Modern.az

Azərbaycanlı deputat Moskvada rus elitasını erməni separatçılarını müdafiə etməkdə qınayıb

Azərbaycanlı deputat Moskvada rus elitasını erməni separatçılarını müdafiə etməkdə qınayıb

Parlament

10 Mart 2010, 19:28

Bu yaxınlarda Rusiyanın Dövlət Kitabxanasında Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı olub. Təqdimatda millət vəkili Elmira Axundova da iştirak edib. Tədbirə Rusiyanın siyasi və əsasən də elmi elitasının 100-dən artıq nümayəndəsı qatılıb. Mərasimdə Azərbaycan diasporunın nümayəndələri, Rusiyanın  KİV nümayəndələri də iştirak ediblər.

Tədbir barədə Modern.az saytına məlumat verən Elmira Axundova bildirib ki, kitabın müzakirəsi başlayanda öz-özlüyümdə fikirləşib ki, böyük məruzə ilə çıxış edəcək: “Orada əsas diqqəti ona yönəltdim ki, ötən əsrin 90-cı illərinin əvvəlləri və ortalarında, ümumiyyətlə Qarabağ konflikti yaranandan Rusiya elitası ermənipərəst mövqe tutub, ermənilərin separatçı mövqələrini dəstəkləyib. Adlar da çəkdim, məhşur adlar idi. Hətta bizim yazıçıların dostu olan Rima Kazakovadan soruşdum ki, o vaxt bu mövqenin sirri nədə idi, bunun altında nələr gizlənirdi, nəyə görə rus demokratları məhz erməni separatçılarını dəstəklədi? Bax, bunların köklərini açmağa müyəssər oldum”.

Deputat çıxışında maraqlı, sensasion faktlar səsləndirib: “1909-cu ildə yazılmış çox maraqlı kitab əldə etmişəm. Bu kitabı mənə məşhur rus tarixcisi Rudolf İvanov verib. Orada göstərilir ki, 1905-1907-ci ildəki erməni-azərbaycanlı konfliktindən sonra 1908-ci ildə Üçüncü Rusiya Dumasında çox böyük müzakirələr keçirilib. Bir gün bu məsələyə həsr olunub. Orada çıxış edənlərin əksəriyyəti Rus çarizminin Qafqaz siyasətini, Rusiya siyasi elitasını erməni separitçılarını dəstəklədiyinə görə sərt tənqid ediblər. Tənqidçilərdən biri-Vladimir Pruşkeyeviç öz dövlətçiliyini yüksək tutanlardan olub. O, məhz belə cumlələrlə rus dövlətinin başçılarına müraciət edib ki, “sizin əsas bəlanız budur ki, siz öz siyasətinizdə rusların düşməni olan ermənilərə arxalanırsınız. Əgər siz öz siyasətinizdə bizə tərəf olan, bizim dövlətçiliyimizi sevən müsəlmanlara arxalansaydınız, güvənsəydiniz, onda bizim siyasətimiz Qafqazda ugurlu olardı”. Bunu 1908- ci ildə rus siyasətçisi deyirdi”.

Deputat bildirib ki, bunu 80 ildən sonra da rus siyasətçiləri başa düşməyib: “Qeyd etdim ki, sizin yenə də səhv addımlar atmanız, erməniləri dəstəkləməyiniz Cənubi Qafqazda çətin vəziyyət yaradıb. Mən orada dedim ki, separatçıları müdafiə edə-edə Rusiya özü üçün də təhlükəli məsələlər yaradıb. Şimali Qafqaz, Çeçenistan… Bu məruzə çox böyük maraq doğurdu”.

Rusiya elitasının bu çixişa münasibətinə gəlincə, millət vəkili bildirdı ki, reaksiya cürbəcür olub: “Qaldırdığım məsələni müdafiə edən də oldu. Hətta bir-ikisi dedi ki, onların da bu məsələdən xəbəri var. Sadəcə, indiki Rusiya şəraitində bu kitabın yenidən çapının çətin olduğunu dedilər. Çünki mövqelər üst-üstə düşmür. Digər biri isə dedi ki, bəs, Pruşkeyeviç onlar üçün nümunə deyil, çünki onu rus demokratları qəbul etmir. O elə də böyük fiqur deyil. Beləcə fikirlər haçalandı. Bəziləri qıcıqlandı  ki, rus mədəni, mənəvi ocağında azərbaycanlı deputat belə çıxış edir. Mən heç kimi təhqir etmədən, rusların özlərindən sitatlar gətirərək onlara demək istəyirdim ki, baxın, sizin məhşur insanlar bunu deyib və bu fikirlərin əsası var, məntiqi var. Qulaq asın, bundan sonra səhv siyasətinizdən əl çəkin. Bundan sonra ədalətli mübarizəmizə dəstək verin”.

E.Axundova hesab edir ki, Azərbaycan həqiqətlərini, iztirablarını xaricə çatdırmalıyıq, xususilə Rusiyada işləməliyik: “On beş il Rusiya mətbuatında çalışan bir insan kimi deyə bilərəm ki, əgər işləsək, aktiv olsaq bütün materialları çap etdirə bilərik. İşləmək lazımdır. Belə etsək, nailiyyətlər əldə olunacaq”.

Bu kimi məsələlərin Rusiya elitasına təsirinə gəlincə, deputat deyib ki, bu istıqamətdə böyük işlər görülür və Prezident Administrasiyasının rəhbəri tərəfindən ciddi addımlar atılıb. “Açıq deyirəm, mən onu dəstəkləyirəm. Bu yaxınlarda Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya forumu keçirildi. O zaman Ramiz Mehdiyev açıq şəkildə bütün bunları dedi. Yaxın gələcəkdə belə bir forum Moskvada keçiriləcək. Biz həmin tədbirə də ciddi hazırlaşmalıyıq”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!