Modern.az

Telekanalların xəbərləri musiqi fonunda verməsi düzgündürmü? (ekspert rəyləri)

Telekanalların xəbərləri musiqi fonunda verməsi düzgündürmü? (ekspert rəyləri)

11 Mart 2010, 18:01

Son vaxtlar Azərbaycan telekanallarının ucuz şoular meydanına çevrilməsi onlara yönələn tənqidin bir qədər də sərtləşməsinə səbəb olub.

Xüsusilə xəbərlərin təqdimatında isə Azərbaycan reallığı bütün parametrləri ilə ekranda görünmür. Bəzi telekanallar efiri daha çox kriminal xəbərlərlə doldururlar.

İş o yerə çatıb ki, bir sıra yerli televiziya kanalları hətta xəbərlər proqramını belə şoulaşdırmağa başlayıblar. Hətta xəbərlər musiqinin müşayiəti ilə təqdim olunur. 

Modern.az bu məsələyə media mütəxəssislərinin münasibətini öyrənib.

 

Media sahəsi üzrə ekspert Zeynal Məmmədli də xəbərlər proqramlarının şoulaşdırılması fikri ilə razılaşır. Onun sözlərinə görə, televiziyalar xəbərlərdə həm də musiqidən əyləncə elementi kimi istifadə edirlər ki, öz xəbərlərini - əmtəələrini sata bilsinlər: “Xəbərlərdə bu cür formaya infoteyment deyirlər. Qərbdə xəbərə əmtəə kimi baxılır. Azərbaycana da bu forma Türkiyədən gəlib. Mən bunda qorxulu bir şey görmürəm”.

Zeynal Məmmədli deyir ki, xəbər fonunda verilən musiqi elə seçilməlidir ki, insanları yönləndirməsin. “Qərbdə etik prinsiplərə görə insanları yönləndirmək olmaz. Əgər xəbərdə musiqi insanları yönləndirirsə, bundan istifadə edilməməlidir. Ancaq kommersiya telekanalları xəbər fonunda musiqidən istifadə edir”. Zeynal Məmmədli vurğulayır ki, fonda musiqi o zaman verilməlidir ki, insan faktoru ön plana keçsin, olayla bağlı fərqli bir məqam göstərilsin: “Adətən xəbər fonunda musiqi verilməsi sosial xəbərlərdə müşahidə edilir. Ümumiyyətlə, bununla bağlı bəlli etik öhdəliklər olmalıdır”.

Tanınmış telejurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, xəbər fonunda musiqinin verilməsi xəbər üslubundan asılıdır. “Bu Azərbaycanda ənənəvi olmayan bir formadır. Ona görə də bəziləri tərəfindən tənqidi qəbul edilir. Əslində əvvəllər xəbərlərdə bu cür elementlərdən istifadə edilib. Məsələn, mən “Səhər” verilişində çalışanda bu formadan çox istifadə etmişəm. İndi bu forma “Xəzər” televiziyasında də özünü parlaq göstərir”.

Qulu Məhərrəmli qeyd edir ki, xəbər fonunda musiqi verərkən fikir verilməlidir ki, musiqi xəbərə xələl gətirir, ya yox: “Yəni, musiqi bizə xəbəri duymağa mane olur, yoxsa onu yaxşı həzm etməyimizə yardımçı olur. Xəbərdə əyləncə xəbərdən üstündürsə, bu zaman düşünməyə dəyər. Xəbər bizi əyləndirir, yoxsa xəbər verir? Bunlar bir-birini tamamlamalıdır”.

Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir