Modern.az

Ovçu-xanəndə: “Ceyrana və Qu quşuna güllə atmıram” - MÜSAHİBƏ+FOTOLAR

Ovçu-xanəndə: “Ceyrana və Qu quşuna güllə atmıram” - MÜSAHİBƏ+FOTOLAR

5 Aprel 2013, 12:44

Modern.az saytı “Məşhurların ov sərgüzəştləri” silsiləsindən tanınmış xanəndə Babək Niftəliyevlə  söhbəti təqdim edir.  

- Babək, ova ilk dəfə nə zaman başlamısınız?


 - Mən ovdan əvvəl balıq tutmaqla məşğul olmuşam, sonradan ova başlamışam. Tez-tez ov tüfəngi satılan bir mağazaya balıq tutmaq üçün lazım olan ləvazimatları almağa gedirdim. Mənim ora getməyimi satıcı mağazanın sahibinə deyib. Müdir də satıcıya tapşırır ki, Babək gələndə ona xəbər etsin. Növbtəi dəfə həmin mağazaya gedəndə satıcı mənə dedi ki, “rəhbərimiz sizi görmək istəyir”. Fikirləşdim ki, müdirin mənimlə nə işi ola bilər? Nəsə... Görüşdük. O, məndən soruşdu ki, “ovçuluqla nə əcəb məşğul deyilsən?”. Dedim “vallah silahdan bir az qorxuram, amma ki, çox istəyərdim”. Mənə iki dənə silah bağışladı. Hardasa 2008-2009-cu il  idi... Elə o vaxtdan başladım ovçuluğa...

- Maraqlıdır, ova kimlərlə gedirsiniz?

- Ova elə də tanınmış insanlara getmirəm. Ancaq yaxın dostlarımız var, onlarla gedirəm. Demək olar ki, ov mənim hobbimdir. Çünki nəslimizin demək olar ki, böyük əksəriyyəti ovçu olub.

- Maraqlıdır ilk ovunuz nə olub?

- İlk ovum dovşan olub. Həyəcanlanmışdım ki, görən nə olacaq. Dostlardan öyrəndim ki, dovşan ovuna gedirik. Nə isə, uşaqlar dovşanın birini orada, birini burada vurur. Mən əlimi qaldırıb silah ata bilmirəm ki, birdən dəyməz bunların yanında biabır olaram. Elə oldu ki, birdən xəbər etdilər ki, “sənin üstünə dovşan gəlir, əyil”. Mən də bir kolun dibində əyilib gözləyirəm. Dovşanla aramızda iki metr məsafə var idi və məni görmürdü. Onu iki metrlikdən vurdum. Bütün sümükləri, bədəni qırıq- qırıq oldu və ələ gəlmədi. Mən də çağırıram ki, “ay camaat gəlin, vurmuşam”. Gəldilər ki, dovşandan əsər-əlamət qalmayıb. Beləcə, ilk ovum ələ gəlmədi. Amma ümumən bizdə ov etmək üçün yer, icazə promlemi var. Bu mənada böyük çətinliklərimiz olur. Amma mən ovçuluqdan ayrı qala bilmirəm. Bunun səbəbini də söyləyəcəm. Ovçu təbiətin ən gözəl yerlərini görür. Mən Kəlbəcərliyəm. Bu mənada özümü ovundurmaq, ova getdiyim yerləri Kəlbəcərə oxşatmaqla təsəlli alıram.

- Yəqin bilməmiş deyilsiniz, ovçuluğun da öz qaydaları var. Əməl edirsinizmi bu qaydalara? Məsələn, qarşınızda dayanan ovu vurmusunuzmu?

- Bu, mürəkkəb bir sahədir. Təbii ki, o qaydalara əməl etməyə borclusan. Ovu qaçaraqda vurmaq daha gözəldir. Buna əsl ov deyərlər. Bir dəfə ov qarşımda dayanıb. Fərqinə varmadan onu vurmuşam. Sonradan peşiman olmuşam buna.

- Elə olubmu ki, vurmaq istədiyiniz an “ovçu insaf eylə, atma” sözləri yadınıza düşsün, siz vaz keçəsiniz həmin ovdan...

 - Heç vaxt ovdan boş qayıtmamışam.

- Ova neçə nəfər gedirsiniz?

 - 3- 4 nəfər oluruq.

- Ovun təhlükəli məqamları da var...

- Bəli, təhlükə var. Məsələn, bir dəfə mənim əlimdə gözlənilmədən silah açılıb. Bu, hər bir ovçunun başına gələ bilər. Londona səfərə gedəcəkdim. Haradasa iki saatdan sonra aeroportda olmalıydım. Maşınla ovdan qayıdırdım və gözümü yuxu basmışdı. Təsadüfən əlimdə silah açıldı. Ondan sonra mən bütün qaydalara riayət edirəm. Çətinlik təkcə silahla bağlı deyil. Əsas çətinliklər dağlıq yerlərdə olur. Qayaları keçmək asan deyil. Bilirsiniz, 3-4 gün dağlarda qalmaq da asan deyil. Amma bunun elə bir ləzzəti var ki, çətinliklər adama heç nə gəlir.

- Yəqin ov xatirələrinizdə bu cür çətin məqamlardan qalan var...

- Bir dəfə ovda maraqlı bir şey oldu. Şamaxıya ova getmişdik. Dostlardan aralı düşdüm. Ov da getdikcə adamı aparır, əlində silahın olması da insanı həvəsləndirir. Quş uçduqca sən dalınca gedirsən. Bir vaxt ayıldım ki, azmışam. Qaranlıq düşür, yağış yağır. Boz dağlardır, ağac da yox,  dayanmaq olmur. Artıq sürüşüb düşdüm aşağı. İndi gələ-gələ deyirəm ki, bu dəqiqə canavar çıxacaq. Tüfəngim də quş vurmaq üçündür. Düşünürəm bu dəqiqə canavarlar üstümə gələcək. Bir də gördüm ki, bir kol möhkəm şaqqıldadı. Ayaqlarım əsdi. Dedim ki, ta getdim, canavarlar bu dəqiqə məni parçalayacaq. Quş tüfəngini kola sarı tuşlamışdım. Arada məsafə çox az idi. Onda gördüm kolun dibindən bir dovşan çıxdı. İxtirasız barmağım tətiyi çəkdi. Dovşanı vurdum. Ovda təhlükəli heyvanlarla da rastlaşmışam. Bir dəfə dostlar qabanı yaralayıb. Mənim də xəbərim yoxdu. Bunun necə təhlükəli olduğunu ovçular bilir. Mən də bilməmişəm ki, qaban gizləndiyim kolun o biri tərəfinə girib. Nə qabanın məndən, nə də mənim qabandan xəbərim var. Qaban qəfldən üstümə gəldi. Çaşdım. Gözləmirdim. Nə yaxşı ki, qabanı yaralayan ovçu onu təqib edirmiş. Qaban üstümə tullananda ovçu qabanı vurdu və həyatımı xilas etdi. Ovçusansa,  belə mənzərələrlə çox rastlaçacaqsan. Bunu göz önünə almışam.

- Sizin üçün əsas ovu vurmaqdır, yoxsa ov ətindən necə deyərlər, isti-isti dadmaq?

- Mənim üçün əsas onu vurmaqdır. Quşu göydə vuranda onun ayrı ləzzəti olur. Yerdə vurursan, elə yerdə qalır. Ya butulkanı vurdun, ya da yerdə olan quşu, mənə görə bunun fərqi yoxdur. Onu da inkar edə bilmərəm ki,ov ətindən yerindəcə yeyəndə daha ləzzətli olur. Biri var 4 divar arasında hansısa bir restoranda oturub yeyəsən. Biri də var ki, dağlarda, təbiətin qoynunda olasan. Çölçülük ayrı bir aləmdir. Ov ətini isti-isti yeyəndə tamam ayrı ləzzəti olur. Çünki onun bəzi orqanlarının iyi az keçməmiş bütün ətə hopur. Amma qoxu ətə tam keçməmiş biz onu təmizləyirik, çayda yuyuruq və düz-qoş edirik.

- Dediniz ki, Azərbaycanda ov məsələsi çətinləşib. Son zamanlar quş ovu qadağan olunub. Bəs, siz darıxanda nə edirsiniz. Hər dəfə ova getmək olmur axı ? 

- Doğrudur, belədir. Amma ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız var. Onlarla dostluq əlaqələrimiz var. Mənim ova bağlı olduğumu da bilirlər. Ona görə də ara-sıra başqa ölkələrdə ova gedirəm.

Bir də bizdə ov tüfənglərinin öldürücü gücü çox yaxındır. Belə tüfənglə qarşına ayı, yaxud başqa təhlükəli heyvan çıxsa, çox çətin olar. Ayı qabağına çıxdı, sən hər dəqiqə ona uzaq məsafədən atmayacaqsan... Sən onu yaxına buraxıb ya sağ, ya da sol qabırğasının altından atmalısan. Sol tərəfdən atdın ürəyə, sağ tərəfdən atdın isə ciyərə düşür. İkisi də ölümcül nöqtələrdir. Tam dəqiqliyi ilə lap yaxınlaşmalısan, ondan sonra atmalısan.

- Etdiyiniz ovlardan hansı sənətçi dostlarınıza da pay vermisiniz?

- Ov ətindən sənətçi dostlarım Ayaz, Elnur, Rauf dadıblar. Dostlarıma həmişə ov əti gətirmişəm.

- Bəs sənətçilər arasında başqa ovçulardan kimləri tanıyırsan?

- Balaban ustası Abuzəri, Aşıq Əhliman, Teymur əmi və başqalarının adını çəkə bilərəm.

- Belə deyək də, ən çox hansı heyvanın ətinin dadı xoşunuza gəlib, dadı damağınızda qalıb?

- Ova görə deyərdim ki, kəklik ovu şah ovdur. Onun əti də şahdır. Amma ən xoşladığım oxatan kirpinin ətidir. Onu basdırma edib kababını bişirəndə çox dadlı olur. Sabirabadda, Ucarda, İmişlidə 8-10 kiloqramlıq kirpilər vurmuşam. Ona çox elə uzaq məsafədən atmırsan. Kirpi hiss edəndə ki, təhlükə var, oxlarını ata bilir. Mən onu vuranda çox yaxınlaşmamışam. Qaçdığı yerdə atmışam.

- Heç olubmu ki, meşə mühafizəçiləri ilə və ya ekologiya işçiləri ilə problem yaşayasınız?


- Mən qanunu sevirəm və ondan kənar hərəkətlər etmirəm. Amma maraqlı bir əhvalatı danışacam. Bir dəfə bizi tutublar. Günah da özümüzdə olub. Ova getmişdik. Bir də gördük gözətçi maşını gəlir. Heç bir ov da etməmişdik. İçimizdə bir laçınlı var idi. Gözətçilərin maşınını görəndə dedi ki, gəlin qaçaq. Neylədimsə, dostları yolundan döndərə bilmədim. Biz də maşınla idik. Bizim sürücü sürəti artırdı. Gözətçi maşını arxamızla düşdü.  Bu sürür, onlar dalımızca gəlir. Artıq efirə çıxdılar.  Bir də gördüm ki, qabaqda da bizi ayrı bir polis maşını gözləyir. Dayanmağa məcbur olduq. Biz kanalı keçə bilmədik. Mən düşdüm maşından, yoldaşlarımın canına vəlvələ düşmüşdü. Həmin laçınlı oğlan indi mənə deyir ki, “Babək, qurban olum, sən get tanışlıq ver”. Bizi tutdular, apardılar şöbəyə, silahlarımızı əlimizdən aldılar. Bildirdik ki, heç nə ovlamamışıq. Xeyri olmadı. Özü də həmin gün axşama toyum var idi. Toy sahibinə zəng vurdum, gələ bilməyəcəyimi dedim. Amma polis görəndə ki, heç bir ov etməmişik, bizi buraxdı. Birtəhər toya çatdım.

- Ovdan hansı zövqü alırsınız?

- Mən ovsuz özümü təsəvvür edə bilmirəm. Mənim canım ovdur, bir də muğam. Ovu mənim əlimdən alsalar, gərək onda mən gedəm xaricdə ov edəm. Yadımdadır, bir dəfə Qazaxıstana toya getmişdim. Orada da çox gözəl bir ov etdik. Toyda gördüm iki nəfər arxada danışır ki, “sən vura bilmədin, mən vurdum”. Musiqiçilərə dedim “qardaşlar, siz burada durun gəlirəm”. Keçdim arxa stola bunlarla söhbət etməyə. Dedilər burada yaxşı cüyür, əlik var. Toyu başa vurdum, sabahı getdik ova. Birinci gülləyə ovu vurdum. Bunlar şoka düşmüşdü ki, həm belə oxuyansan, həm də ovçuluğu bacarırsan.

- Maraqlıdır ki, siz sənət adamları mahnılarınızda çox vaxt ceyranı, cüyürü vəsf edirsiniz. Bəs necə qıyırsınız onlara?
- Şair deyir:

Ovçuluğa meyil saldım,

Gecə gündüz çöldə qaldım.
Ancaq mənim aləmimdə ovda iki qadağa var. Bir ceyran, bir də qu quşudur. Mən onlara güllə atmıram .Çünki ceyran silah görəndə ağlayır. Çox illər öncə nənəm əmimə deyib ki, “bala, ova gedəndə ceyran vurma”. O da gedib ova, qayıdanda ceyran çıxıb qarşısına. Ceyran yaralayıb. Əmim yaralı ceyranı qovub. Ceyran da yaralı vəziyyətdə əmimə təslim olmamaq üçün özünü qayadan atıb. Əmim şikarını tutmaq üçün əl atıb onu tutsun, özü ceyranla bərabər sıldırım qayadan düşmək təhlükəsi ilə üzləşib. Dostları ona kömək edib. Bundan sonra əmim ceyran ovuna  tövbə edib.

 - Elə heyvan olubmu ki, balası ilə gəlib qarşınızda durub, balasının xətrinə atmamısınız?

- Olmayıb.

 - Ovda ən çox hansı heyvanın manevrlərini bəyənirsiniz?

- Ən çətini canavardır. Heç vaxt özünü ələ vermir. Şir meşənin şahıdır, ancaq şıqqıltı gələn kimi geri çəkilir. Canavar isə təhlükəyə sarı atılır. Çox  ürəkli  heyvandır.

 - Heyvanların dilini başa düşmək, hərəkətlərini anlamaq ovçu üçün çətin deyil ki?

- Olur, məsələn, kəklik dəstədən ayrı düşübsə, mütləq qaqqıldayır. Ovda o qədər sirlər var ki, sən heyvanı aldadırsan. O səni aldadır.

Yəqin ki, sizi də şikarınız çox aldadıb?
- Çox olub.  Bir dəfə bir kəklik silahımı dağın başından dərənin dibinə kimi yuvarlayıb. Çox güclü pırıltı ilə uçur. Mənəm- mənəm deyən oğlanı səksəndirir.  

Şahanə RƏHİMLİ 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır