Modern.az

Əli Kərim – duyğulu ürək

Əli Kərim – duyğulu ürək

23 Mart 2013, 09:59

Günəş ayının 22-si (22 mart) yaşamdan tez getmiş görkəmli şair Əli Kərimin (1931-1969) doğum günüydü. Onun yaşamını qısa nağıl da adlandırmaq olar. İntriqalara qatılmadı, qısa şair taleyini yaşadı.

Ölümü – gerçəkliyə üsyanı oldu.

Ömürlərə, talelərə çökdü – doğma şeirləriylə, yazılarıyla.

Şair kimi özünə oxşadı.

İmkanlarını bütünlüklə üzə çıxara  bilmədi – insanilik nəğməsi yarıda qırıldı…

Onun kimi yazmaq istəyənlər yarandı, çoxaldı.

Əli Kərimə böyük, bənzərsiz qiyməti İnam Ata verib. Moskvada bir yerdə oxuyublar, çörək kəsiblər, arxadaş olublar.  Atanın onun kitabına yazdığı ön söz indi də dillər əzbəridir. İnam Atanın Əli Kərimə qiyməti həmişəlikdir.

***

18 il qabaq İnam Atayla «Ədəbiyyat – əbədi izhar» adlı yazım yarandı. O yazıda Ata ədəbiyyatın İnamla, İdrakla, Mənəviyyatla, İradə ilə bağlılığını açır.

«Ədəbiyyat və İdrakilik» məsələsini açarkən Əli Kərimin yaradıcılığına müraciət edir: «Bizdə İnamçılıq da, İdrakçılıq da bayağılaşdı. Həyasız bir İnamçılıq yaranmışdı 1930-cu illərdə. O dövrdə ki, Hüseyn Cavidlərin başını kəsirdilər, Süleyman Rüstəm yazırdı: «El azaddır, dil azaddır». Necə el azaddır ki, burada böyüklərin başı kəsilir? Habelə bu məsələdə yenə idrak məsələsinə baxmaq gərəkdir. Nikbinlik məsələsi: Yenə gərək zahiri nikbinlik; gərək əsərin sonunda bir bağırtı olsun, nikbin bir şüar olsun, nikbin bir nöqtə olsun, böyük bir nida olsun!

Biz nidanın əleyhinə deyilik. Orada ki, Avropa nöqtə qoyur, orada həmişə Şərq nida qoyub. Ancaq bu nida yalan nidası deyildi. Bu nida heyrət nidasıydı! Beləliklə də saxta nikbinlik yaranırdı. Kim ki, əsərini şüarla qurtarmırdı, nikbin bir çağırışla, nikbin bir qətiyyətlə qurtarmırdı, onu tənqid eləyirdilər. Və «böyük» tənqidçilərimiz elə o cür «böyük» olmuşdular. Onların yeganə «böyüklüyü» bundaydı: “Sən şeirini niyə belə qurtarmırsan?”

Sizin yadınızda olmaz, mən çox yaşlıyam, səhv eləmirəmsə, Süleyman Rüstəm yazıq Əli Kərimə deyirdi ki, sən niyə pis qurtarmısan şeirini? «Nöqtə, nöqtə və nöqtə». Biryolluq nida qoyaydın da! Dəhşətdir bu! Dostum Əli Kərimin şeirinin elə ən gözəl hissəsi o idi ki, hər şey aydın deyil, müəyyənlik var, qeyri-müəyyənlik var sevgi halında. Bunu sən öldür, de ki, nida qoyaydın, ya nöqtə qoyaydın.»

*** 

Əli Kərimin şeirlərində zəngin duyumlu ürəklə ağlın birliyi var – insan doğmalığını təsdiq edən. Onun şeir dilinin doğmalığını yaradan da budur.

Yaradıcı – insan gözəlliyinə inanmasa, yaza-yarada bilməz.

Əli Kərim fitrətən insana, həyata, dünyaya vurğun idi.

Onun sərbəst şeirə gətirdiyi munislik, özünəməxsusluq, mümkün qədər biçim-məzmun birliyi indi az qala itməkdə, yoxa çıxmaqda, məzmunsuzlaşmaqdadır.

Şeiriyyətin yoxa çıxması qorxusu yaşanır çağımızda.

Yeni, bənzərsiz şeirlər yaranmalıdır – İnam Atanın Mütləqə İnam dünyabaxışından güc alan, şeiriyyət ruhunu təsdiq edən. Belədə gerçəklikdə qırılan Əli Kərimlərin ömrü mahiyyətdə əbədi yaşayar. Çünki yaşadılan – yaşayır. Xalq yeni yaradıcılıq üfüqlərinə yetməlidir ki, var olsun.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi