Modern.az

Filoloq-tərcüməçi: “Səməd Vurğun da, Rəsul Rza da “Xəmsə”ni pis günə qoyub” - QALMAQAL

Filoloq-tərcüməçi: “Səməd Vurğun da, Rəsul Rza da “Xəmsə”ni pis günə qoyub” - QALMAQAL

4 Aprel 2013, 14:06

Modern.az-ın klassik ədəbiyyatın tərcüməsi ilə bağlı yeni polemika bu dəfə daha ciddi ittihamlar və iradlarla yadda qaldı. Belə ki polemikaya qoşulan filologiya elmlər doktoru Sənan İbrahimov mövzu ilə əlaqədar heç yanda toxunulmayan faktları açıqladı:

– Mən İran, Əfqanıstan və Pakistan ədəbiyyatından tərcümələr edirəm. Sonra onları Söhrab Tahir nəzmə çəkir. O danışır ki, bir gün Rəsul Rza Nizamini tərcümə edib, ərəb və fars dillərinin mükəmməl bilicisi olan Söhrab Tahirin yanına gətirir. Söhrab Tahir deyir ki, “50 səhifədə orijinalla uyğun cəmi 6-7 beyt tapdım. Həmid Araslıya dedim ki, eybi yox, qoy bu dəfə ilkin formada, Nizamini tanımaq məqsədilə çapa getsin, sonra gələcək nəsillər onu orijinala yaxın tərcümə edərlər”.

“Leyli və Məcnun”u Səməd Vurğun tərcümə edib, “Xosrov və Şirin”i Rəsul Rza tərcümə edib. Onlar heç farca bilmirdilər. Sadəcə olaraq o vaxt, 1941-ci ildə Nizaminin əsərlərini kənd məscidində oturan mollalara aparıb verirdilər ki, tərcümə etsinlər. Heç onlara bu işə görə pul da vermədilər, çörək talonları verdilər. Sonra Səməd Vurğunla Rəsul Rza o mollaların etdiyi tərcümələri nəzmə çəkirdilər. Bax belə qeyri-peşəkar qaydada tərcümələr gedirdi. O tərcümələrin orijinala heç dəxli yoxdur. Hətta bir dəfə mübahisə düşdü. Nizaminin “Hər gecəm oldu kədər, qüssə-fəlakət sənsiz” misrası ilə başlayan qəzəli orijinalla heç uyuşmur. Onun mənası da başqadır, bəhri də başqadır. Nisbətən Cəfər Xəndan öz bəhrinə yaxın tərcümə edə bilib.

Bu sahədə problemlər çoxdur. Klassiklərdən Xaqani Şirvanini götürək. Vahidin tərcümələri nisbətən bəhrə görə düz gedir. Əliağa Vahid istedadlı qəzəlxan idi və tərcümələrdə bəhri qoruyub saxlaya bilirdi. Nizamini Rəşid Təhməzoğlu adlı bir tərcüməçi də tərcümə edib . O da Söhrab Tahirin yanına gəlmişdi. Söhrab Tahir dedi ki, “a bala, onları Nizami əruzda yazıb, amma sən hecada tərcümə etmisən”.
Bax bu cür qüsurlar həddindən artıq çoxdur. Nizaminin bir zərb-məsəli var ki, o, Pakistanda, Əfqanıstanda, hətta Hindistanda da işlənir. Onu uşaqdan böyüyə hamı bilir. Hamı orda deyir ki, Nizami yaxşı deyib, dastançının dastançıdan xoşu gəlir. Amma bizdə olunan tərcümədə itib bu. Xətalar, təhriflər çoxdur. Bəzən tərcüməçilər özləri də nəsə əlavə edirlər. Biz nə olursa-olsun onları aradan qaldırmalıyıq.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir