Modern.az

TQDK aprelin 4-dən sınaq imtahanlarına başlayır

TQDK aprelin 4-dən sınaq imtahanlarına başlayır

11 Mart 2010, 11:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək. TQDK-dan Modern.az-a verilən məlumata görə, ilk sınaq imtahanının Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.
Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Bu imtahana yazılış internet vasitəsilə aparılacaq. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları TQDK-nın “Abituriyent” satış köşkündən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - //tqdk.gov.az/virtualkart/ yaradılıb.

TQDK-da hesab edirlər ki, sınaq imtahanları abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. 
Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Modern.az

 


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI