Modern.az

Populyar olmağın iki yolu...

Populyar olmağın iki yolu...

8 Aprel 2013, 14:02

Populyar olmağın iki yolu var. Birincisi; müdriklik, aqillik. İkincisi; şou yaratmaq, yüngüllük.

Hər iki yol çətindir ağırılıdır. Hər iki yolun yolçusu olmaq üçün gərək nadir qabiliyyətə, istedada malik olmalısan. Birincidə ağıl, istedad, vətənpərvərlik, kişilik tələb olunursa, ikincidə nə ağıl, nə istedad, nə abır həya və nə də qeyrət tələb olunur. Biri digərini inkar edən bu yollar, ayrı-ayrılıqda daim biri digərinə paralalel olaqaq uzanıb gedir... Amma... həyatda heç nə əbədi olmadığı kimi bu yolların da biri-birinə yaxınlaşmsı baş verir...

Azərbaycan təcrübəsində isə, yollardakı bu paralellik pozularaq gah çarpazlaşır, gah da biri-birinə qovuşaraq insanların düşüncəsində gah heyrət, gah da təcüb yaradaraq uzun müddət gündəmdə qalır... Əlbəttə əxlaqla əxlaqsızlığın, müdrikliklə yüngüllüyün, ağılla ağılsızlığın qovuşuğu qəribə təzadlar yaradır və uzun müddət insanların diqqətini çəkərək, zehnini düşüncəsini məşğul edir.

Populyarlıq qeyri-adi ağıl, əxlaq və va hadisə törətməklə meydana gəlir... Populyarlıq qeyri-adiliklər toplusudur bu baş verdikdə insanların diqqət mərkəzinə düşərək müzakirə mövzusuna çevrilir... Biz istedadları ilə populyarlaşan insanları çox görmüşük. Düzünü axtarırsansa bu çoxları üçün o qədər də maraq kəsb eləmir. Onda gəlin digər yolla populyarlaşan insanların necə populyarlaşmalarına nəzər salaq. Məsələn, adi gözəl göyçək bir xanım yaşadığı cəmiyyətin qanunlarına tabe olaraq yaşayırsa, yüz minlərlə digər həmkarlarından heç nələri ilə fərqlənmirlər. Əgər istedadı yoxdursa amma birdən müğənnilik etmək istəyirsə bu da adi qarşılanır... Lakin birdən bu insan digərlərindən fərqlənmək yəni populyar olmaq istəyirsə onda bu insan yaşadığı cəmiyyətin əxlaqına və ruhuna zidd xarakter nümayiş etdirməlidir ki, diqqət mərkəzinə düşsün, müzakirə mövzusuna çevrilsin...

Bunun üçün o Azərbaycan teleşousunun klassik ənənələrinə uyğun olaraq, xanım əvvəl ərindən boşanır, sonra təbiət qoynunda ya müxtəlif otellərdə soyunaraq lüt şəkillər çəkdirib yayımlayaraq imkanlı kişi, qeyri-qanuni ər, yəni sponsor qazanır, daha sonra isə istedadı olmadığı halda yarıçılpaq şəkildə səhnəyə çıxır və müğənnilik etməyə başlayır... Bu qeyri-adilik, qeyri-insani bacarıq bu adamı cəmiyyətdə başqalarından fərqləndirir və diqqət mərkəzinə, müzakirə mövzusuna cevirir. Deməli bu adam populyarlaşır...

Populyarların sayı artdıqca, çoxaldıqca populyarların arasında rəqabət hissi daha da güclənməyə başlayır. Deməli onların qeyri-adi əməlləri artıq xalq üçün adiləşir daha o qədər də maraq və ya əhəmiyyət kəsb etmir. Onda bu populyarların aktivləri, daha qeyri-adi əməllər düşünüb tapırlar. Yəni, populyarlığın bir fazasından digər fazasına keçirlər. Belə ki, istedadsızlıqla populyarlaşanlar müdrik kimi görünməyə, özlərini cəmiyyət içərisində ləyaqətli aparmağa çalışırlar... istedadları ilə populyarlaşan insanlar isə əxlaqla əxlaqsızlığı, müdrikliklə yüngüllüyü, ağılla ağılsızlığı qovuşduraraq qəribə təzadlar yaradır və insanların diqqətini çəkərək, uzun müddət müzakirə mövzularına çevrilirlər... Deyək ki, Əkrəm Nayıbov, Rüstəm İbrahimbəyov kimi... Bunlardan birincisi öz “Daş yuxular”ı ilə Azərbaycan cəmiyyətini sarsıtdısa, ikincisi ermənipərəstliyi ilə müzakirə mövzusuna çevrildi... Belə xarakterli insanlar üçün vətən, torpaq, namus, qeyrət deyilən hisslər o qədər də önəmli deyil... Belələrinin yaşadıqları əxlaq tamam fərqlidir...

Belə insanlar bir fazadan digərinə yəni haqdan nahaqqa keçərkən, onları əhatə edən auditoriyaya öz təsir imkanlarını itirirlər. Adları cəmiyyətdə nə qədər çox hallansa da, nə qədər çox müzakirə müvzusuna çevrilsiər də əksərən cəmiyyətin mənfi münasibətləri və təpkiləri ilə qarşılanırlar. Onlar hansısa bir məsələyə münasibət bildirərkən tarixi reallığa deyil, özlərinin titullarına daha çox güvənirlər. Baxın, Əkrəm Nayıbov da, Rüstəm İbrahimbəyov da mülahizələrində faktlara deyil daha çox müşahidələrə əsaslanırlar. Onların mülahizələri cəmiyyətdə hansısa bir dəyişikliyə qadir olmasada, özləri mənsub olduqları xalqın taleyində ağır bir yükə çevrilirlər. Bununla da xalqa çox böyük mənəvi zərbə vururlar.

Azərbaycan uzun illərdir erməni terrorundan əziyyət çəkir, ərazisinin 20%-i işğal olunub, yüzlərlə şəhid verib, yüz minlərlə insan öz ölkələrində qaçqına və məcburi köçkünə çevrilib. Lakin, Rüstəm İbrahimbəyov “Rosbalt”a müsahibəsində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənir və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirir. Doğurdanmı Rüstəm İbrahimbəyov Qarabağın ermənilərə məxsusluğunu təsdiq edən hansısa bir dəlil göstərə bilər? Doğurdanmı Rüstəm İbrahimbəyov XX əsrin əvvəllərinə qədər Dağlıq Qarabağda tək bircə dənə də olsa erməni kilsəsinin var olduğunu sübut edər? – Bəs onda Rüstəm İbrahimbəyov niyə yalan danışır?..

Rüstəm İbrahimbəyov titullarına arxalanaraq bu yalanları danışmaqla, özünün Rusiyanın şovinist dairələrində mövqelərini daha da möhkəmləndirdi. Bir az daha tərifləndi, populyarlığını yenilədi.

Rüstəm İbrahimbəyova fərqi yoxdur bu xəyanətdən sonra Azərbaycanda onun haqqında nələri düşünəcəklər, heç o xəyanət amilini bəlkədə başa düşmür... Təki rus milyarderləri ona qucaq açsınlar, adını hörmətlə çəksinlər... Allah bundan betərindən xalqımızı qorusun.

Faiq İSMAYILOV
Yazıçı publisist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub