Modern.az

Türk dünyasına 20 illik xidmət

Türk dünyasına 20 illik xidmət

Təhsil

8 Aprel 2013, 10:02

Moskvada görkəmli  alim və yazıçı Murad Acının (Murad Eskenderoviç Acıyev) 20 illik türkoloji fəaliyəti bayram edilib.

Məlumdur ki, ənənəvi tarix, o cümlədən covet tarixçiliyi əsl gəlmələrin və işğalçıların əlində silah olaraq  türk etnosunu öz əzəli və tarixi torpaqlarına “gəlmə” kimi qələmə verməklə ulu türkün adını, qədimliyini aşağılamağa xidmət edirdi. Türk və slavyan xalqlarının etnik və mentalitet yaxınlığı, görünür, çoxlarına sərf etmir. Avrasiya konsepsiyasının ideoloqu knyaz N.S.Trubetskoyun “özünün təkcə ari deyil, həm də turan psixoloji tipinə məxsusluğunu dərk etmək şəxsi və milli kökünü qavramağa çalışan hər bir rus üçün vacibdir”, azman tarix alimi Lev Qumilyovun “.....türklərin ağıl və hünərləri qarşısında borcluyuq.  .....onlar 1500 illik tarixlərindən sonra məğlubedilməz Böyük çölün sələfliyini monqollara və ruslara saxladılar” kimi sözləri qadağan edilmiş və unudulmuşdu. Həmin “unudulmuşları” , “qadağan edilmişləri” məhz Murad Acı zərrə-zərrə, qətrə-qətrə axtarıb taparaq bizlərə çatdırdı, sübut etdi ki, biz millətlər sırasında “ikinci sort” deyilik.

Müəmmalıdır ki, 1944-cü ildə - müharibə dövründə, Böyük çölün göbəyi Moskvada dünyaya gələn bu qazı-qumux (kumık) türkü sanki görklü Tanrınin səsini dünyaya çatdırmaq üçün doğulmuşdu. O, iyirmi illik zaman kəsiyində “Polevesk çölünün yovşanı”, “Qıpçaqlar”(rus və ingilis dillərində),“Qıpçaqlar. Oğuzlar” (rus və ingilis dillərində), “Türklər  və dünya”, “Avropa, türklər, Böyük çöl” kimi 18 kitab yazaraq türkün qədim, zəngin tarixini  qaranlıqdan çıxardı.           

Keçmiş Azərbaycan milyonçusu və messenatı Şəmsi Əsədullayevin 1913-cü ildə tikdirdiyi və vaxtilə Moskva müsəlmanlarına bağışladığı binada ( Əsədullayev evi) – indiki Tatar Mədəniyyət Mərkəzində keçirilən tədbir Murad Acının şəxsiyyətinə və yaradıcılığına sevgilərini ifadə edən türkdilli xalqların mini festivalı oldu. Tədbirin təşəbbüskarları və təşkilatçıları Moskvada fəaliyyət göstərən iki tatar cəmiyyəti - əsasən, “Müsəlman xalqların inkişafı Fondu” (rəhbəri Qəyar İsgəndərov) və “Tuğan tel” (“Doğma dil”) cəmiyyəti idilər. Asanlıqla başa gəlməyən bu işdə iki tatar vətənpərvərinin – Qəyar İsgəndərovun və Həmid Minojətdinovun (“ Tuğan tel”in sədr müavini) fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Böyük iclas salonunda tatarlar, altaylilar, başqırdlar, kumıklar, azərbaycanlılar, ruslar, krım tatarları, qazaxlar, qaraçaylılar, balkarlar, özbəklər... əyləşmişdilər. Aparıcı Qəyar İsgəndərov əvvəlcə Əsədullayev evinin tarixindən məlumat verdi, sonra Murad Acının həyat və yaradıcılığından, onun əsərlərinin əhəmiyyətindən danışdı. Keçmiş SSRİ məkanında yaşayan bütün türkdilli xalqların nümayəndələri növbə ilə səhnəyə çıxaraq Murad Acını söz və milli nəğmələri ilə təbrik etdilər,  hədiyyələr bağışladılar.
Qazax diasporu ona milli qazax kostyumu geydirdi.    

Azərbaycanın adından Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu və  şair-jurnalist Əliş Əvəz təbrik etdilər. Nəsib Nəbioğlu öz kitabını ona hədiyyə etdi. Əliş Əvəz isə öz çıxışında əsərlərində Azərbaycan muğamını tərənnüm etdiyinə, Azərbaycanin, o cümlədən Qafqaz Albaniyasının tarixinə obyektiv yanaşaraq, bu sahədə qiymətli tədqiqatlar apardığına görə Murad Acıya təşəkkürünü bildirdi.

Bakıda doğulmuş, əslən tatar olan, Azərbaycan vətəndaşlığını hələ də saxlayan Peterburqun Mariinsk teatrının solisti, Rusiyanın əməkdar artisti Timur Abdikeyev isə Murad Acı üçün “Sənə də qalmaz” Azərbaycan romansını ifa etdi. Dağıstanlı həmyerliləri yubilyarın qədim kumık xanı Xasavın adını daşıyan Xasavyurt rayonunun fəxri vətəndaşı seçildiyini elan etdilər və  əcdadının vətəni olan həmin rayonda ona torpaq sahəsi bağışlandığını bildirdilər, fəxri vətəndaşlıq nişanını  təqdim etdilər. Təbriklərin kuliminasiyası isə Tatarıstan Respublikasının dövlət təltifi oldu. Respublikanın Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsinin müavini Almaz Feyzullin Tatarıstanın Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində nailiyyətlərə görə” nişanını  yubilyarın yaxasına taxdı.


Tədbirdə Moskva şəhəri Regionu Tatar Milli - Mədəni Muxtariyyətinin sədri  Rasim Akçurin, Qafqaz Xalqları Konqresinin və “Yabloko” Partiyasının nümayəndələri də çıxış edərək, alimlə həmrəy oldular. Tarix elmləri doktoru, professor A. Zubov Murad Acının yaradıcılığını müsbət xarakterizə edərək dedi ki, ancaq keçmişi doğru qavramaq bəşəriyyətin, həmçinin milli münasibətlərin xoşbəxt gələcəyini təmin edə bilər. Tədbirdə Murad Acı özü çıxış etdi və yubileyin təşkilində və gedişində iştirak edən hər kəsə təşşəkkürünü bildirdi. Sonra o, suallara cavab verdi. Sözünü belə bitirdi: “Biz türkdilli xalqlar indiyə qədər var olmuşuq, indən sonra da yaşayacağıq!”  

Əliş Əvəz,

Rusiya yazıçılar və jurnalistlər birliklərinin üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir