Modern.az

Qorxu, yalan və kamera...

Qorxu, yalan və kamera...

Aktual

1 Aprel 2013, 16:30

Bu iki söz əvvvəldən bir-birini təqib edib. Daha doğrusu qorxu yalanı təmizə çıxarıb. Düz isə həmişə bunları bir-birindən ayırmağa çalışlb. Amma alınmayıb. Eləcə də arada qalıb. Ağız-burnunu əzişdiriblər. Qohum-əqrabasını - dəqiqi, dürüstü, təmizi - yox ediblər. Ona görə yox ki, düz pisdir. Eşitmisinizmi ki, “şirin düz”? Amma “şirin yalan” bütün düzlərdən irəlidir: “Doktor, uşağım yaşayacaq, eləmi?
– Əlbəttə ki...
Üç saatdan sonra xəstə ölür. Həkim: “Mən qorxurdum ki, özünüzə bir-xətər-zad toxundurasınız. Ona görə yalan dedim. Qorxumdan yalan dedim”.
- Prokuror, oğlumun taqsırı yoxdur, elədimi?
– Əlbəttə elədir.
İki saaatdan sonra uşağa ölüm hökmü oxunur. Ananın cıqqırı da çıxmır.
Prokuror: “Deməyə qorxurdum. Desəydim ki, belədir, hirslənib cıracaqdın üz-gözümü, üz-gözünü”
Düzdür, Siz insanlar yalanı xoşlayırasınız, amma şirin yalanı. Eşitmək istədiyiniz oğlnuzun sağalması xəbəri idi. Onu da eşitdiniz. Eşitmək istədiyiniz oğlunuzun suçsuz olmasıydı. Onu da eşitdiniz. Bütün bunları Sizə qorxudan dedilər. Siz də qəbul etdiniz. Bir şirin yuxu kimi. Ömrünüzün axırına qədər də bu yuxu Sizə bəs edəcək. Sizi təqib edəcək. Kim soruşsa deyəcəksiniz ki, “uşağım ölməyəcəkdi ki, həkim də söz vermişdi, “medsestra”nın səhvi ucbatından belə oldu”. Və ya “anastizioloq narkozu həddindən artıq verdi. Yoxsa həkim yüz faiz söz vermişdi bizə. Bir qəpik pul da almamışdı”.
Axı ala da bilməzdi ümidsiz xərçəng xəstəsindən.
Və ya “prokuror özü öz diliylə dedi ki, balamın taqsırı yoxdur. Bunu səhvən tutublar. Ekspertiza səhv edib. Hakim əzazildir. Özü də sonsuzdur. Onda ana qanı  hanı ki, məni başa düşə. Verdi balama güllələnmə. Amma prokuror insan adamdır. Açıq-aydın dedi ki, balanız suçsuzdur. Başqasının badına gedir. İşi görənlər aradan çıxıb. Özü də elə təmiz adam idi. Nə qədər təklif elədik almadı. Axı, niyə alsın. Günahı yoxdur axı, günahı olsaydı, alardı, azad edərdi də. Başı batsın sonsuz hakimin. Mənim bircə balamı aldı əlimdən.Sağ olsun prokuror, allah onu min budaq eləsin”.
Bir də var müqəddəs yalan. Görəsən belə bir sözü niyə doğruya yox, yalana yaraşdırıblar. Hətta şəninə əsərlər də yazıblar:
 
Müqəddəs yalana söz demirəm mən,
Yerində, güclüdür o, həqiqətdən... 
 
Qorxu və Yalan. Bu bizi anadan olduğumuz gündən təqib edir. 1 yaşlı uşaq evin ortasına işiyir. Soruşanda ki, kim edib: qorxusundan deyir ki, nənəm. Hamı nənəyə məəttəl-məəttəl baxır. Bilirlər ki, uşaq səhv deyir. Amma “şirin yalan”.
Müəllim uşağa ”2” yazır. Valideyn soruşanda ki, niyə oxumursan a bala? Deyir ki, “müəllim pul istəyir ona görə, yoxsa ki, mən fənni beş barmağım kimi bilirəm”. Savadsız uşağın tənbeh etmir. Hücum çəkir müəllimin üstünə.
Ər gecə saat 1-də evə gəlir. Arvad soruşur: 
- Harada idin? 
- İşdə. 
- Səndən bir də soruşuram harada idin? 
Ər yenə də : 
- İşdə…
Nə söyləsin. Axı həqiqətən də işdə olub. Çox yorulub. Acdır. Amma burnu iz axtaran “polis avçarkaları” kimi fıs-fıs fısıldayaraq duxi iyi axtaran, hər şey gözünə qadın saçı və ya pomada şəklində görsənən arvadına nə cavab versin ki, əl çəksin?! Axırda tapır:
- Bazlıqda!!!
Arvad qımışdı. Eşitmək istədiyini eşitmişdi. Axşam altıdan sonra onu rahat buraxmayan şübhələri, fantaziyaları öz təsdiqini tapmışdı. “Ədalət” zəfər çalmışdı. O “qalib” gəlmişdi.
- Gic-gic danışma. Əlini yu, yemək çəkirəm. Yəqin ki, acmısan.
Arvad gülürdü. Eşitmək istədiyini eşitmişdi. Yalan olsa da belə.
Hazırda işləmirəm. Köhnə dostlardan bəziləri dəvət edir ki, gəl bizə işlə. Əl-ələ verib işləyək. Soruşuram ki, nə işləyəcəyik. Deyirlər heç nə. Sadəcə oturub ürəkdolusu söhbət edəcəyik, fikir mübadiləsi aparacağıq, ürəkdolusu. Deyirəm ki, bəs bu boyda redaksiyada, televiziyada, radioda bir adam yoxdurmu ki, danışasınız. Deyirlər ki, “yox!”. Nə deyirsən tərsinə aparıb çatdırırlar müdirə, o da o biri müdirə, o da ki, o biri müdirə. Lap Mavrodinin “MMM” piramidasıdır. Son da da tökülüb dağılır. Soruşuram ki, axı bu yalandır, niyə çatdırırlar. Cavab alıram: “Neyləsinlər? Onların da işi budur. Qorxularından çatdırırlar. Yalan deməsələr bu işdə saxlamazlar axı?!”.
 
Balaca, bəstəboy,
Lap cantaraq çox,
Şirin, gülərüz çox,
Qaraqabaq çox,
Kifir, yaraşıqlı,
Qara çox, ağ çox,
Öküz çox, tülkü çox,
Uzunqulaq çox...
Həm ağıl dəryası,
Həm balqabaq çox...
Adam görməmişik? Vəhşiyik, nəyik?
Yaxşı adamların həsrətindəyik...
 
Gör mən nəyə görə qiymətə minmişəm? Nə qorxum var, nə yalanım? Daha doğrusu uşaqlarımın çörəyi nə yalandan çıxır, nə qorxudan. Bir də ki, belə adamlarda taqsır görmürəm. 
 
Deyirlərki, hələ bütpərəstlik dövründə 2 gənc şəhərdən kənara çıxır. Biri o birini pis yola çəkmək istəyir. O da deyir ki, olmaz Allahlar bizi qınayır. Cavabında o birisi deyir ki, nə Allah?! Allahlar qaldı şəhərdəki məbəddə. Bizi haradan görəcəklər? Beləcə günaha batırlar.
Səmavi dinlərə etiqad edəndə vəziyyət tam dəyişir. Artıq gözəgörünməz bir varlıq vardı. O hamını, hər yerdə görürdü. Cəzasını müxtəlif üsullarla verirdi. Verməyəndə də qalırdı jinkir-minkirin hüzuruna.
 
İndi isə nə Allah qorxusu qalıb, nə də yalan? Metroya minirsən – kamera. Avtobusa minirsən – kamera. Bloka girirsən – kamera. Dükana, banka girirsən – kamera. Küçəyə çıxırsan - kamera. Yola çıxırsan – kamera. Kimin haqqqında nə xəbərçilik edirsən – kamera. İmtahan verirsən – kamera. Cərrahiyyə əməlliyatı edirlər – kamera. Şagirdə şillə vurursan – kamera. Birinə daldan-qabaqdan “əl gəzdirirsən” – kamera. Sonda da polis... müstəntiq... hakim... kamera. 
Nə Allahdan qorxun qalıb, nə də yalan danışmağa ehtiyac. Hinkirlə-minkir də qalıb ac.
 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?