Modern.az

İntellekt sindromu

İntellekt sindromu

24 Mart 2013, 16:49

Müasir dünyanın özəlliyi həyatımızın bütün sahələrində baş verən sürətli intellektual inqilabla diqqət çəkir. Artıq bu gün təzə olan sabah yerini daha yenisinə və müasirinə verir. Vaxtilə alimlərimizin bir sirli nağıl kimi ağızdolusu təriflədikləri Elmi Texniki Tərəqqi məhsulları da yeni intellektual texnologiyalarla müqayisədə sanki daş dövrünün alətlərini xatırladır. Təbii ki, biz də qlobal dünyanın bir parçası olaraq bu inkişaf müstəvisindən yararlanmağa çalışırıq. Fakdır ki, bu gün intellektual texnologiya istehsalında öz milli brendimiz olmasa da bu texnologiyalardan yararlanmaqda maşallah, heç kəsdən, hətta onu yaradanlardan da geridə qalmırıq. Ən müasir mobil rabitə qurğularından tutmuş ən son kompüter texnologiyasınacan ilk istifadəçilərdən biri elə biz oluruq. Çox vaxt da bu texnologiyaları təyinatına uyğun işlətməsək də ya dəb xatirinə, ya da məşğuliyyət kimi onlara sahiblənməyə tələsirik. Bir də “varlığa nə darlıq”, deyib babalarımız. Sözümün canı başqadır. Doğrudanmı biz intellektual texnologiyaları əsil mənasında anlayıb, mənimsəyə bilirik?

İntellektual inkişafın bir göstəricisi kimi şahidi olduğumuz yeniliklərdən biri son illər paytaxtın ictimai nəqliyyat sisteminin işini tənzimləmək üçün həyata keçirilən böyük bir layihə oldu. Başbilənlərimiz uzun müddətdən bəri ictimai nəqliyyatda hökm sürən qarmaqarışıqlıqdan, özbaşınalıqdan, əhalinin haqlı narazılığından can qurtarmaq üçün xeyli baş sındırandan sonra nəhayət ki, “çıxış yolu tapdıqlarını” bəyan etdilər. Və günlərin bir günü şəhər meri Hacıbala müəllimin avtomobil dayanacaqlarında quraşdırdığı şüşəbənd dayanacaqlarda iri monitorlar peyda oldu. Yeri gəlmişkən, şəhər merinin bu şüşəbənd dayanacaqları hansı məqsədlə quraşdırdığının da (buna qədər də dayanacaqlar bir neçə dəfə təzələnmişdi) bu günəcən nə qədər fikirləşsəm də cavabını tapa bilməmişəm. Çünki vətəndaşı nə yağışdan, nə küləkdən, nə də günəşdən qorumayan və dörd tərəfi açıq bu şüşəbəndlərin dövlətə heç də havayı başa gəlmədiyinin də fərqindəyəm. Bir qəribəliyi də orasındadır ki, paytaxtdakı bu dayanacaqların böyük bir qismi az bir zaman kəsiyində Allahın qəzasındanmı, yoxsa hansısa bir təxribatdanmı əzik-üzük edilərək yararsız hala salınıb. Bu başqa bir yazının mövzusudur. Hələliksə sözüm nəqliyyatın idarəedilməsindən gedirdi. Bəli, Cənubi Koreyadan gətirilmiş bu sistemin adını da elan etdilər: Nəqliyyatın İntellektual İdarə Edilməsi. Hər bir avtobusda da mərkəzi sistemə birləşdirilmiş balaca monitorlar quraşdırdılar. Və bəh-bəhlə elan etdilər ki, ictimai nəqliyyatda daha heç bir gecikmə, intizamsızlıq və narazılıq olmayacaq.

Bəli, ilk vaxtlar bəzi marşurutlarda müəyyən nizamlılıq müşahidə olunsa da çox keçmədi ki yenə “ara qarışıb məssəb itdi”. Görünür başbilənlərimiz intellektual aparaturanı işlədəcək insanların özlərinin də intellek sahibi olmalarını və paytaxtdakı “probka” məsələsini gözə almamışdılar. Az keçmədi ki, avtobusların əksəriyyətindəki bu monitorlar az qala gərəksiz bir əşyaya çevrildi. Avtobuslararası intervalları isə sürücülər yenə də bir-birlərini söyməklə, hədələməklə “tənzimlədilər”. Hələ onların sükan arxasında oturandan sonra hansı hoqqalardan çıxmaları, sərnişinlərlə necə qaba davrandıqları da qalsın bir yana.

Dayanacaqlardakı monitorlar sərnişini avtobusların marşrut intervalı ilə tanış etməli olsa da, çox zaman onlar işləmir. Bəzən də monitorda yalnız bir-iki avtobusun göstəriciləri yerləşdirilir. Yeni sistemdə ən gülməli vəziyyət isə monitorlarda quraşdırılmış havanın temperaturunu, vaxtı göstərən sayğaclarda baş verir. Bir də görürsən ki, yolun bir üzündəki dayanacaqdakı monitorda havanın temperaturu tutaq ki müsbət 15 dərəcəni göstərirsə, digər tərəfdə bu göstərici 25 olur. Saat göstəriciləri də eləcə. Yəqin ki, indi şəhərdə saatları eyni vaxtı göstərən iki monitor tapmaq da müşkül məsələdir. Hətta bir dəfə H.Cavid prospektindəki monitorlardan birində paytaxtda havanın temperaturunun müsbət 600 dərəcəni ötdüyü də əks olunmuşdu. Ginnesin rekordlar kitabına düşəcək bu olay yəqin ki, əsəb sistemi bir az zəif olan insanları əməlli-başlı panikaya da salıb.

Yeni texnologiyaların “fəsadıyla” bağlı başqa bir fakt. Şəhərdəki “bərk gedən” poliklinikalardan birində qohumlardan birinin ciddi bir xəstəliklə bağlı qan analizlərini vermişdik və xahiş etmişdik ki, analizi diqqətlə aparsınlar. Çünki müalicə analizin nəticəsinə uyğun aparılırdı. Aldığımız nəticədən şoka düşdük. Belə ki əvvəlki analizlə indikinin arasında bu qədər fərqin yaranması tibbi baxımdan da mümkünsüz idi. Məcbur olub bir daha qonşu ölkələrdən birinə üz tutduq. Məlum oldu ki, “şöhrətli” poliklinikamızın həkimləri analizin nəticəsində nə az, nə çox, düz 8 dəfə səhv ediblər. Baş həkimlə görüşüb nəticəni aydınlaşdırmaq istəyəndə isə cavabı belə oldu ki, bizim aparat İsveçrədən alınıb, düz 2 milyon manat da qiyməti var. Bizim aparatda səhv ola bilməz. Ona xatırladanda ki, aparat müasir və qiymətli ola bilər, bəs onu işlədəcək mütəxəssisinizin başı nə qədər bu aparatdan çıxır, başladı gözlərini döyməyə.

Sözümün canı ondadır ki, yeni intellektual texnologiyaları təyinatına uyğun işlətmək istəyiriksə, əvvəlcədən onları idarə edəcək intellektləri yetişdirməliyik. Yoxsa həmişə yaxşı niyyətlə atdığımız addımlar da fəlakətə və gülüş obyektinə çevrilə bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi