Modern.az

Pərvin: “Əgər Rəşad Məcid mənə dəstək olsa...”

Pərvin: “Əgər Rəşad Məcid mənə dəstək olsa...”

3 Aprel 2013, 11:24


Modern.az-da MKM-in “qısa siyasıhı”sına düşmüş yazarların təqdimatı davam etdirilir. Növbə “Balerina” əsərinin müəllifi Pərvin Nurəliyevanındır.

  – Sizcə, MKM-in ilk üçlüyünə düşmək şanslarınız nə qədərdir?

  – Ədəbi zövqünə arxalandığım adamların “Balerina” povestim haqqında rəylərini eşidəndə, yaxud haqqımda yazılarını oxuyanda üçlüyə düşəcəyimə ümidlərim artır. Məncə, şansım var.  

– Hansı yazarları qalib adına daha real namizəd hesab edirsiniz?  

– Müsabiqədə “10-luğ”a düşmüş bəzi müəllifləri tanıyıram. Amma heç bir yazı ilə tanışlığım olmadığı üçün real namizədin kim olmasını deyə bilmərəm.

– Müsabiqə haqqında ümumi təəssüratlarınız necədir?  

– Milli Kitab Mükafatı ölkəmizdə keçirilən nüfuzlu müsabiqələrdən biridir. Bu müsabiqə ilə ədəbi mühitdə canlanma yarandı. Kitab və ədəbiyyat ətrafında müzakirələrin, polemikaların olması, əlbəttə, bir ədəbiyyat adamı kimi məni çox qane edir.    

– Qaydalarda nəyi dəyişmək istərdiniz?  

– Onları dəyişmək istəməzdim. Məncə, zamanla, yəni ilk illərlə müqayisədə MKM qaydaları daha da təkmilləşir. Elə bu il edilən dəyişikliklər, yeniliklər maraqlıdır.    

– Ekspertlərin tərtib etdiyi siyahı sizi qane edir?    

– Əlbəttə. Ən azı ona görə ki öz əsərim həmin siyahıya daxil edilib. Həm də müsabiqənin ekspertləri ədəbi mühitdə zövqü, istedadı ilə tanınan adamlardır. Povestim onluğa düşməsəydi də, onların işinə qarışmağım, etiraz etməyim mümkün deyildi.  

– Əvvəlki MKM-lərdə “qısa siyahı”da olmuş Əlabbas Bağırov, Aslan Quliyev kimi təcrübəli yazıçıların əsəri bu il “onluğ”a düşməyib. Onlarla müqayisədə AYB-nin “Gənc Ədiblər Məktəbi”nin yenicə məzunu olan və ədəbiyyatda ilk addımlarını atan gənc yazar, yəni siz, Pərvin Nurəliyeva “Qısa siyahı”da varsınız. Sizcə, bu, ən azı təəccüblü deyil?

– Əsərim haqqında ekspertlərin müsbət fikirlərini eşitməyim məni xeyli ruhlandırdı. Hörmətli Mahir Qarayevin mətbuata müsahibəsində də “Balerina”nı xüsusi qeyd etməsi də xoş oldu. Məncə, bu sual mənə yox ekspertlərə ünvanlansa, daha düzgün olar.

– Bəzi yazarlar iddia edir ki, NKM “onluğu”na düşməniz üçün kitabınıza ön söz yazmış Rəşad Məcid ekspertlərə xahiş-minnət edib...  

– Əvvəla, mən müsabiqəyə bütöv kitabımı deyil, yalnız bir əsərimi təqdim etmişəm. Rəşad Məcid ekspert deyil. O, müsabiqənin münsiflərindən biridir. Əgər münsif kimi əsərimə layiqli qiyməti yazıb dəstək olsa, sevinərəm.    

– Münsiflərdən Yaşar bəy bildirmişdi ki, əsl faciə onluğun tərtib olunmasından sonra yaşanacaq? Bu fikirlə nə dərəcədə razısınız?

– “Onluğ”un elan olunmasından artıq bir neçə gün keçib... Şükür ki, heç bir faciə baş verməyib. Yaşar Əliyev əsərləri “20-liy”ə daxil olmayan müəlliflərin etirazına görə demişdi bunu. Bu, hardasa təbiidir. Mühitin yazılmamış qanunudur. Kimsə narazı qalacaq, kimsə etiraz edəcək. Hələ ki, sakitlikdir. Ümid edirəm ki, yaxşı olar!  

– Sizcə, qarşısında “milli” sözü olan müsabiqədə rusdilli əsərlərin iştirakı normaldırmı?  

– Bu uzun illərdir ki, müzakirə olunan mövzudur. Yəni xarici dildə milli ədəbiyyat yarana bilərmi, ya yox?! Yaxud rusca yazılan əsərlər Azərbaycan ədəbiyyatıdırmı? Doğrusu, bu barədə birmənalı fikrim yoxdur. Əsərin səviyyəsindən və Azərbaycan ruhunu nə dərəcədə əks etdirməsindən asılıdır. Əgər əsər bütün ruhu və mövzusu ilə bizimdirsə, niyə də olmasın?!  

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub