Modern.az

“Düz on ildir nəğməkar şair adına nifrət edirəm”

“Düz on ildir nəğməkar şair adına nifrət edirəm”

18 Sentyabr 2009, 14:59

ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ BABA VƏZİROĞLU

: "YAZIÇILAR BİRLİYİNDƏ SONUNCU DƏFƏ ÖTƏN ƏSRİN 90-CI İLLƏRİNDƏ OLMUŞAM"

  - Baba müəllim sizin ancaq nəğməkar şair kimi qəbul edilmənizə münasibətiniz necədir?

- İlanın zəhləsi yarpızdan gedər, o da gəlib onun qapısının ağzında bitər. Mən on ildir nəğməkar şair adına nifrət edirəm. Vaxtlə bu sözü o qədər ucuzlaşdırdılar ki, hər yerindən duran özünü nəğməkar şair adlandırmağa başladı. Habil Əliyevin təbirincə desəm, hər ərindən boşanan özünü müğənni adlandıran kimi, istedadsız adamlar da özünü nəğməkar şair adlandırdı. Sonradan bəziləri bu ada istehza ilə yanaşdı. Vaxtilə nəğməkar şairlər dövrünün ən qüdrətli şairlərindən olublar. Onlar əvvəlcə şair olurdular, sonra nəğmələr yazırdılar. Bu əsas şərt idi. Nüsrət Kəsəmənli, Cabir Novruz , Nəbi Xəzri kimi şairlərin adını çəkə bilərəm.

- Belə başa düşdüm ki, bu ada nifrət etməyinizin səbəbi dedi-qodudur. Bəlkə bu bir dövrdür, keçib gedəcək ?

- Mən də elə düşünürəm.Və mənim inamım artıq özünü doğrulmaqdadır. Zaman keçdikcə xaos, duman aradan götürülür. Hər şey ələnir. Sabir demiş, yağı yağ olur, ayranı da ki ayran. Bu mənada inanıram ki, bir zamanlar necə ciddi nəsr yazan yazıçı kimi tanınırdım, zaman keçdikcə nəğməkar şair adının üstündəki o duman da götürüləcək. Doxsanıncı illərin əvvəllərindəki əldəqayırma nəğməkar şairlər artıq meydanda yoxdular. Vaxtilə mən mindən çox nəğmə yazmışam.Amma narahatam ki, nə vaxt nəğməkar şair adından təbii şəkildə imtina edəcəm.

- Sizə elə gəlmir ki, bu ada istehza edənlərin içində həm də tanınmış istedadlı şairlər var. Onlar da şair və nəğməkar şair adlarını hallandırırlar.

- Nə bilim vallah, hər kəsin öz baxışı, münasibəti var. Ümumiyyətlə ədəbiyyatın janrlara bölünməsinin əleyhinəyəm. Janr anlayışı ədəbiyyatşünaslıqda var. Ədəbiyyat ya var, ya da yoxdur. 70-80-cı illərdə, bizim çayxana illəri dediyimiz vaxtlarda rəhmətlik Vidadi Məmmədov cəmi üç hekayə yazmışdı. Amma onun hər kəlamı ədəbiyyat idi.

- Deyirlər ki, mahnı mətni yazan şairlərin bazarında pərdəarxası  gizli rəqabət var. Məcazi mənada o pərdəni aradan götürüb açıq danışsaq, nə meydana çıxar?

- İnanın ki, mən bu bazardan çox-çox kənardayam. Alıcılar şəxsən gəlib mənə müraciət edirlər. Başqa cür desəm, mən böyük “marketdə” işləyirəm.

-Sirr seyilsə bir mahnı mətninə görə nə qədər qonarar alırsınız?

- Heç bir sirr-filan yoxdur. Ümumiyyətlə burda konkret məbləğ deməyə çətinlik çəkirəm. Bu dövürdə mahnının qiyməti xoş təbəssümdən başlayıb 10 min 100 min manat arası dəyişə bilər. Təbii ki, 10 min qonorarım olub.

- Müasir Azərbaycan ədəbiyyatdan kimləri oxuyursunuz?

- Müasir ədəbiyyat anlayışını qəbul etmirəm. Yaxşı ədəbiyyat həmişə yenidir. İkinci bir tərəfdən də ədəbiyyatda yaş anlayışını qəbul etmirəm. 90-cı illərdə ədəbiyyata gələn yeni dalğanın nümayəndələrini oxuyuram. Rafiq Tağı, Rasim Qaraca, Həmid Herisçi, Aqşin və başqaları. Mən özüm haqqında iki kəlməlik xarakteristika versəm belə, yazardım : çox istedadlı oxucu. Mən oxumasam yaşaya bilmərəm.Azərbaycan ədəbiyyatında yaxşı nə varsa hamısını əzbər bilirəm. Hər gün yatmazdan əvvəl “mütaliə həbi” içirəm.

- Uzun illər Yazıçılar Birliyində çalışmısız. Amma nədənsə birliyin tədbirlərində iştirak etmirsiniz.

- Mən Yazıçılar Birliyində sonuncu dəfə ötən əsrin 90-ci illərində olmuşam. Vaxtilə mənim oradan çıxmağım üçün şans yarandı və mən o şansdan istifadə edə bildim. Sonradan daha işıqlı adamlarla işlədim. Rüstəm İbrahimbəyov kimi qlobal düşüncəli insanlarla çalışdım.

- Özünüzü potensial nasir hesab edirsinizmi?

- Əlbəttə. Mən nəsr sahəsinə həmişə sadiq qalmışam. Özümə xobbi saydığım nəğməkar şair taleyimdə güzəştlərə gedə bilərəm. Amma nəsr sahəsində əstəfürullah, Tanrının özünə də güzəştə gedə bilmərəm. Bir gecənin içində özünü nəğməkar şair elan edənlərin yerini daraltmaq üçün nəğmələr yazdım. Cavan şairlərə deyirəm ki, özünüzü kasıb oğlu kimi aparmayın. Artıq dərviş psixologiyası ilə yaşamaq yetər. Bir qələm bir kağızla dünyadan təcrid olub yaşamaq vaxtı deyil. Cəmiyyətə qaynayıb-qarışmaq vaxtıdır. Bu mənada bizim  istedadlı şairlər özlərini təzə gəlin kimi abırlı aparırlar. Başa düşə bilmirəm ki, onlar mahnı janrından niyə kənar qaçırlar. Ona görə də söz yığını yazanlar  meydandadır.

- Meyxana yarışmalarında münsif kimi iştirak edirsiniz. Bu meyxana yarışmaları  Azərbaycan mədəniyyətinə nə verdi?

- Mədəniyyət səviyyəsinə qədər bir neçə mərhələ var ki, mən onları demək istəyirəm. Birincisi, meyxana deyən insanları kriminal aləmdən söz aləminə qaytardıq. Meyxana sənəti varsa, biz onu niyə xalqa təqdim etməyək. Xalqda meyxanaya pataloji meyillilik var. Hətta mən yarışmalardakı iştirakçılara şeirin nə olduğunu başa salmağa çalışıram. Məsələn, Ramiz Rövşəndən şeirlər spyləyirəm. Ümumiyyətlə meyxananın əsasını şeir təşkil edir. İkinci bir tərəfdən də meyxana deyən insanları toy estetikasından uzaqlaşdıra bildik. Efir milyonlar deməkdir. Milyonların qarşısına mağar estetikası ilə çıxmaq olmaz. Onları bir-birinə hərbə-zorba gəlməkdən , qeyri-etik ifadələr işlətməkdən çəkindirə bildik. Yol göstərdik ki, sənətinizi mədəni səviyyədə xalqa təqdim edin. İştirakçıların davranışında, bir-birinə münasibətində, böyük mənada sözə münasibətdə  xeyli irəliləyiş var. - Ziyalıların belə telelayihələrə mənfi münasibətini nə ilə izah edə bilərsiniz?

- Mən bunun kökündə nəyin dayandığını başa düşə bilmirəm. Əgər bu sənət varsa, nəyə görə onu gizlətməliyik? Reallıq eybəcər olsa belə onu qəbul etmək lazımdır.

- Bəstəkar Kamalla “İlahi” mahnısını ictimaiyyətə təqdim etdiniz. Hazırda birlikdə hansı mahnı üzərində işləyirsiniz?

- İki mahnı üzərində iş gedir. Bu mahnılar Flora Kərimovanın ifası üçün nəzərdə tutulub.

 

Cavid ZEYNALLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi