Modern.az

O dünyadan 6-cı məktub - Elşad Abdullayevə

O dünyadan 6-cı məktub - Elşad Abdullayevə

8 Aprel 2013, 09:20


Elşad, bir də salam! Sənin bu hali-qaziyyən bizi lap mütəəssir edib. Mat-məəttəl qalmışıq ki, niyə axı sənin ifşa etdiyin və yüzlərlə ifşa olunmayan adamlar rüşvət aldıqları halda, söz verdikləri halda sonra sözlərindən qaçıblar? Üstəlik pulunu da qaytarmayıblar. Bu çox pis tendensiyadır. Fəlakətdir desəm, yanılmaram. Çünki əsrlərdən boyu keçib gələn bir ənənə hansısa Təhsil Nazirliyinə görə niyə pozulmalıdır!? Niyə? Danışım, sən də agah ol, o dünyada sənin, sizin kimilər də...
 
Aleksandr Düma Qafqazı gəzəndən sonra onu təsirləndirən məsələ bilirsənmi nə olmuşdu? Hətta xatirələrində də yazmışdı ki, Qafqazda nə notarius var, nə vəkil, nə də dildən kağız vermək. Orada bircə şey var: Kişi sözü. Söz verdisə qafqazlı ölsə belə, onu həyata keçirməlidir. Düma    bizim bu xüsusiyyyətimizə valeh olmuşdu.
İllər keçdi, formasiyalar dəyişdi, yeni təsisatlar, institutlar meydana gəldi. ZAQS, notarius, dələduzluq maddələri. Əvvəllər kişiləri pul aldıqlarına görə tutmurdular. Kişilər namus, qeyrət, oğurluq, quldurluq, siyasi fəaliyyətlərinə görə tutulurdular, hətta sürgün də olunurdular. Sovet dövründə rüşvətxorluq maddəsi də meydana çıxdı. Qəribə bir maddə idi: rüşvət verən də, alan da, vasitəçi də cinayətkar sayılırdı. Gəl indi sən rüşvətxoru üzə çıxart. Amma məmurlar çox təmiz işləyirdilər. Alırdılar və məsələni də həmən həll edirdilər. Atmaq nədir? Aldatmaq nədir? Kişi sözünü rüşvət əvəz eləmişdi axı?!
 
Bir milis rəisi dostum var idi. Deyirdi ki, “Qabil müəllim, yanıma tutaq ki, gündə 6 adam gəlir. Altısından da ala bilərəm. İkisindən almıram. Görürəm ki, kasıbdır. Gedəcək nəyi var satıb gətirəcək. Mən də onu halallıqla yeyə bilməyəcəyəm. Nə vaxtsa zibili də çıxa bilər. Almıram. Göz yumuram xırda cinayətə. Qoy gedib danışsınlar ki, milis rəisi kişi adamdır.
O biri ikisindən də almıram. Görürəm ki, danışandırlar, yəni demaqoq. Versələr bütün aləm biləcək. Almıram. Deyirəm ki, qoy gedib danışsınlar ki, !milis rəisi bizdən pul almadı, təmiz adamdır”.
O biri ikisinə baxıram ki, varlı adamdır. Uşaqları da bu kiçik cinayəti harınlıqdan edib. Onlardan alıram. Elə alıram ki, o biri dördünün də əvəzi çıxır. Və gedib hər yerdə danışırlar ki, “sağ olsun milis rəisi, yaxşı adamdır, balamızı türmədən qurtardı”. Pulun adın isə qorxularından heç çəkmirlər də. Beləcə iş metodumla həm pulum artır, həm də nüfuzum, hörmətim”.
 
İndi Elşad, görürsən də əvvəllər belə kişilər vardı. Rüşvət də alırdılar, kişiliklərini, nüfuzlarını, hörmətlərini də qoruyurdular. Bir qohumumuz vardı, 1961-ci ildə bir balaca qonaqlığa əsgərlikdən saxlatdırmışdım onu. Gülmə, gülmə... Dünyanın axırıdır. Pulunu da alıblar, hətta notariusda təsdiq də elətdiriblər, işini də görməyiblər, geri də qaytarmayıblar.
Sən hamını özünlə ölçmə. Pul da alırdın, rüşvət də alırdın və axırda camaatın diplomun da verirdin, mantosun da. Yəqin ki, məni sənə böhtan atdığıma görə məhkəməyə vermərsən. Çünki, deyəcəksən ki, Beynəlxalq Universitet Azərbaycanda yeganə rüşvət olmayan təhsil ocaqlarındandır. Təki... Qoy mən deyən səhv olsun.
Təsadüfən “Qız” bürcündən deyilsən? Bir dostum vardı. Pullu-hallı adam idi. Heç bir “naruşeni” eləmədən QAİ saxlayırdı. Soruşurdu ki, “niyə saxlamısan?” Təzəcə moykadan çıxan “Leksus-Cip” maşına qayıdıb deyirdilər ki, “maşının tozludur, ona görə”. O da bir yüzlüyü uzadırdı onlara. Niyə belə çox? Çünki cibində yüzlüklərdən başqa pul olmurdu. Hətta QAİ də insafən götürmürdü ki, çoxdur. O da “Al, al mən anadangəlmə “Qaz” bürcündənəm, kim görür “qazlayır”. “Qız” bürcünə “Qaz bürcü” adı qoymuşdu.
Nə isə yenə başlamısan kükrəməyə. Mən sənə yenə deyirəm adını çəkdiyin, pul verdiyin və geri ala bildiyin, hətta indi də geri ala bilmədiyin bu məmurlar taqsırkar deyil.
1991-ci ildən - Müstəqillik illərində rüşvəti hörmətdən salan, onu bu qədər ucuzlaşdıran, qəzet səhifələrində, internetdə sensasiya mənbəyinə çevirən bircə müqəssir var: o da Təhsil Nazirliyidir. Daha doğrusu onun dərslik sahəsinə rəhbərliyinin səhlənkarlığıdır. Bu yaxında nəsə dərsliklərlə bağlı qalmaqal çıxmışdı. Biz də xalqın gələcəyini düşünənlər kimi müzakirəyə çıxartdıq ki, görəsən 22 ildə bir vahid dərslik buraxmaq bu qədər çətin şeydir? Və onda da    bütün hər şey - sənin bəlalarının səbəbləri ortaya çıxdı.
“Əlifba”dan başladıq. Sıralamada belə olmasa da, “A” hərfindən sonra, “Ə”, ”N”, 4-cü yerdə isə sıralamada 32 hərf içində 27-ci olan “T” gəlir. Bədbəxtçilik də burdan başlanır. “At. Ata. Ata, at! Ata at! At, ata. Ata, at! At, ata, at! – Ətayə, at! – Ayna, Nanəyə at! – Ayna, ona at! At, ay Ayna!“
Abalam, 95 faizi şəkil olan 3 səhifəlik bir məsafədə nə qədər “at, at” olar. Dərslik “levi” buraxıldığından şəkillərin rəngi də qaçmışdı. Ancaq yazıları sezə bildik. Təsəvvür elə, ata və ya baba evə gəlir. Uşağı və ya nəvəsi də dərs oxuyur. Nə qədər höccələyə-höccələyə təkrar eləmək olar “Ata, at! At, ata! At, ata, at” Atanın, babanın iliyinə işləyir, 6 yaşlı uşağın da qanına, elə deyilmi?
 
İndi bildinmi ki, Azərbaycanda rüşvətxorluq niyə iflasa uğrayır? Kükrəyəndə “rüşvət”, “rüşvətxor” sözlərini dilinə də gətirmə. “Atanşiklər” – bu yeni termindir. Tərifi də: “Rüşvət alıb verdiyi sözü yerinə yetirməyən adama Atanşik deyilir”. Cinayət Məcəlləsinə yeni maddə    salsalar da pis olmaz. Yoxsa ki, dələduzluq, etibardan istifadə. 1 milyon dollarla da dələduzluq olar?
İkincisi də adət-ənənələrimizdə də rüşvətin izləri hələ də qalmaqdadır. Toylarda qarşılaşmısan yəqin. “Qayçı kəsmir!” - pul verirsən, o saat kəsir. “Aş qazanının qapağı açılmır!” - pul verirsən, o saat açılır. Gəlin maşınının qabağın kəsirlər -pul verirsən yollar açılır. Bəyi oğurlayırlar - pul verirsən qaytarıb qoyurlar yerinə. Hətta film də çəkib, adını “Bəyin oğurlanması” qoyaraq gələcək nəsillərə bunu miraslayırlar da.
Deyəcəksən ki, şair, bu rüşvət deyil, şirinlikdir. Atan rəhmətlik. Axır ki, gəldin mən deyənə. Şirinliklə başlanır, rüşvətlə davam edir, “atanşik” kimi biabır olur, korrupsiya ittihamıyla tutulur.

Hörmətlə: ömründə rüşvət almayan şair Qabil. Verməyiblər almamışam, versəydilər alardım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir