Modern.az

Filarmoniya bağında tapılmış qədim yeraltı tunel torpaqla doldurulub

Filarmoniya bağında tapılmış qədim yeraltı tunel torpaqla doldurulub

18 Sentyabr 2009, 12:48

“İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİXİ-MEMARLIQ QORUĞU İDARƏSİ YERALTI YOLU ABİDƏ KİMİ SAXLAMAĞI MƏSLƏHƏT BİLMƏYİB

Bakı şəhərinin altında gizli yolların mövcud olması tarixdən hamıya bəllidir. Orta əsrlərdə salınan yeraltı yollar strateji məqsəd daşıdığı üçün onları çəkərkən nəzarətdə saxlayırdılar. Bu ilin əvvəlində metronun “İçərişəhər” stansiyasının yaxınlığındakı Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı da qədim yeraltı tunel aşkarlanmışdı. Tunelin aşkarlandığı ilkin vaxtlarda “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən orada tədqiqat işləri aparıldı. Elə o vaxtdan unudulan bu abidənin sonrakı taleyi ilə bağlı ictimaiyyət məlumatsız qalıb.

Modern.az-ın əməkdaşı Filarmoniya bağındakı abidənin sonrakı taleyi barədə məlumat əldə etmək üçün öncə həmin əraziyə baş çəkib. Bağda təmir-bərpa işlərilə məşğul olan fəhlələr əməkdaşımıza bildiriblər ki, yeraltı tunelin girişi torpaqla doldurulub və ümumiyyətlə onu bir abidə kimi saxlamayıblar.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin baş tədqiqatçısı Kamil İbrahimov Modern.az-a bildirib ki, Filarmoniya bağındakı yeraltı tuneldə tədqiqat aparılarkən tunelin işərisinə doğru 250 metrədək gedilib, ancaq yol darısqal olduğuna görə geri qayıdılıb. K.İbrahimov həmin tunelin giriş hissəsinin torpaqla doldurulmasına belə aydınlıq gətirib: “Tunelin yerləşdiyi Filarmoniya bağı strateji obyektlərin yaxınlığındadır. Bu ərazidə Prezident Adminstrasiyası, metronun  “İçərişəhər” stansiyası kimi strateji obyektlər yerləşir. Ona görə də Filarmoniya bağındakı yeraltı tunelin bir abidə kimi açıq saxlanılması məsləhət bilmədi. Amma mən istərdim ki, onu bir abidə kimi açıq saxlasınlar. Hətta bununla bağlı müvafiq təşkilatlara öz təkliflərimi də vermişdim”.

K.İbrahimovun sözlərinə görə, Bakının altında belə yeraltı tunellər çoxdur: “İçərişəhərin altı da üstü kimi bir muzeydi. Orda yeraltı yollar çoxdu. Məsələn, Qız qalasının qarşısında, “Donjun” deyilən dördkünc qala tipli bürcün sol və sağ tərəflərində, Şirvanşahlar sarayında yeraltı yollar var. Bu yollarda çoxlu quyular da yerləşir”.   Tədqiqatçı onu da qeyd edib ki, son vaxtlar aparılan araşdırmalar nəticəsində İçərişəhərdə 6 yeni quyu aşkarlanıb: “ Üç ay əvvəl Qoruq İdarəsi rəhbərliyinin göstərişi ilə işə başlanılıb  və aşkar olunan 6 quyudan 4-ü artıq restavrasiya edilib. Restavrasiya olunan quyulardan biri Çin məscidinin arxasında (Vahidin heykəlinin yanında), digəri İtaliya səfirliyinin qarşısındadır. “Donjun”un qaşısında da yol təmiri zamanı təqribən 18-20 metr dərinliyində olan iki quyu aşkarlanıb. Hər ikisi su quyusudur. Quyulardan biri çox möhtəşəmdi. 2 metr aşağıda suyu rahat çəkməkçün tağvari şəkildə bir otaq tikiblər. Digəri isə normal kəhriz quyusudur”.

Hazırda həmin ərazilərdə bərpa işlərinin davam etdirildiyini bildirən K.İbrahimov deyib ki, tapılan yeni quyularla yanaşı köhnələr də bərpa edilərək abidə kimi saxlanılacaq: “Maliyyə baxımından yeraltı yolun və quyuların öyrənilməsi bir az baha başa gələn işdir. Ancaq biz qarşımıza çıxan bütün quyuları aşkar edib, abidə kimi qorumağa çalışacağıq”.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azərinin sözlərinə görə, hazırda yeraltı yolların öyrənilməsi ilə əlaqədar araşdırmalar aparılır: “İçərişəhərdə yeraltı yolların çox olması ehtimal edilir, ancaq hələ hamısı aşkarlanmayıb. Mir Möhsün ağanın evinin yanında aşkar olunan su quyusunun mənşəyi və mənbəyi ilə bağlı alimlər  tədqiqatlar aparacaq. Milli Elmlər Akademiyasının müvafiq şöbələri var ki, onlar İçərişəhərdə yeraltı yolların olması ehtimalı ilə əlaqədar araşdırma aparırlar”.

Mətbuat xidmətinin rəhbəri araşdırmaların nəticəsinin nə vaxt açıqlanacağının məlum olmadığını deyib.

 

Günay MUSAYEVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?