Modern.az

İlham Əliyev: "Yerli icra orqanları sahibkarların işinə qarışmamalıdırlar"

İlham Əliyev: "Yerli icra orqanları sahibkarların işinə qarışmamalıdırlar"

Ölkə

13 Mart 2010, 12:02

Bakı Biznes Mərkəzindəki toplantıda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2009-cu ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında həllini gözləyən, yaxud da ki, qarşıya yeni çıxan məsələlərin hamısını nəzərdə tutmaq mümkün deyil: “Haradasa əlavələr, düzəlişlər, əlavə maliyyə mənbələrinin təşkil edilməsi məsələləri də öz həllini tapmalıdır”.
Prezident vurğulayıb ki, 2010-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. “Bunu etmək üçün bir daha deyirəm ki, bütün imkanlar vardır. Dövlət Proqramının icrası, eyni zamanda, Azərbaycan dövlət büdcəsinin xərclərində də öz əksini tapır. Dövlət büdcəsi təbii ki, qəbul ediləndə proqramda nəzərdə tutulmuş məsələlərin həlli üçün maliyyə mənbələrinin təşkil edilməsi də nəzərdə tutulmuşdur, yəni maliyyə problemləri olmayacaqdır. Azərbaycan büdcəsi, bu ilə nəzərdə tutulmuş xərclər, deyə bilərəm ki, çox konservativ şəkildə təmin edilmişdir. Bizim hələ böyük ehtiyatımız vardır. Ona görə də nəzərdə tutulmuş problemlərin həlli üçün maliyyə mənbələri vardır və maliyyə vaxtında açılacaqdır”.
İlham Əliyev deyib ki, çalışıb daxili istehsalı gücləndirmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.

“2010-cu ildə həm ölkəmizin, həm sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələri davam etdiriləcəkdir. Bu infrastruktur layihələri icra olunmasaydı, sahibkarlığın inkişafı haqqında, ümumiyyətlə, söhbət gedə bilməzdi. İlk növbədə, biz özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin etdik və bu gün artıq böyük ixrac imkanlarına malikik. Qazlaşdırma prosesi sürətlə gedir, yollar çəkilir. Əgər müasir, gözəl yollar olmasa, bölgələrin inkişafı mümkün deyildir. Nə kənd təsərrüfatının, nə turizmin inkişafı mümkün deyildir. Ona görə dövlət xərcləri hesabına və xaricdən alınan kreditlər hesabına bu istiqamətlərdə bütün işlər görüləcəkdir. Hər halda hesab edirəm ki, 2010-cu il üçün nəzərdə tutulmuş bütün işlər görülməlidir. Ola bilər ki, biz nəzərdə tutulmamış bəzi istiqamətlərdə əlavə maliyyə vəsaitinin ayrılması ilə artıq işlər də görə bilək.
Bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub. Qazlaşdırma prosesi də uğurla gedir. Artıq qazlaşdırma 85 faiz təşkil edilib və xüsusilə indi rayon mərkəzlərindən kənarda yerləşən məntəqələrin qazlaşdırılması gedir və bu işlər ən müasir standartlarla görülür. İnfrastruktur layihələrinin içərisində ən vacib, həllini gözləyən içməli su, kanalizasiya və suvarma məsələləridir. Biz bu məsələlər üzərində işləyirik və nəinki konkret proqramlar vardır, onlar artıq icra edilməyə başlanmışdır. Bütün rayonlarda, rayon mərkəzlərində içməli su, kanalizasiya sisteminin quraşdırılması nəzərdə tutulur”.

İlham Əliyev deyib ki, yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. “Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir. Bunu bütün dünya bilir, qəbul edir və görür.
Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə “Bir pəncərə” sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur.
Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır.
Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı”. Prezidentin sözlərinə görə, Azərbaycan özünü dənli bitkilər üzrə 76 faiz təmin edir. “Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmamışdır. Sovet vaxtını biz yaxşı xatırlayırıq. O vaxt vahid xalq təsərrüfatı kompleksi adlanan bir sistem var idi. Bütün əsas ərzaq məhsulları başqa respublikalardan gətirilirdi. Burada ət, yağ, süd, ümumiyyətlə, 20-30 faiz istehsal edilirdi, ya edilmirdi. Ancaq bu gün biz özümüzü tam şəkildə təmin edirik, özü də məhsullar da keyfiyyətlidir”.

 

Dövlət başçısı vurğulayıb ki, gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. “Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, çirkli oyunlara qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici dairələr bundan o qədər də razı deyillər. Amma bu bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir. İqtisadiyyatın modernləşməsi, sənaye sahələrinin işə salınması Azərbaycanda yeni bir şəraitin yaranmasına gətirib çıxaracaqdır. Biz maksimum çalışmalıyıq ki, istənilən sahə ölkəmizin inkişafını təmin edə bilsin. Kənd təsərrüfatı nəinki kəndliləri işlə təmin etməli, eyni zamanda, ümumi iqtisadi potensialımıza böyük töhfə verməlidir.
Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin”.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir