zəngəzur ağrısını yaşatdı.

... Torpaqlarımızın itkisini yaşaya-yaşaya ağrı-acılı tələbəlik həyatımız davam edirdi. Nəhayət ali təhsil illəri də arxada qaldı. Tələbə-jurnalist kimi özünü təsdiq etdiyindən o zamanlar az məzuna qismət olan bir uğur da nəsibin olmuşdu. Redaksiyanın tələbnaməsi ilə səni təyinatla “Sovet kəndi” qəzetinə işə göndərdilər. Az bir zaman çərçivəsində  burada böyük hörmət qazandın, o zaman ciddi vəzifə sayılan şöbə müdirliyinə qədər yüksələ bildin. Sonrakı taleyin Azərbaycan Televiziyası ilə bağlandı. Burada da özünü peşəkar, vətənpərvər, millətsevər tərəflərdən göstərdin. Şablondan uzaq, yüksək peşəkarlıqla hazırladığın verilişlər sənə böyük tamaşaçı hörməti qazandırdı. Və günlərin bir günü “Bütöv Azərbaycan” adlı qəzet nəşr etmək istədiyini və bu yolda sənə yoldaşlıq edib-edə bilməyəcəyimi soruşdun. Bu yolun ağır və məşəqqətli olduğunu da özün dedin. Həm də indiki “qəzet bolluğunda”, vaxtilə onun yolunda düz 10 il hər cür əzaba qatlaşdığın jurnalist adının ucuzlaşdırıldığı bir zaman çərçivəsində hər cür məhrumiyyətləri gözə alaraq. Ad bolluğunda  qəzetə ad seçməyin də təsadüfi deyildi. Sənin Bütöv Azərbaycan sevgini, vətənpərvərliyini, millətsevərliyini məndən daha yaxşı kim bilərdi ki? Yeri gəlmişkən, yaxşı yadımdadır, 1990-cı ildə İranda-xüsusilə də ana vətənimiz Güney Azərbaycanda zəlzələ baş verəndə pula hamıdan çox ehtiyacın olsa da, sən bir aylıq tələbə təqaüdünü də soydaşlarımıza yardım fonduna keçirdin və bütün gənclərə müraciət edərək Güney Azərbaycana dəstək olmağa çağırdın. Axı illərdən bəri ikilikdə etdiyimiz söhbətlərdə də həmişə Bütöv Azərbaycan mövzusu ən həsrətli yerimiz olub və sənin bir gün bu sevdaya düşməyin də illərdən bəri içində yığılıb qalan ağrıdan doğmuşdu.

İndi düz 5 ildir ki, Azərbaycan oxucusu “Bütöv Azərbaycan” sevdalı bir qəzetin hər nömrəsini xüsusi bir sevgiylə qarşılayır. Çünki bu qəzetin səhifələrində bayağılıqdan, qərəzdən uzaq mövzular, əsasən vətənin, yurdun tarixinə, milli facilərimizə, başımıza gətirilən bəlalara güzgü tutan və bundan sonra bir millət olaraq toparlanaraq bütövləşməyə doğru istiqamətləri müəyyən edən yazılara üstünlük verilir.

“Bütöv Azərbaycan” qəzetini yaratmaqda sənin əsas bir qayən də illərdən bəridir ki, içimizi göynədən, bu gün bizim bir xalq olaraq hələ də qurtula bilmədiyimiz bir naqisliklə bağlıdır. Sən həmişə yerliçiliyin, tayfabazlığın illərdən bəridir ki, bizi bir qurd kimi içəridən gəmirdiyini yaxşı bilirsən və “Bütöv Azərbaycan”ı bu yolda atılmış bir körpü olaraq görürsən.

Qəzetin hansı maddi-mənəvi çətinliklərlə ərsəyə gəldiyini də məndən yaxşı kim bilir ki? Düzdür, günümüzdə qəzet nəşr edənlər də az deyil. Qoy əsil jurnalist dostlarım məndən inciməsinlər ki, müxtəlif ambisiyalarla, məqsədlərlə qəzet buraxanlar da, səhifələrini reket yazılarla dolduran, qaz vurub qazan dolduran qəzetlər də istənilən qədərdir. Ancaq evinin, ailəsinin min bir ehtiyacı olduğu halda balalarının boğazından kəsib “Bütöv Azərbaycan” sevdalı qəzeti səndən başqa kim buraxardı ki? Axı indiki “bazar” başqa ölçülər tələb edir.

Deyəsən mətləbi çox uzatdım. Neyləyim ki, yazılası o qədər söhbətlər, xatirələrər var ki... Təki sağlıq olsun. Əsası odur ki, baharın yurda qədəm qoyduğu bir gündə-martın 20-də 55-i tamamladın. Ömür təqvimində iki beşi bir gündə qoşa yazdın. Düşünürəm ki bunun özünün də çox ibrətamiz bir mənası var. Mən deyərdim ki bu beşlərin biri ömür yoluna, biri isə sənət yoluna elə Tanrının verdiyi qiymətdir. 55-in mübarək, əziz dostum, qardaşım Tamxil Ziyəddinoğlu! Ömrünə qədəm qoyan hər il sənə bahar ovqatı, bahar təravəti bəxş eləsin. Tanrı səni millətimizə və istəyənlərinə çox görməsin. Növbəti 5-ləri birlikdə xırdalamaq arzusu ilə

İlham Məmmədli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir