Modern.az

20 ildir Kəlbəcərə getmirəm....

20 ildir Kəlbəcərə getmirəm....

2 Aprel 2013, 14:47

Vaqif Səlimov

Kabardin-Balkariya daglarında....

Baxıram, baxıram, doya bilmirəm,

Bir bahar yanğısı qalıbdı məndə.

Buranın baharın duya bilmirəm,

Çiçəklər yandırır əlim dəyəndə.

 

İçirəm, içirəm, soyutmur məni,

Sən demə bu bulaq “Ağbulaq” deyil,

Niyə birdəfəlik uyutmur məni,

Ayılıb görürəm “Dəlidağ” deyil.

 

Nə Laçın dağıdı, nə də Murovdu,

Lap azca bənzətdim “Qaradağlı”ya,

Düşündüm gözümdə yaş yaşı qovdu,

Ana da qoyarmı körpə ağlıya?

 

Bu ögey baxışla baxmayın mənə,

Siz elə bilməyin qalasıyam mən,

Gedəcəm, bir azca baxıb çəmənə,

Bir özgə dağların balasıyam mən.

 

Kabardin-Balkariya, may 2012.


***

Yaşaya bilmədiyim illər...

 

Mən ki yana-yana külə dönmüşəm,

Bəs niyə olmuşam küldən gileyli?

Siz fikir verməyin nə desem deyim,

Bəxtdən yaralıyam, dildən gileyli.

 

Görünür boş yerə yolu kəsmişəm,

Ya çox gecikmişəm,ya tələsmişəm,

Məndən üz çevirib, elə əsmişəm,

Çiçəkdən gileyli, güldən gileyli.

 

Bir vaxt da kamana meylimi saldım,

Sızladı hər dəfə əlimə aldım,

Dindirə bilmədim, nə qədər çaldım,

Kamandan gileyli, teldən gileyli.

 

Günün hökmunə bax, ilin gücünə,

Bir təhər dayandım elin gücünə,

İnanan deyildim selin gücünə,

Aparib, olmuşam seldən gileyli.

 

Ay Vaqif,  bilmirdin gedəcək bahar?

Küsürsən yağdıqca saçlarına qar,

Yaşaya bilmədin, kimdi günahkar?

Zamandan gileyli, ilden gileyli.

 

***

20 ildir Kəlbəcərə getmirəm....

 

Bir quru adları qalıb dilimdə,

Ürəkdən bir bayram hissi axmayır.

Novruz bayramı da, təzə ilim də,

Neçə illər keçir gəlib cixmayır.

 

Təqvimə baxıram, günün birində,

Silinib, yox olub, ad günüm itib,

Onacan yoxuydu, onun yerində,

Bir qara örtüklü gün gəlib bitib.

 

O gün dəyişibdi fəsilləri də,

Sevinc gətirərdi bahar gələndə,

Ömürdən saymıram o illəri də,

O vaxtdan bir özgə yaşayır məndə.

 

Sevinc də, fərəh də yad olub mənə,

Min əzab çəkirəm özüm gələndə,

Gəzdiyim torpaq da od olub mənə

Ürəyim göynəyir üzum güləndə.

 

Məndən soruşanda haram ağrıyır,

Bilmirəm nə deyim, nə cavab verim,

Mən necə deyim ki, “yaram” ağrıyır,

Qalıb yağılara müqəddəs yerim.

 

Unutmaq istəsəm daş olam gərək,

Əsir dodaqlarım Vətən deyəndə,

Yaralı quş kimi çırpınır ürək,

Uzaqdan gözümə bir dağ dəyəndə.

 

Dağları övladdan şirin bilmişəm,

Sirrimi nə oğlum, nə qızım bildi,

Ata sevgisini yarı bölmüşəm,

Həsrət böyüdürəm iyirmi ildi!

 

Minvod, 21.03.2013.

 

***

Bəlkə mən dözümsüzəm?.....

 

Unuda bilmirəm ay unudanlar,

Deyin, Kəlbəcəri unudum necə.

Gündüzlər birtəhər keçinirəm mən,

Gecələr yuxumdan cıxmır hər gecə.

 

Həsrəti çox çəkib, çox görmüşəm mən,

Bu heç birisinə bənzəyən deyil,

Təpədən dırnağa bürünmüşəm mən,

Başdan açilası duman, çın deyil.

 

Qardaşım küsəcək soyuğam deyə,

Gözü yolda qalmaq bilmirdim nədir,

Ay ata, sən məni böyütdün nəyə,

Bilmirəm məzarın heç nə gündədir.

 

Sevinc də, fərəh də yad olub mənə,

Çoxdan ürəyimə buz bağlamışam,

Saxta güluşlərim od olub mənə,

Elə bil yarama duz bağlamışam.

 

Bir daş da deyiləm, dözəm bu dərdə,

Cağırın üstümə çölü,çəməni,

Bu uzaq diyarda, bir ucqar yerdə,

Yönu Kəlbəcərə basdırın məni.

 

Minvod, 2010.


***

 

Etiraf

 

İkimiz də yanırıq,

Bir ocağın közündə.

Mən dünyaya tez gəldim,

Gecikdin sən özün de.

 

Aramızda nə var ki,

Nə dağ yoxdu, nə dərə,

Bir ürək ağrısıdır,

Gördüyümüz mənzərə.

 

Səni necə sevirem,

Deyə bilmirəm dildə,

Araya illər düşüb,

Hərəmiz bir sahildə.

 

Nə qədər o tay, bu tay,

Bir-birə baxıb gedək?

...mən səhər gəlməyəcəm,

Axşamdır çıxıb gedək!...

 

Minvod, 2010 il.

 

***

Kəlbəcər həsrəti

 

Mənim qibləgahım Məkkə deyil ki,

Sənə üz tuturam sitayiş etsəm.

Könlümün beşiyi, eşqimin ilki,

Kəlbəcər gəzirəm hayana getsəm.

 

Hardasa bir gözəl guşə görəndə,

Xəyal qanadında itirir məni,

Bir dəli qısqanclıq oyanır məndə,

Sənin ayağına gətirir məni.

 

Bagışla, gedəndə uşaq olmuşam,

Mən necə qayıdım gəlim yanına?

Anamın südünə borclu qalmışam,

Sənin damarımda axan qanına.

 

O qanı mən sənə qaytaram gərək,

Qoymaram ürəkdə yanası olsun,

Ya su əvəzinə i?ər bir ?i?ək,

Ya da bir daşının xınası olsun.

 

Minvod, 17.03.2013 il.

 

***

Gedəcəm!......

 

Yurd-yuvasız bir qonağam, bir qonaq,

Qismətimə söyə-söyə gedəcəm.

Gərək gələm nə dağ qoyam, nə bulaq,

Hamısına dəyə-dəyə gedəcəm,

Kəlbəcəri deyə-deyə gedəcəm.

 

Gözü yolda bir xoş xəbər gələsi,

Gözləməkdən saralıbdı giləsi,

Nə ağırdı bu həsrətin şələsi,

Ağzım yerə dəyə-dəyə gedəcəm,

Kəlbəcəri deyə-deyə gedəcəm.

 

Xoşbəxt imiş o dağlarda ölənim,

Ağ almayın, dumanına bölənim,

Bir yan ovuc torpaq ücün dilənim,

Qapıları döyə-döyə gedəcəm,

Kəlbəcəri deyə-deyə gedəcəm.

 

Vurğunudum baharına, qışına,

Həsrət qaldım torpağına, daşına,

Qayıtmadım bir dolanam başına,

Ürəyimi yeyə-yeyə gedəcəm,

Kəlbəcəri deyə-deyə gedəcəm.

 

Minvod, mart 2013 .

 

***
Bacımoğlu Ceyhuna

Hardasan, xəyalımzirvəaxtarır,

Yenə bir yuvasız quşa dönübdu.

Sənə deyiləsi çox sözüm qalır,

Sinəmdən asılan daşa dönübdü.

 

Taleyim özumə yağıdır-yağı,

Gəzirdim, budurmu günümün ağı?

Yenə qonağımdır “Şırşır” bulağı,

Gözümdən süzülən yaşa dönübdür.

 

Vaqif yaranmışdı coşa-çağlıya,

Kövrəlib, az qalır indi ağlıya,

Ordabahargəlir “Qaradaglı”ya,

Burda baharım da qışa dönübdür.

 

Minvod, 21.03.2013.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı