Modern.az

Martdan sonrakı aprel

Martdan sonrakı aprel

Ədəbi̇yyat

1 Aprel 2013, 14:48

İlham Məmmədli

Mart hələ uşaq yaşlarımdan ən çox sevdiyim aylardan biri, elə birincisi olub. Çünki bu ayda ən sevimli və müqəddəs bayramımız olan Novruzu qarşılayardıq. Bayrama hələ bir neçə ay qalmış həyəcanla günləri sayar, məktəb yoldaşlarımızla axır çərşənbə axşamını necə keçirəcəyimizlə bağlı maraqlı planlar qurardıq. Mart girər-girməz daxilimizdə bir oyanış, qaynama başlardı. Həm də bu oyanış təkcə bizim uşaq dünyamızda deyil, bütün eldə-obada böyük əks-səda verər, hamı böyük həvəs və sevinclə Bayrama hazırlaşardı. O illərdə Sovet təqvimində bayramların çeşidi və sayı çox olsa da bayram deyəndə ilk növbədə Novruz yada düşərdi. Bayrama bir neçə gün qalmış evlərdə, həyətlərdə təmizlik işləri aparılar, qonşu qadınlar iki bir, üç bir yığışıb növbə ilə bayram əriştəsi kəsər, böyüklər bayram bazarlığı edər, biz uşaqlara da elə təzə paltarlar Novruzda alınardı.

İlaxır çərşənbəsi axşamı qalanan bayram tonqalları isə elin, obanın birliyindən, varlığından, var olmaq arzusundan o qədər möhtəşəm bir mənzərə yaradardı ki, insan ruhən, daxilən dəyişər, təzələnərdi. Ona görə də Novruz bayramı hər birimizin uşaq dünyasında əbədi silinməz bir xatirəyə dönərdi. Novruzun ilk üç günü isə yurdda, obada elliliklə bayramlaşma, qonaqlaşma törəninə çevrilərdi. Onda insanlar arasında bu günkü kimi he? bir ayrı-seçkilik, varlı-kasıb təbəqəsinə bölünmə kimi insanlığa utancverici bir yadlaşma da yox idi.

Elə düşmənlərimiz də Novruza nə qədər ruhən, milli varlığımızla bağlı olduğumuzu bildiklərindən bizə əbədi bir nisgil, ağrı yaşatmaq üçün xalqımıza qarşı soyqırım həyata keçirərkən mart ayını heç də təsadüfən seçməmişlər. Onlar şeytan xislətləri ilə düşünmüşlər ki, bir millət olaraq minilliklərin o üzündən gələn millətin bütövləşmə, bir olma bayramı olan bir ayı bizə faciə, ələm yaşadan göz dağına çevirsinlər. Bu xislətlə də xarici havadarlarından aldıqları canlı qüvvə, silah və təlimatla məhz mart ayında əsrin ən böyük faciələrindən birini – xalqımıza qarşı mart soyqırımını həyata keçirdilər. Sonralar sovet təbliğatının gücünə bu faciələrimizi bizə unutdursalar da, ancaq Novruzu unutdura bilmədilər. Novruzu əlimizdən ala bilməsələr də, onillərdir ki dincliyimizi, sevincimizi əlimizdən ala biliblər.

İndi düz iyrmi ildir ki, hər il Novruz bayramı yaxınlaşanda içimi uşaqlıq dünyamda olduğu kimi sevinc yox, acı bir kədər bürüyür. Çünki iyirmi il öncə-Novruzdan cəmi bir həftə sonra dünyamı yerlə bir edən dəhşətli hadisələrlə üz-üzə qaldım. Onda Novruz səmənilərinin rəngi solmamış, Novruz tonqallarının külü soyumamış yurddaşlarım kimi mən də həyatımın ən acı günlərini yaşadım. Erməni-rus bandaları beş ildən bəri Novruzu ağır mühasirə şəraitində qeyd edən ata yurdum Kəlbəcəri işğal edib, xalqıma növbəti faciələri yaşatdılar.

Düz iyirmi ildir ki, dünyaya göz açdığım müqəddəs məkandan-mənim doğma Kəlbəcərimdən Novruz perik düşüb. Düz iyirmi ildir ki, əsir yurd yerlərində Novruz səməniləri cücərmir, həyətlərdə Novruz tonqalları çatılmır, evlərdə Novruz süfrələri açılmır. Düz iyirmi ildir ki, mart əvvəlki kimi daha mənə xoş ovqat yaşatmır.

İndi hər il mənim sevdiyim mart da, ondan sonra gələn aprel də mənə və mənim kimi yüz minlərlə soydaşıma yalnız acı nisgil gətirir. Bu nisgil isə o zaman bitə bilər ki, mənfur ermənilərə törətdiklərinin əvəzini ödətdirib, onların murdar ayaqlarını torpaqlarımızdan birdəfəlik kəsək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub