Modern.az

Aşıq Samirə: “Kişi də qadının geyimini müzakirə edər..?” - MÜSAHİBƏ

Aşıq Samirə: “Kişi də qadının geyimini müzakirə edər..?” - MÜSAHİBƏ

27 Mart 2013, 15:18

Modern.az sənət adamları ilə silsilə müsahibəsini davam etdirir. Bu dəfə ki, həmsöhbətimiz Aşıq Samirədir.


- Facebook-da sizin adınıza səhifə var. Həqiqətənmi o sizsiniz?

- Məndən əvvəl belə bir səhifəni kimsə açmışdı. Ailəmi yaxından tanıyan adamlardan idi. Yalandan mənim adımdan insanlarla yazışırdı. Ona görə də məcbur olub özüm səhifə açdım.

- Bəs mobil telefonunuzun nömrəsini necə, tez -tez dəyişirsiniz?

- Mən mobil telefon tanıyandan iki nömrəm olub. Onun da birini 10 il var ki, işlədirəm.

- Telefonda bezdirən olur?

- Olur, sadəcə onu elə səliqə ilə yola salıram ki, bir də zəng etmir.

- İndi çox adamın produseri var, bəs sizin necə? 

- Produserim yoldaşım idi. O sonradan başqa sahəyə yönəldiyinə görə alınmadı. Başqa bir produserə hələ ki, lüzum görmürəm. 

- Toyları, qiyməti hamısını özünüz həll  edirsiniz?

- Bəli.

- Produserə bizdə çox zaman disk daşıyan kimi baxırlar, bəlkə səbəb budur?

- Mən o sözlə razılaşmıram. Bilirsiniz, bir yerdə oturub dururlar, çörək qazanırlar, ayrılanda da deyirlər  ki, o mənim diskimi daşıyırdı. 

- Heç olur ki, kimsə geniş maddi imkanlara malikdir, ama sizi aldadırlar ki, “pulumuz yoxdur” və s. 

- Soruşursan ki, toy haradadır vəssalam, onunla da bilirsən ki, imkan doğurdan da var ya yox. Şükürlər olsun ki, hələ bu günə kimi pulumu kəsən olmayıb. Həmişə halallıq olub. 

 - Daha çox elitar toylara, yoxsa orta təbəqənin toylarına gedirsiniz?

- Bölmək istəməzdim. Rayonlara da gedirəm, Bakı toylarında da oluram. Toya da hökmən saz ilə gedirəm və üstünlüyü də saza verirəm.  

- Bir zamanlar aşıq Namiq aşıq Tellini şalvar geyinib saz çalıb, oxumasına görə qınadı. Sizcə qadın aşıqlar necə geyinməlidir?

- Şalvar bəhanədir, yəqin ki, aralarında mübahisə olub. Geyim önəm daşımır. Əsas özünü aparmaqdır.

- Yeri gəlmişkən, xarici görkəminiz bir az dəyişib.

- Bu ailə artımı ilə əlaqədardır. Kiloları yavaş - yavaş aradan götürürəm. 10 kilom qalıb, o da bir şey deyil.

- Bir zamanlar həmçinin səhhətinizdə də problem var idi, xərçəngdən əziyyət çəkmisiniz.

- Qurtardı getdi, şükürlər olsun. Xəstəliyin xərçəngə çevrilməyinə az qalmışdı. İsrailə gedib əməliyyat olundum. Hər şey möcüzə kimi tez oldu. İndi də heç bir problem yoxdur.  

- Sizin məsləhət verəniniz, sirdaşınız kimdir ?

- Özüm.

- Heç kimlə heç nəyi bölüşmürsünüz?

- Yox, bölüşürəm, amma ən sonda qərarı özüm verirəm.

- Hansı sirləri bölüşürsünüz, hansıları özünüzə saxlayırsınız?

-
Mənim mənfi cəhətimdir ki, sirrim yoxdur. Qapalı insanlardan xoşum gəlmir. Sirli olacaq işlər də görmürəm. Amma elə şeylər var ki, vacib də deyil bunu hamı bilsin, hamı görsün, mənə aid olan şeydir.  

- Sizin bostanınıza daş atanlarla da konfilikt yaratmırsınız?

 - Mənim təbiətim elədir. Düşmənçilik bacara bilmirəm. Bilirsiniz niyə? Çünki sona qədər gedə bilməyəcəm, məndən düşmən ola bilməz. Küsülü olduğum adam qalmayıb hamını bağışlamışam.
 
- Əsəbləriniz sakitdir?

- Qətiyyən. Məsələn, Aşıq Əliyə cavab verəndə yumşaq danışdım. Amma  sonra stressdən, əsəbdən təzyiqim düşdü, həkim gəldi. Əgər bilən adam mənə irad tutursa, mən həmin adama sağ ol deyirəm.  Amma nahaqdan adama söz deyəndə pis oluram. Kişi qadının geyimini müzakirə etməz.  

- Aşıqlar Birliyinə üzv olmusunuz?

-
Yox, tənbəllikdən gedib çıxa bilməmişəm. Məclislərində oluram. Sadəcə, sənəd  işi ilə aram yoxdur.

- Elmi işinizin müdafiəsi qəbul olundumu?

- Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoruyam, diplomumu aldım. Müdafiəm bir il 4 ay çəkdi.
  
-Vaxtilə Aşıq Pəri məclisinin üzvi idiniz, oradan çıxdınız, yoxsa çıxartdılar?

-
Heç kim çıxartmadı, sadəcə solo fəaliyyətə başladım. Mən gedəndən az sonra məclis də dağıldı. Bizdə bir az birlik problemi var, birlik yaratmaq çətin olur. 

- Kütləvi tamaşalar rejissorusunuz, aşıqlıq hara, rejissorluq hara?

- Mənim dövrümdə aşıqlıq kafedrası yox idi. Və mən də o zaman ali savad almalı idim. Aşıqlığa da ən yaxın olan rejissorluqdur.  Aşıq elə özü özündə həm rejissordur, həm aktyordur, həm də əsəri yaradandır. Mənim belə bir arzum var ki, efirdə dastan tamaşalarından ibarət bir veriliş  açım.

- Toya aid mahnılar da oxuyursunuz yəqin ki?

- Bəstəkar, xalq , toya aid  nə mahnılar varsa, oxuyuram.

- “Can-cana”nı oxuyursunuz?

- Toyda oxumuşam. Yaxşı oxuyan olanda, həmin mahnını oynayıram da. Toy yiyəsi nə istəyirsə, oxumalısan.   

- Bəs uşaqlara kim baxır?

- Sağ olsun analar üzümü ağ edirlər. Əsas güc qaynanama düşür.

- Uşaqlara vaxt ayıra bilirsiniz?

- Mütləq, toyum olmayanda axşam uşaqlar mənlikdir. Qızımın 9 yaşı var, oğlumun isə hələ 1 yaşı tamam deyil.

- Valideyn iclasına getmisiniz?

- Getmişəm, sağ olsun qızım, başımı  ucaldır. Bütün fənləri yaxşı oxuyur, dilə üstünlük verir. Musiqiyə həvəsi çoxdur. İndidən deyə bilmərəm ki, gələcəkdə oxumağa qoymayacam. Çünki nəyəsə yox deyirsənsə, tərslikdən həyat səni ona doğru aparır. Görüm necə yox deyirsən. Seçimi özünə buraxacam.
 
- Doğurdanmı ikinci bahar deyilən bir şey var?

- Birinci ailəmdə sevgi yox, hörmətimiz olub bir-birimizə, sevgini mən ikinci ailəmdə yaşadım. Adam elə bilir ki, sevib sonra görürsən ki, sən demə sevməmisən. Sonradan görürsən ki, sevgi sən demə tamamilə ayrı bir hissdir.
 
- Qısqanclığı necə, sevginin bir hissəsi hesab etmək olarmı?

- Qısqanclıq olmayanda elə bilirsən ki, o adam üçün önəmsizsən. Hərdən kiçik müharibələr olmalıdır. O da olmayanda adam darıxır.
 
- Bayramda şəkərbura, qoğalı kim bişirdi?

- Qaynanam.

- Papaq atanlar oldu?

- Təəssüf ki yox, bizdə yeni tikililər olduğundan heç kim icazəsiz içəri keçə bilmir. Mən darıxıram. O da bir şey deyil, tam qapalı həyat.
 
- Yol polisi sizi saxlayır, yoxsa baxıb “çest” verir?

- Hara “çest” verir, Allahdan istəyirlər bizi tapsınlar (gülür). Çox vaxt görürsən tanıyır, eləsi də olur ki, tanıyır, amma tanımazlığa vurur özünü.

- Müasir ədəbiyyatdan nə oxuyursunuz?

- Vallah onlara vaxt yoxdur. Ancaq yaradıcılığımla bağlı olaraq şeir kitabları oxuyuram.

- İki dəfə ailə həyatı qurmusunuz. Konkret faktla deyə bilərsiniz hansı hadisədən  nə nəticə çıxartdınız?

- Heç bir insana  arzulamıram ki, ailəsi dağılsın. Təcrübə odur ki, ailə münasibətlərində 3-cü şəxs  və qadın deyingənliyi olmasın.

- Yaradıcılığınızda hansı dəyişikliklər olacaq?

- İlk dəfə aşıq və simfonik orkestrin improvizasiyası olacaq. Buna görə də çalışıram ki, maksimum dərəcədə yaxşı alınsın. Çünki çalışmaq lazımdır ki, başqalarının tənqid atəşinə tutulmayasan.

- Şou-biznes xəbərlərini izləyirsiniz?

- İnanın ki, sayta girəndə ilk olaraq şou-biznesə yox, mədəniyyət xəbərlərinə baxıram.  Şou-biznesə baxırsan ki, o dalaşdı, o aldı, bu satdı. Mənə bunlar maraqlı deyil.




 


Şahanə RƏHİMLİ

Elçin AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir