Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

12 Mart 2010, 14:48

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifov, Vesti.az portalının əməkdaşı Mətin Yaşaroğlu, Modern.az saytının redaktoru Əfqan Qafarlı və “525-ci qəzet”in fotomüxbiri İsgəndər Həsənov danışır.

Mətin Yaşaroğlu, Vesti.az portalının redaktoru 

“Baş redaktorlar özlərini yandıracaqlar” - “Zerkalo” qəzetində işlədiyim zamanlar idi. O zaman Redaktorlar Birliyi tez-tez ölkədə mətbuatın durumu ilə bağlı müzakirələr aparırdı. Bir gün qzəetimizin əməkdaşı Lalə Nuri mənə yaxınlaşıb sözügedən məsələ ilə bağlı Əflatun Amaşovun fikirlərin öyrənmək niyyətində olduğunu bildirdi. Sonra da onun telefon nomrəsini istədi. Həmin vaxt “Zerkalo”nun şərhçisi Azər Rəşidoğlu da otaqda idi. Mən Əflatun Amaşovun əvəzinə Azər Rəşidoğlunun nömrəsini Laləyə verdim. Azər işin nə yerdə olduğunu bildi və dillənmədi. Xanım müxbir baş redaktorun qəbul otağına getdi. (Bizdə mobil telefonla danışmaq üçün ora getməliydin). Oradan Azərə zəng elədi, müzakirələrin nəticələrini, mətbuatın vəziyyətini soruşdu. Azər də Amaşovun adından başladı, nə başladı: “Mətbuatımızın durumu çox pis gündədir, biz buna dözə bilmərik, özümüzü yandıracağıq. Artıq aclıq aksiyasına başlamışıq. Elə sizin baş redaktor Elçın Şıxlı da bizə qoşulub...”.

Azər elə danışırıdı... Birdən ağlıma gəldi ki, Lalə Elçın Şıxlının qəbul otağından bizim otağa zəng edir. Ola bilər Elçin müəllimin yanına keçib ondan da münasibət öyrənər. Tez qəbul otağına qaçdım ki, Lalənin Elçın müəllimdən münasibət öyrənməsinə imkan verməyim. Amma gecikmişdim...

Lalə Nuri Azərlə danışan kimi qaçmışdı baş redaktorun otağına, içəri girən kimi də soruşmuşdi ki, “Elçin müəllim siz də özünüzü yandıracaqsınız? Aclıq aksiyasına siz də qoşulmusunuz?”. Müxbirimiz bu sualları Elçin Şıxlıya ünvanlayanda o, xeyli çaş-baş qalməşdı, təəccüblənmişdi ki, “ay qız nə aclıq, kim özünü yandırır...?”. Sonra Elçin müəllim Lalədən hansı nəmrəyə zəng etdiyini soruşur. O da bizim “Əflatun Amaşovun” nömrəsini deyir. Baş redaktor müxbirdən zəng etdiyi nömrənin ona kim tərəfindən verildiyini öyrənəndən sonra “hər şey aydındır, get” demişdi. “Seçki günü Qəbələ RLS-in şüasını seçicilərə yönəldirlər...”

- Yenə “Zerkalo” qəzetində işlədiyim zamanlar idi. Adətən axşamüstülər gündəlik qəzetlərdə çox gərgin iş olur. Belə bir vaxtda mənə aşağıdan-mühafizədən zəng gəldi ki, “səni istefada olan bir mayor gözləyir, deyir tanışdır”. Nə qədər düşünsəm də, ağlıma gətirə bilmədim ki, belə bir tanışım var, ya yox. Amma 1-ci mərtəbəyə düşdüm. Qapının ağzında dayanan həmin hərbi geyimli şəxs məni görən kimi üstümə yüyürüb “tapmışam seçkilərdə hakim partiyanın nümayəndələri necə qələbə qazanır” dedi. Düşündüm ki, adam istefada olan mayordu, yəqin nəsə bilir, diqqətlə ona baxdım. O isə “seçki günü Qəbələ RLS-in şüasını Bakıya seçicilərə yönəldirlər, bunun təsirindən də hamı iqtidar nümayəndələrinə səs verir”-deyə qışqıra-qışqıra bildirdi. Düzü gülmək məni tutdu, ətrafa baxdım ki, hamı da gülür. Sən demə bu istefada olan zabit ruhi xəstə imiş, onu hamı tanıyırmış, mən tanımırmışam. Ona görə də ona diqqətlə qulaq asmağımı görən ətrafdakı həmkarlarım mənə gülürmüşlər. Əfqan Qafarlı, Modern.az saytının redaktoru Kəbin əhvalatı... - “Bu gün” qəzetinin bərkgedən vaxtlarıydı. Bir gün səhər planlaşdırmasında baş redaktor Nəsib İsmayılov məscidlərdən reportaj hazırlamaq təklifi irəli sürdü. Ssenari belə idi: qəzetin bir oğlan və bir qız əməkdaşı ikilikdə bir neçə məscidə gedib mollaya deməliydilər ki, onlar bir-birlərini sevirlər, amma valideynləri buna razı deyil, ona görə də qoşulub qaçıblar, böyüklərdən icazəsiz kəbin kəsdirmək istəyirlər. Bilirdik ki, valideynlərin icazəsi olmadan kəbin kəsmirlər. Mövzu ortaya atılanda hamı dönüb mənə baxdı, başa düşdüm ki, oğlan mən olmalıyam. Ona görə dedim: - Həə, yaxşı tutaq ki, oğlan mən olacam, inanmıram ki, qızlardan kimsə buna razı olsun. Birdən molla doğrudan da kəbinimizi kəsər. Belə dedim ki, qızlardan kimsə razı olmasın, reportaja getməyək. Birdən xanım həmkarımız Mənsurə Səttarova (o, indi Kiprdə yaşayır-Ə.Q.) dilləndi ki, “mən Əfqanla gedərəm”. Beləcə bizi bir-birimizə qoşub reportaja göndərdilər. Əvvəlcə Təzəpir məscidinə getdik. Burada mollalar bizi qovaladılar ki, “çıxın gedin, bir də gəlməyin, valideynlərin icazəsi olmadan kəbin kəsmək günahdır”. İkinci ünvanımız “Göy məscid” oldu. Qapının ağzında dayanan mollalara “əhvalatımızı” danışanda bizi məscidin axundunun yanına apardılar. Axundla üzbəüz əyləşdik. Bizi dinləyəndən sonra gözləmədiyim halda üzünü mənə tutub acıqlı səslə soruşdu: - Düzünü de görüm, bu qızla aranızda bir şey olub, ya yox? İkimiz də qıpqırmızı qızardıq. Axund yenə soruşdu: - Ay bala səndən söz soruşuram ee, bax haa, düzünü de... Bunu hökmən bilməliyəm. Mən dedim: - Hacı Vallah aramızda heç nə olmayıb, heç mənim əlim onun əlinə belə dəyməyib. Belə deyəndə axund hirsləndi, gördüm mənə inanmaq istəmir. Ona görə də xanım həmkarımıza da eyni sualı ünvanladı. O da and-aman elədi ki, “Vallah aramızda heç nə olmayıb”. Axır ki, axund bizdən əl çəkdi: - Şəriətə görə, sizin kəbininizi kəsmək günahdır, hökmən valideynlərin razılığı olmalıdır. Əgər “iş-işdən” keçmiş olsaydı, onda yenə kəbini kəsərdim. Durun çıxın gedin. Bizə də elə bu lazım idi. Özümüzü məsciddən bayıra atdıq... Reportaj maraqlı alınmışdı. Fikirləşdik ki, metronun “Nizami”  stansiyasının yanındakı “Hacı Sultanəli” məscidinə də baş çəkək, sonra redaksiyaya qayıdaq. “Hacı Sultanəli” məscidində bizi ortayaşlı qırmızısifət bir axundun yanına apardılar. Ona da dedik ki, evdəkilərin razılığı olmadan kəbin kəsdirmək istəyirik. Axund heç bizi sorğu-sual eləməmiş köməkçisi olan mollaya işarə elədi ki, “hazırlıq gör, cavanların kəbinini kəsəcəyik”. Bu da gözlənilməz bir məqam oldu. Yenə çaş-baş qaldıq. Mən tez dilləndim: - Hacı bir tələsmə görək eee. Yəni böyüklərin icazəsi olmadan kəbin kəsdirmək günah deyil...? - Əşi rəhmətliyin nəvəsi, indi valideynlər razı deyil deyə, siz iki cavan bir-birinizə qovuşmamalısınız. Günah olsa da, bu işi yoluna qoymalıyıq. Gördük vəziyyət qəlizləşir, tez ayaqa qalxdıq, dedik ki, “Hacı icazə ver gedək valideynlərimizə sonuncu dəfə yalvaraq, bəlkə razılaşdılar, sonra gələrik”. Axund isə israr etdi ki, “yoox, tay gəlmisiniz, hara gedirsiniz...?”. Getmək istəyəndə qapının ağzını kəsən digər mollalar bizi çölə çıxmağa qoymaq istəmirdilər. Birtəhər onları itələyib məsciddən bayıra qaçdıq, mollalar da bizim arxamızca... Redaksiyaya qayıdıb reportajı yazanda "Göy məscid"dəki sorğu-sualı bir az fərqli verdik. Baş tutmayan müsahibə - Modern.az saytı yenicə fəaliyyətə başlamışdı. İş üçün redaksiyamıza çoxlu müraciət edən gənclər vardı. Çoxu da tələbə idi. Gəlirdilər, hərəsinə bir mövzu verirdik ki, yazın gətirin baxaq, amma elə o gedən gedirdilər. Bir dəfə redaksiyamıza işləmək üçün israr edən, energili bir gənc gəldi. Bir müddət bizimlə işlədi də, yazmağa həvəsi vardı. amma nəsə onda alınmırdı. Hər dəfə bir problem çıxırdı, mövzular yarımçıq qalırdı. Bir dəfə özü təklif etdi ki, qarşıdan kinorejissor Rasim Ocaqovun ad günü gəlir, onun haqqında yazı hazırlamaq istəyir. Biz də dediki ki, lap yaxşı, hazırlasın. Dedi “siz istiqamət verin”. Baş redaktor Elşad Eyvazlı təklif etdi ki, “Rasim Ocaqovun qızı Cəmilə xanım əvəllər bizimlə bir yerdə çalışıb, onun nömrəsini tapıb verərəm, görüşüb atası barədə xatirələrini danışdırarsan”. Bizim əməkdaş əvvəlcə razılaşdı. Bir qədər sonra mənə müraciət etdi ki, o, Cəmilə xanımla görüşmək istəmir. Səbəbini soruşanda aramızda belə bir dialoq oldu: - Niyə axı qızı ilə görüşməliyəm ee, ola bilməz elə gedim Rasim Ocaqovun üzü ilə söhbətləşim, müsahibə götürüm...? - Yox olmaz. Sən onun yanına gedə bilməzsən. - Niyə getmirəm, Siz məni haradır göndərin, görün gedirəm ya yox. - Rasim Ocaqov 2006-cı ildə rəhmətə gedib ee... Sonuncu sözləri eşidəndə bizim əməkdaş duruxdu, sonra da yavaşca “həəə... düz deyirsiniz, mən ora gedə bilmərəm...” dedi. İsgəndər Həsənov, “525-ci qəzet”in fotomüxbiri “..gedin işinizin dalınca, siz kimsiniz, şəklinizi çəkim”

 

- 2009-cu ildə “Qarabağ” Futbol Klubunun rəhbərliyinin müraciəti ilə onlarla əməkdaşlıq edirdim. Klubun oyunlarından maraqlı fotolar lentə alırdım, həmin şəkillər “Qarabağ” rəhbərliyinin xoşuna gəlirdi, öz jurnallarında dərc elətdirirdilər. Hər oyuna görə, mənə qanorar verirdilər. Beləcə “Qarabağ” ayda 4 oyun keçiriridi, mən pul qazanırdım, klub da maraqlı fotolar. Bir dəfə klub məni yenə “Qarabağ” – “Olimpik” oyununa dəvət etdi. Oyun qurtardı, “Qarabağ” qalib gəlmişdi, mən də yenə yaxşı şəkillər çəkmişdim. Oyun başa çatandan sonra stadionun yaşıl örtüyünə çıxan iki nəfər məni yanına çağırıb dedi ki, “bizim şəklimizi çək” Hiss olunurdu ki, “Qarabağ”ın qələbə qazanmasına yaman sevinirlər. Amma mən də tələsirdim, təcili gedəsi yerim vardı. Ona görə də məni çağıranlara əlimi yelləyərək dedim ki, “əə, gedin işinizin dalınca, siz kimsiniz şəklinizi çəkim...”. Səhəri gün məni “Qarabağ” klubunun ofisinə çağırıb dedilər ki, “işdən azadsan. Bir də əməkdaşlığımız olmayacaq”. Səbəbini öyrənəndə, barmağımı dişlədim. Sən demə “Qarabağ” – “Olimpik” oyunundan sonra məni çağırıb şəkil çəkdirmək istəyən o iki nəfər “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və icraçı direktor Əmrah Çəlikəl imiş. “Bahalı yerin pulsuz bileti”

  - “525-ci qəzet”in fotomüxbiri kimi müxtəlif tədbirlərdə olurdum. Heydər Əliyev Sarayına o qədər tədbirə getmişdim ki, oranın mühafizəçiləri də məni tanıyırdılar. Amma hər dəfə də mənimlə onların arasında mübahisə baş verirdi. Onlar tələb edirdilər ki, tədbir başlayandan sonra zalda hərəkət eləməyim. Mən isə bir yerdə oturub şəkil çəkə bilməzdim, ona görə də tədbir zamanı sarayın zalında gah o yana, gah da bu yana hərəkət eləməklə şəkillər çəkirdim. Bu da mühafizəçilərin xoşuna gəlmirdi. Əlimdən bezmişdilər. Bir dəfə Heydər Əliyev Sarayında “Best Model” müsabiqəsinin finalı keçirilirdi. O zaman müsabiqəyə tanınmış müğənni Aygün Kazımova rəhbərlik edirdi. Türkiyədən də tanınmış qonaqlar gəlmişdi, Nahid Kabakçı, Oqtay Kaynarca (“Çakır”) və başqaları... Yaxşı konsert də olacaqdı. tamaşaçılar da yaman çox gəlmişdilər. Tədbir başlayan ərəfədə təzəcə işə başlamaq istəyirdim ki, mühafizəçilər əl-qolumu tutdular ki, “sakitcə bir yerdə dayanmalısan”. Onlara etiraz edəndə, məcbur olub mənə lap qabaq sıradakı bir yerin biletini verdilər ki, “otur 2-ci sırada ayağa durmadan nə qədər istəyirsən çək”. Mühafizəçilərə dedim ki, “bibim oğlu bayırda qalıb, gərək ona da bilet verəsiniz”. Məcbur olub iki bilet gətirdilər. Hər biletin qiyməti 120 manat idi. Beləcə, pulsuz bilet alıb 2-ci cərgədə oturduq. Bizdən qabaqda “Best Model”in rəhbərləri Nahid Kabakçı, Aygün Kazımova oturmuşdu. 

Sucəddin Şərifov, “Azadlıq” qəzetinin redaktoru ”İş nömrəni de..” - Bir dəfə Qənimət Zahidlə Lənkarana hüzr yerinə gedirdik. Yolda Qənimət bəyin mobil telefonuna zəng gəldi. “Yeni Zaman”ın baş redaktoru Şakir Habiloğlu Qənimət bəyin iş nömrəsini soruşdu, o da nömrəni dedi. Üstündən təxminən 10 dəqiqə keçəndən sonra Şakir Habiloğlu yenidən zəng vurdu və dedi ki, niyə şəhər telefonunu götürmür. Qənimət bəy Lənkaranda olduğunu dedi. Şakir Habiloğlu dedi ki, “bəs bayaqdan bunu mənə niyə demirsən?”.

Qənimət Zahid də “sən məndən şəhər nömrəsini istədin, mən də verdim. Demədin ki, haradasan?” dedi...

 

“Suyu içmisiniz, pulunu verin” - “Azadlıq” özünə yeni nömrə almışdı. Nömrəni işlətdiyimiz ilk gün idi ki, zəng gəldi, ünvanımız soruşuldu, Qənimət Zahid ünvanı dedi. Təxminən yarım saat keçəndən sonra baxdıq ki, iki 20 litrlik qabda su gətirdilər və qoyub getdilər. Bir neçə gün redaksiya həmin sudan istifadə etdi. Günlərin birində həmin adamlar gəldilər ki, “suyu içmisiniz, indi də pulunu verin”. Qənimət Zahid bildirdi ki, “biz su istəməmişik, özünüz gətirmisiniz. Pul da verən deyilik”. Həmin adamlar ora-bura zıng vurdular, axırda məlum oldu ki, bizə verilən nömrə “Debütbank”ın keçmiş nömrəsi olub. Adamlar bizdən soruşdular ki, “bura bank deyil?”. Qənimət bəy dedi “ay zalımı çıxmışlar, bura heç banka oxşayır?”. Səhv etdiklərini biləndən sonra onlar çıxıb getdilər.

Çobanın ərizəsi - Bir dəfə redaksiyamıza Bərdədən bir şikayətçi gəlmişdi. Adı nadir adlardan idi-Çoban. Ona görə də yadımda qalıb. Şıkayətçi məktubunu bizə göstərdi. İki vərəq o üz-bu üz yazılmış şikayət ərizəsində heç bir durğu işarəsi, ara məsafəsi yox idi. Bütün hərflər, cümlələr biri-birinə bitişik yazılmışdı. Nəinki sözü, hətta bir cümləni də ayırd etmək mümkün deyildi. Açığı bu, mənə çox qəribə gəldi. Məktuba baxdım, sözlər, cümlələr düz idi, amma hamısı bitişik yazılmışdı. Bunun niyə belə yazıldığını şikayətçidən soruşanda cavab verdi ki, “istəmirəm ki, yazım təhrif olunsun, sözlərimin arasına söz əlavə edəsiniz, ona görə də hamısını bitişik yazdım”.  Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!