Modern.az

Türk ssenarist: “Mübariz İbrahimovun qəhrəmanlığına heyran oldum” - MÜSAHİBƏ

Türk ssenarist: “Mübariz İbrahimovun qəhrəmanlığına heyran oldum” - MÜSAHİBƏ

Mədəni̇yyət

28 Mart 2013, 17:40


“TRT 1”də yayımlanan “Sakarya-Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsinə yer veilməsi bu gün Azərbaycanda yazılı və sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

Serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun kimliyindən, necə şəhid olmasından bəhs edilib və “Mübarizi unutmayın” çağırışı əksini tapıb. Eyni zamanda serialın sözügedən bölümünün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.

Bu xoş jestin müəllifi, “Sakarya-Fırat” serialının ssenari müəllifi Süleyman Çobanoğlu “TRT Azərbaycan” saytının suallarını cavablandırıb. Modern.az onun müsahibəsini təqdim edir.

- Necə oldu ki, serialda Mübariz İbrahimovdan bəhs etmək fikrinə gəldiniz?

- Mən Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxumuşdum. Türkiyə mətbuatında  yer alan xəbərləri haqqında oxuduqdan sonra bütün hekayəni araşdırdım və Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, “Sakarya-Fırat”ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca Mübarizin hekayəsini də işləmək qərarına gəldim.  Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır.

- Serialın rejissorunun, prodüsserinin reaksiyası necə oldu siz bu təklifi edincə?

- Biz Osman bəylə (serialın rejissoru Osman Sınav) başından bəri zaman-zaman Mübariz İbrahimovun hekayəsi ilə bağlı danışırdıq. Bu qərarı da ümumi razılıqla qəbul etdik. Hər kəs də məmnun oldu. Çünki həm hekayə serialın ruhuna çox uyğundur, həm də Mübariz İbrahimovun fövqəladə şəxsiyyəti, mübarizəsi bizim hamımızda heyranlıq doğurmuşdu. Reaksiyalardan TRT rəhbərliyinin də, Türk ictimaiyyətinin də bu jestdən məmnun olduğunu gördük.

- Mübariz İbrahimovun hekayəsində ən çox diqqətinizi çəkən nə idi?

- Onun özünü həsr etməsi, fədakarlığı. Hər hansı bir mənafe güdmədən, böyük bir fədakarlıqla mübarizə aparması, həqiqi qəhrəman olması. Bu cür qəhrəmanlıqlar, fədakarlıqlar unudulmamalıdır. Bu cür hekayələr yaşadılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Qəhrəmanları xalq yaşadır. Dünyanın hər yerində qəhrəmanlar bu cür hekayələrlə yaşadılır, yadda qalır. Biz də bu səbəbdən Mübariz İbrahimovun timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik.

- Azərbaycandan reaksiyalar gəldimi?

- Mən hər seriyadan sonra sosial mediada serialla bağlı nə yazıldığına, nə deyildiyinə baxıram. Bu gün də sosial mediaya göz gəzdirincə canlı bir atmosfer gördüm. Azərbaycanlı qardaşlarımız sağ olsunlar, ürəkdən dəstək və minnətdarlıq hisslərini bölüşürlər.

Biz “Sakarya-Fırat” serialında zaman-zaman Kərkük, Kıbrıs, Bosniya, Doğu Türküstan məsələlərinə diqqət çəkirik. Mübariz İbrahimovun hekayəsinə yer verməyimiz də cəmiyyətdə bizim yaxın coğrafiyamızda, qardaş ölkədə yaşananlarla və bu cür qəhrəmanlarla bağlı şüur yaranmasına xidmət etmək istəyimizdən irəli gəlir.





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!