Modern.az

İlqar Fəhmi: “Sovet dövründə divan ədəbiyyatına divan tutulub”

İlqar Fəhmi: “Sovet dövründə divan ədəbiyyatına divan tutulub”

Ədəbi̇yyat

6 Aprel 2013, 10:50

Modern.az-ın divan ədəbiyyatında tərcümələrin keyfiyyəti ilə bağlı polemikasına yazıçı-tərcüməçi İlqar Fəhmi qatıldı.

– Düzü, bu tərcümə işi o qədər problemli sahədir ki, adam bilmir nədən başlasın. Ən əvvəl onu deyim ki, bədbəxtçiliyimiz o olub ki, klassik ədəbiyyatımızdan tərcümə edən şairlərin əksəri o dilləri bilməyiblər. Tərcüməçilər ərəb-fars dillərindən tərcümə ediblər, şairlər də onların tərcümələrini qafiyəyə salıblar. Daha sonrakı problem o idi ki, əruzda yazılan klassik ədəbiyyatımızı hecada tərcümə edirdilər. Üçüncüsü isə, sovet dövründə bu tərcümələrin planlı şəkildə olması idi. Şairə vaxt qoyulurdu ki, tutalım, sən yarım ilə “Sirrlər xəzinəsi”ni tərcümə etməlisən. Müqavilə bağlanırdı, pul ödənilirdi. Şair də dəridən-qabıqdan çıxıb işi lazımi vaxtda başa çatdırırdı. Bu baxımdan mən tərcümələrə müəllif yox, daha çox tərcüməçi şeiri kimi baxmışam. Ad çəksəm uzanar, amma nə Nizaminin, nə Xaqaninin, nə də başqa klassikin əvvəlki tərcümələrini uğurlu hesab etmirəm. Amma bu o demək deyil ki, bütün tərcümələrin hamısını silib kənara atmaq lazımdı. Oxuduqlarımın içində kiçik bir qismi uğurlu tərcümə etmək olar, Abdulla Şaiqin, Böyükağa Qasımzadənin, Əlağa Vahidin tərcümələri, məncə, daha gözəl, daha rəvandır. 

Əlbəttə, bu incəlikləri adi oxucu bilmir, lakin peşəkar adam axı klassik ədəbiyyatı bildiyinə görə, tərcümədən də eyni siqləti, ağırlığı gözləyir, amma bu alınmayanda, tutalım, Nizami şeiri, elə Məmməd Rahim poeziyası formasında oxucuya çatdırılırsa, bu, təbii ki, yaxşı hal deyil. Son illər bu sahədə boşluqları qaldırmaq üçün xeyli işlər görülüb. Klassik ədəbiyyatımızı elə əruz vəznində, eyni ağırlığı, siqləti saxlamaqla tərcümələr edilir. Düzdür, çox ağır işdir, amma cəhdlər var və zənnimcə, yavaş-yavaş yeni tərcümələr o köhnələrin yerini tutacaq”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir