Modern.az

Azad Qəradərəli: “Şairlərin nəsrə keçmək cəhdlərini görəndə ürəyim ağrıyır” - MÜSAHİBƏ

Azad Qəradərəli: “Şairlərin nəsrə keçmək cəhdlərini görəndə ürəyim ağrıyır” - MÜSAHİBƏ

Ədəbi̇yyat

9 Aprel 2013, 10:11

Azad Qəradərəli Milli Kitab Müsabiqəsində (MKM) “Kuma-Manıs çökəkliyi” əsəri ilə “10-luq”a düşüb. Modern.az-a verdiyi müsahibədə o, üçlüyə düşmə şansını zövq məsələsi ilə əlaqələndirib.

– Ədəbiyyat zövq məsələsidir. Ola bilər ki, romanım ekspertlərin zövqünü oxşasın, amma münsiflərinkini yox. Düzdür, bu, ucdantutma olmaz. Amma kiminsə xoşuna gəlməyə bilər. Ola da bilər ki, ekspertlərin hamısının yüksək qiymət verdiyi kimi (bunu dəqiq bilirəm ki, ekspertlər hamılıqla yüksək qiymət veriblər mənim romanıma) münsiflərə də yaxşı təsir etsin və siz dediyiniz nəticə alınsın.

Siyahıda iki əsərlə tanışam: Qan Turalının və Şəhriyar Hacızadənin kitablarını oxumuşam. Digər əsrləri isə oxumadığım üçün fikir söyləməkdə çətinlik çəkirəm. Amma yaşlarına görə adlarını çəkdiyim gənc müəlliflərin əsərləri tərifəlayiqdir.

– Müsabiqənin qaydalarında nəyi dəyişmək istərdiz?

– Bunu Nigar Köçərlidən soruşmaq lazımdır. Mən isə bir onu əlavə edərdim ki, ədəbiyyata pul qoymağı bizim imkanlılara öyrətmək lazımdır, onlardan pul qoparıb mükafatı 5-10 minə qaldırsalar, olar əla. Hərçənd bu hələ uzun zaman xülya olaraq qalacaq, deyəsən.

– Ekspertlərin tərtib etdiyi siyahı sizi qane edirmi?

– Vallah, nə deyim, adlarını çəkdiyim iki gəncdən əlavə Vahid Qazi var burda, o yazıçı deyil və özü dediyi kimi, heç buna iddialı da deyil. Amma o kişinin qələmi var və bunun necə olmasından asılı olmayaraq, oxucu onu qəbul edir. Zahid Sarıtorpağı gözəl şair kimi tanıyıram və qələminə də hörmətim var. Rəhmətlik Zakir Sadatlı da ki məlumdur. Qalır Sayman Aruz, onun da əsərini oxumamışam, amma qələminə inandığım Tehran Əlişanoğlunun fikrini əsas gətirib deyə bilərəm ki, bu da təsadüfi deyil (Tehranın məqaləsini oxumuşdum bu haqda hardasa) Pərvin Nurəliyeva haqqında heç nə deyə bilməyəcəyəm, çünki mətnlərini oxuya bilməmişəm. Rusca əsərlər barədə də onun kimi.

– Qarşısında “milli” sözü olan müsabiqədə rusdilli əsərlərin iştirakına necə baxırsız?

– Ədəbiyyat dil hadisəsidir, məncə, bunu bilməyən yoxdur. Əksər əsərlər öz ana dilində şöhrət tapandan sonra dünya səddini aşa bilir. Amma burda çox da mühafizəkarlığa hacət yoxdur, məncə. Nədən? Ondan ki bu gün dünyanın ən yaddaqalan əsərlərinin üçdən biri yəhudi əsilli müəlliflər tərəfindən yazılır, amma heç biri doğma dildə deyil: ya rusca, ya ingiliscə. Deməli, qəti fikir söyləmək çətindir. Elə bilirəm ki, rusca yazanları top-tüfənglə qarşılamağın vaxtı çoxdan ötüb. Nəsə bir qədər ayrı düşüncəylə yanaşılmalıdır belə hallarda. Bəlkə elə indiki variant ən doğrusudur? Yaxud onları ayrıca bir nominasiyada qiymətləndirmək gərək? Məncə, ciddi müzakirəyə ehtiyacı olan məsələlərdəndir.

– Nəyə görə Milli Kitab Müsabiqəsi adlanan MKM-də bəzən kitabların özü yox, onların elektron versiyası iştirak edir?

– Kitab o demək deyil ki, gərək hökmən çap oluna, hamı oxuya. Bəlkə biri yazıb, amma çap etdirməyə pulu yoxdur, indi bunun imkanlarını məhdudlaşdıraq? 90-cı illərdə nə qədər əsərlər əlyazması şəklində yayılırdı?! Qaldı bu “milli” sözünə, bu niyə sizə və bəzilərinə çöçün gəlir, bilmirəm. Bizim bu “milli” sözünə hələ çox ehtiyacımız olacaq. Milli o demək deyil ki, biz Azərbaycan türkləri qeyri xalqların hüquqlarını tapdalayaq. Yox, “milli” deyəndə, bizim milli heysiyyətimiz, milli kimliyimiz, milli burjuaziyamız (təəssüf ki, biz indi bu sarıdan daha çox əziyyət çəkirik, çünki hər pulluya milli burjuaziya deyilməz) və əlbəttə ki, milli kitab mükafatımız nəzərdə tutulur. Ona qalanda gərək ABŞ-da “milli” sözünü lüğətdən silsinlər.

– Müsabiqədə poeziya kitabının iştirak etməməsi nə dərəcədə doğrudur?

– Hə, burda iş bir qədər qarışıqdır. Mən şeiri, poeziyanı nəsrdən az sevmirəm və şeirin heç bir janrın quyruğuna bağlanmasının tərəfdarı deyiləm. Bizdə gözəl şairlər var və bəzən o gözəl şairlərin şeirdən nəsrə keçmək cəhdlərini görəndə ürəyim ağrıyır. Məncə, şeiri bura qatmaq düz deyil. Ya buna ayrıca nominasiya ayrılmalıdır, ya da qəbul olunan bir, yaxud, bir neçə şeir deyil, kitab həcmində olmalıdır. Yəni şeir kitabı. Həmin kitaba da ayrıca mükafat nominasiyası təşkil olunmalıdır.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir