Modern.az

Limonadsatan və Qabil

Limonadsatan və Qabil

4 Aprel 2013, 12:41

Sənətkarın və onun əsərlərinin taleyi qəribədir. Bəzən 2 misra, bəzən 4 misra, bəzən 1 şeiriylə yadda qalanlar olur, bəziləri isə bütün külliyatı ilə    tarixə düşürlər. Elələri də var ki, heç ümumiyyətlə yaddaşa yazılmırlar. Məsələn, İmadəddin Nəsiminin qardaşı Şah Xəndan dövrünün böyük şairi olub. Amma ondan bir misra da dövrümüzə qədər də gəlib çıxmayıb. Amma çox qəribə də olsa, Şamaxının mərkəzindəki və Seyid Əzim Şirvaninin basdırıldığı Şah Xəndan qəbiristanlığının adında qalıb adı. Atam “Nəsimi” dastanıyla fəxr edirdi. 10 ilə yazmışdı onu. İlk şöhrətini, fəxri adını da onda qazanmışdı. Deyirdi ki, “mən tarixdə qalsam, bəlkə bu əsərimlə qaldım”. Mən isə dilimi dinc qoymayaraq, “yox, Sənin yaradıcılıq taleyin “Səhv düşəndə yerimiz” şeiridir” deyirdim.
 
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
 
80 faiz razılaşırdı da. Çünki 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşirdi. Nəsillər dəyişdikcə, bu gün də cavanlaşmaqda davam edir. Bunun Siz də şahidi olmaq istəyirsinizsə, sadəcə “Google”da “Səhv düşəndə yerimiz” başlığını  axtarışa verin.
   
Ümman gəmisi çayda 
Oturar, üzməz!
Çay gəmisi dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
 
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Şairi bu şeiri yazmağa məcbur edən qəhrəmanı isə bir müddətdən sonra ümumiyyətlə şeirdən çıxarılıb. Bir müqayisə edim. Təsəvvür edin ki, toydur. Çalğıçılar, tamada, yeyib-içmək, amma bəylə-gəlin yoxdur. Şeir məşhurlaşdıqca bu qəhrəmanın yeri nəinki səhv düşüb, hətta bənddən, misralardan silinib. Bəlkə də zaman keçdikcə Qabilin adı da bu şeirdən silinəcək. Amma “Qeyrətsiz oluruq biz, Səhv düşəndə yerimiz” beyti atalar sözü, kəlam kimi yaşayacaq. 

Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini 
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
 
Soruşacaqsınız ki, niyə axı, çox yerdə misal çəkəndə “müsibət..., dözümsüz..., gərəksiz oluruq..., xaric səslənirik..., heyf... korşalırıq biz, səhv düşəndə yerimiz” beytləri yox, məhz “qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz” misralarını səsləndirirlər. Əlbəttə ki, bu düzgün seçimdir. Məhz şeir də bu misraların üstündə yazılıb.

Qızmar yay günlərinin birində atam Sovetski küçəsindən piyada üzü aşağı Hüsü Hacıyev küçəsinə, evinə tərəf düşürmüş. Yolda susayır. Bir susatan “budka”ya yaxınlaşır. Soyuq limonad alır, içə-içə gözünü zilləyir yekəpər, balaca budkaya güclə yerləşən, şişman satıcı kişiyə. Susatan qapaqaçanı da ucuna ip salıb xaç kimi boynundan asıbmış. Nəsə, ilişir bu kişiyə ki, çıxart boynundan “otkrıvalkanı”. Kişi də çox nəzakətlə cavab verir ki, “bu mənim alətimdir, tez-tez itirirəm. Ona görə də bonumdan asmışam ki, lazım olan kimi tapım”.
Atam isə dediyində durur. Kişi bu dəfə “ay oğlan, limonadın pulu-zadı lazım deyil çıx get. Xatanı uzaq elə məndən. Qoy pulumuzu qazanaq” deyir. Atam ayağını bir başmağa dirəyir ki, “yox e, çıxartmalısan “otkrıvalka”nı boynundan”.   
Nəhayət yekəpər limonadsatan görür ki, dillə mümkün olmayacaq, qolunun gücünü göstərmək üçün budkadan çıxmağa məcbur olur. Və atam tez oradan uzaqlaşır, daha dəqiq desək, aradan çıxır. Bu səhnə onu rahat buraxmır. Axı niyə belə bədənlə, vücudla zavodda, fabrikdə işləməli olduğu halda, bu kişi limonad satmalıdır? Axı, bu kişi işi yox, qadın işidir? 
Məhz bu səhnə də “Səhv düşəndə yerimiz” şeirini dünyaya gətirir. 5-ci bəndi isə limonadsatana həsr olunur:

Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Limonad satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Bir müddətdən sonra isə “limonad satar” kəlməsi ümumiyyətlə şeirdən çıxarılır, “qızılgül satar”la əvəz olunur. “Səhv düşəndə yerimiz” mövzusuna Qabil yaradıçılağında bir dəfə də qayıdır. 2001-ci ildə - Qoşayarpaqlarında:

İnnən belə min bir il gəlib keçsə də əgər...
Eh... nə yeri səhv düşən, nə rüşvətxor əksilər.     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?