Modern.az

Qabilin Fəttah Heydərovla əhvalatına o biri şairlərin qoşulmağı...

Qabilin Fəttah Heydərovla əhvalatına o biri şairlərin qoşulmağı...

24 Mart 2013, 11:53

Sizə təqdim etdiyim yazı mərhum xalq şairi Qabilin 2002-ci ildə “Şirvannəşr”də çap etdirdiyi “Dostlarım, tanışlarım” kitabındandır. Bu kitabda həm də dostlarının Qabil haqqında məzəli, duzlu xatirələri yer alıb. Onlardan birini – Zəlimxan Yaqubun “Qabilnamə” adlı yazısını sizə    təqdim edirik. Əhvalat 30 oktyabr 1996-cı ildə olub.
 
QABİLNAMƏ

Qədim Naxçıvan torpağına böyük Cavidin türbəsinin açılış mərasiminə getmişdik. Havaların sərt və soyuq olmasına baxmayaraq, ruhumuzu və qəlbimizi Cavid poeziyasının hərarəti isindirirdi. Ovqatımızın gözəl vaxtında hörmətli dostumuz, millət vəkili Fəttah Heydərov bizi doğma kəndi Çeşməbasara dəvət elədi.
Fəttah müəllimi şəxsi təşəbbüsü və qayğısı ilə tikilən Çeşməbasar məscidini – müqəddəs Allah evini ziyarət elədik. Şair və yazıçılarımız bir-birindən şirin söhbətləri, xatirələri yada saldılar. Söhbətin şirin yerində xalq şairi Qabil özünəməxsus, turşməzə bir tərzdə yemək üçün Fəttah müəllimdən bir nar istədi.
Bu məsələ tezliklə həll olundu. Qabil müəllimin şuxluğu, zarafatı şairləri də ilhama gətirdi. Mənim arzumla Qabil müəllimin eşqinə hərəmiz bir beyt söyləməli olduq.
Mən belə bi fürsəti əldən verməyib qələm dostlarımın dediklərini sevgi və həvəslə öz səfər dəftərimin səhifələrinə köçürməli oldum.
 
Zəlimxan Yaqub:      Qabil Çeşməbasarda
                                    Nar yedi, çay istədi.
 
Qabil:                          Zəlimxan sola baxdı,
                                    Allahdan pay istədi.
 
Fikrət Qoca:              Bu yolda qafiyəmiz
                                    Pürrəngi çay üstədi.

Mahir Qarayev:        Mahir qafiyə gəzdi
                                    Qabildən hay istədi.
 
Anar:                          İki otaq verdi Qabilə Birlik
                                    Qabil də incidi, saray istədi.
 
Fəttah Heydərov:       Fəttah içkini atdı,
                                    Özünə tay istədi.
 
Sabir Rüstəmxanlı:    Poladdan əlini üzəndə Qabil, (Polad Bülbüloğlu)
                                    Gedib prezidentdən haray istədi.
 
Anar:                          Bütün istəkləri çox gözəl idi,
                                    Amma bu istəyi çox zay istədi.
 
Rafail Hüseynov:      Başqa yubileylər üç-dörd gün çəkir,
                                    Qabil yubileyini üç ay istədi.
 
Kamal Abdulla:         Nə verdilər göydən aldı,
                                    Sonra göydən ay istədi.
 
Sabir Rüstəmxanlı:   Rusca da “day” dedi, “davay!” – istədi,
                                    Fərqi yox, toy-düyün, ya vay istədi.
 
Yaşar Qarayev:         Məcnun “Leyli!” – dedi, Qabil – “Yubiley!”
                                    Etmədi Qabili – rüsvay istədi.
 
Qabil:                         Heyranam dostlarımın əntiqə şuxluğuna
                                   Dostları qəm-qüssədən daim uzaq istərəm
 
P.S. Qayıdanda Naxçıvana çatar-çatmaz, Qabil dedi ki, bəs bıçağım qalıb Çeşməbasarda, nar kəsdiyim zaman. Dedilər ki, nə olar, bir maşın qayıdıb bıçağı gətirsin. Qabil dedi:
- Xeyir, bütün maşın karvanı Çeşməbasara dönməlidir.
Elə də oldu.
                        
Bütün padişahlar taxtından endi,
Şairin xahişi yerə enmədi.
Maşın karivanı geriyə döndü
Dönməyə bilərdi?! Necə dönmədi?!

30.10.1996 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi