Modern.az

Parlament jurnalistləri deputat Aydın Abbasovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Aydın Abbasovu necə xarakterizə edirlər?

Parlament

15 Mart 2010, 15:05

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Aydın Abbasov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? 

“Yeni Müsavat” qəzetinin əməkdsaşı Elşad Paşasoy: “Aydın Abbasov deputat kimi deyil, atasının adı ilə tanınır. Həm atası, həm də özü barədə bəzi yazılarla bağlı münasibətini öyrənmək üçün dəfələrlə etdiyim müraciətlər cavabsız qalıb. Onun nə qanunvericilik təşəbbüsü ilə, nə də seçicilərinin hüquqlarının müdafiəsi ilə bağlı bir çıxışına rast gəlməmişəm. Açığı Aydın Abbasov mənim üçün bir sirli deputatdır. Onu parlamentdə dostluq etdiyi deputatlarla tez-tez bir yerdə görmək mümkündür”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisdə atasının adı ilə tanınır. Bir çıxışını eşitməmişəm. Seçiciləri ilə necə işlədiyindən xəbərsizəm. Bir jurnalist kimi onun da çıxışını eşitmək istərdim. Məncə, nəticə etibarilə jurnalistin belə qənaətə gəlməsi deputat üçün yaxşı hal deyil”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Aydın Abbasovu Milli Məclisin ən passiv deputatlarıəndan biri kimi qiymətləndirirəm. Mən yalnız onun bir çıxışının şahidi olmuşam, 2007-ci ilin martında hökumətin hesabatı zamanı danışdı. Ardınca da Hüseyn Abdullayevlə Fəzail Ağamalı dalaşdı. Məncə, o, atasına görə seçilib. Gəncədəki seçiciləri ilə də əlaqəm var. Heç seçiciləri onu tanımır”.

“Üç nöqtə” qəzetinin  əməkdaşı Elməddin Muradlı: “Aydın Abbasovun gənc deputatlar arasında öz yeri var. Yaxşı insandı, səmimidir, ünsiyyətcildir. Amma çoxt vaxt bəzi jurnalistlərdən uzaq qaçır. Parlamentdə fəaliyyəti o qədər də hiss olunmasa da, bilirəm ki, seçildiyi dairədə-Gəncədə çox böyük hörmətə malikdir. Onun çox maraqlı seçki taktikası olub və bu gün də seçiciləri ilə sıx münasibətdədir. Məncə, ağsaqqal deputatların çoxu Aydın Abbasovdan nümunə götürsə, seçicilərə köməkləri dəyər”.

"525-ci qəzet"in əməkdaşı Kamil Həmzəoğlu: "Aydın Abbasov gənc və perspektivi olan siyasətçilərdəndir. Düzdür, beşillik deputatlıq fəaliyyəti dövründə parlamentdə və mediada xüsusi fəallıq nümayiş etdirməyib, ancaq bununla belə istəsə,  dediyim kimi çox yaxşı gələcəyə malik siyasətçiyə və deputata çevrilə bilər. Bunun üçün onun hər bir şansı var. Jurnalistlik fəaliyyətim dövründə onunla cəmi 1-2 dəfə ünsiyyətdə olmuşam, müsahibə götürmüşəm. Görmüşəm ki, kifayət qədər savadlı, məlumatlı, səmimi, ünsiyyətcil, ən əsası isə vətənpərvər insandır". AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: "Gənc və perspektivli siyasətçi təsiri bağışlayır. Onun gələcəyinə ümid etmək olar". “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Aydın müəllim gənc deputatlardandır. Mən onu müsbət xarakterizə edərdim. Savadlıdır və Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edir”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Aga Cəfərli: “Aydın Abbasovu ən passiv deputatlardan biri sayiram. Millli Məclisdə demək olar ki, cıxış etmir. İctimai-siyasi fəallıgı da görünmür. O cəmi bir neçə dəfə mətbuata müsahibə verib, atası ile bağlı yayılan dezinformasiyalara münasibət bildirib, vəssalam, basqa fəaliyyətini səxsən mən görməmişəm”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Məndə onun barəsində savadlı, mədəni gənc təəssüratı var. Təəssüf ki, bunu qanunvericiliyimizin inkişafına yönəltmir. Arzu edərdim ki, potensialını ortaya qoysun. İndiyədək jurnalistlərlə arasında heç bir problem olmayıb. Hiss olunur ki, jurnalistlərlə münasibət qurmaqda maraqlıdır”.

 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Gənc deputatlar arasında özündənrazılığı ilə seçilir. Məncə, jurnalistlərə dırnaqarası baxır. Onlara heç sevmir. Milli Məclisdə də o qədər aktiv deyil. Hesab edirəm ki, Aydın Abbasovun ən böyük uğuru biznes sahəsində ola bilər”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Jurnalistlər ictimai-siyasi həyatla çox maraqlanırlar. Buna rəğmən deyə bilərəm ki, jurnalist olaraq parlamentə getməsəydim, Aydın Abbasovu tanımazdım”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Parlamentdə ən passiv deputatlardandır. Baxmayaraq ki, Aydın Abbasov Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür, ancaq onun nə qanunvericilik, nə seçici hüquqları, nə də beynəlxalq aləmdə bir işinin şahidi olmamışam. Hətta seçildiyi dairədən məsələ qaldırılanda da münasibət bildirmir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Daha çox keçmış baş nazirinin birinci müavinin oğlu kimi tanınır. Parlamentdə fəaliyyətini görməmişəm. Hətta onun səsini belə eşitməmişəm. Bəlkə də komitənin iclaslarında danışır. Eşitdiyimə görə, həm də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Onun fəaliyyətini yüksək qiymətləndirirəm. Savadlı deputatlardandır. Bacarıqlıdır, bir neçə dil bilir. Vətənpərvərdir, xüsusilə də böyük bir şəcərənin davamcısı kimi ona yüksək qiymət verirəm. Nədənsə Aydın Abbasov publika ilə işləməyə meyilli deyil. Bizdə isə belə bir ənənə var ki, kim publika ilə işləyirsə, o, aktiv hesab edilir”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Bu 5 il ərzində Aydın Abbasovun deputat kimi fəaliyyətini nə parlament binasında, nə də kənarda görməmişəm. Müzakirələrdə adətən iştirak etmir, sanki heç bir məsələyə marağı yoxdur. İctimai fəaliyyəti, seçicilərlə işi haqqında məlumatlı deyiləm. Yalnız bir neçə deputatla gəzir, jurnalistlərin yanından da sakitcə ötüb keçir. Məncə,  Furad Muradov və Əkrəm Abdullayevdən fərqli olaraq, Aydın Abbasov bu çağırışda parlamentə gələn gənc deputatlardan gözləntini doğrultmadı”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir