Modern.az

Qırx yaşın mübarək, qədim dost!

Qırx yaşın mübarək, qədim dost!

Ədəbi̇yyat

3 Aprel 2013, 10:00


“Hər şeyin təzəsi, dostun köhnəsi”- deyib müdriklər. Köhnə dost “yıllanmış şərab” kimidir, illər ötdükcə dəyəri artar.

...Onu doxsanıncı illərin əvvəllərindən tanıyıram. – Gənclik illərimdən. Ədəbiyyata təzə qədəm qoyduğum, həyata müstəqil atılmağa başladığım o vaxtlardan. O vaxtlardan ki, insanın  həyata baxışı hələ tam formalaşmır. Ömrün necə deyərlər “nizamnaməsi”ni hələ özünçün tam müəyyənləşdirə bilmirsən. İnsanlara illərin təcrübəsi ilə yox, sadəlöhv bir inamla baxırsan. Xoş o günə ki, bir ömür boyu dostun olcaq insanları seçməkdə intiusiyan səni yanıltmasın.

Bax, o da elələrindəndir – illərin sınağından sağ çıxmış barmaqla sayılacaq  adamlardan.

Əkbər Qoşalıdan danışıram, bu gün qırx yaşı tamam olan köhnə dostumdan. Hərdən onunla fikrimiz üst-üstə düşmür, hərdən başqa mövqelərdə dayanırıq, hərdən aylarla görüşməyə imkan tapa bilmirik. Amma bunların heç biri artıq daşlaşmış o doğmalığı, ərki zədələmək gücündə deyil.  Arada ortaq xatirələrin, qarşılıqlı etibarın, duz-çörəyin haqq-sayı var çünki.

Bu yaxınlarda onunla Türkiyədə keçirilən bir uluslarası tədbirdəydik. Türkiyənin himni çalınırdı, sayğı duruşundaydıq və mən çox qəribə izaholunmaz duyğuların burulğanındaydım. O an duyğu seli məni nədənsə uzaq doxsanıncı illərə apardı. Rəhmətlik Hamlet Kazımoglunu xatırladım, üçlükdə yaratdığımız “Qar çiçəyi” ədəbi birliyini, üçlükdə etdiyimiz söhbətləri. Mənə bir anlıq elə gəldi ki, biz yenə də üçümüz bir yerdəyik və Hamlet də bizim yanimizda – heç vaxt olmadığı və olmayacağı bu şəhərdədi...

Sayğı duruşu bitib yerimizə oturan kimi Əkbər Hamleti xatırlamağa başladı. Qəribəydi, biz bəlkə də eyni anlarda eyni şeyləri düşünmüşdük. Bax o zaman anladım ki, bizim ortaq itkimiz təkcə eyni dövrə təsadüf edən gəncliyimiz deyil, həm də hələ də 31 yaşlı gənc şair olaraq qalmış Hamlet Kazimogludu. Və bizim onun xatirəsinə  xəyanət etməyə haqqımız yoxdur.

Onu da anladım ki, həyat təkcə itkilərdən ibarət deyil. Təkcə “ölümün və məsafələrin  ayırdığı dostlar”la məhdudlaşmır həyat... Həm də yanında olduğunu hiss elədiyin, illərin doğmalaşdırdığı adamlardan ibarətdir o. Və  yaş keçdikcə bu adamların sənin qazancın olduğunu hiss edirsən.

Bax belə, Əkbər. Sıralarımıza xoş gəldin. Qırx yaşa ömrün ikinci baharı deyirlər, unutma. Həyatı anlamağın, qədrini bilməyin, onu daha həqiqi şəkildə sevməyin başlanğıcı. Məncə, sən hələ də gəncliyində yazdığın o şeirdə dediyin kimi “bir cavan bulud yaşdasan”:

Yeri qanlı-qanlı döydü yağışlar,
keçib damarımda axdılar mənim.
dəli arzularım döndü yağışa,
qayıdıb üstümə yağdılar mənim.

şimşək var –buludlar davaya düşdü.
damcılar oynadı havaya düşdüm.
mən eşqin əlinə havayı düşdüm,
onunçün yandırıb-yaxdılar məni.

mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam.
bir göz var istədim baxıb yaşayam,
qoydular üz-üzə baxtınan - məni...

Bəlkə çoxları Əkbər Qoşalının doğum günü yazısını başqa cür yazardı, bu qədər kədərli şəkildə yox... – Başqa yönlərdən yanaşaraq. Lap az adam tapılar ki, bu gün bu səmimi insan haqqında xoş söz demək istəməsin, onu ürəkdən sevməsin. Amma o mənim ilk növbədə dostumdu. Odur ki, bu yazı sadəcə bir dost təbrikidir.

“Qırxdan sonra” sənə həyat adlı çətin məsələnin ən asan həllini arzulayıram. Qırx yaşın mübarək, qədim dost!

Səhər Əhməd
BAKI,
03.04.2013

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar