Modern.az

İsmayıllı: bölgənin adı necə yaranıb? – Araşdırma

İsmayıllı: bölgənin adı necə yaranıb? – Araşdırma

9 Aprel 2013, 10:47


 

Tarixdə daha şərəfli iz qoyan, kitablarda adına daha tez-tez rast gəldiyimiz, uşaq vaxtı məşhur sərkərdə Şah İsmayıl Xətainin düşmənlərdən gizlədildiyi yer kimi məşhurlaşan İsmayıllının adı çəkiləndə son zamanlar rayonda baş verən hadisələr gəlir. Həmişə təbiəti, təmiz havası, suyu, gəzməli, görməli yerləri ilə danışılan rayon bir müddət hamının diqqətini rayondakı narazılıqlarla özünə cəlb edə bildi. Rayon kimi elə də böyük tarixə malik olmasa da onun adı ilə bağlı maraqlı fikirlər səsləndirilir.

 

Modern.az İsmayıllının toponimini araşdırıb.  

 

Əksər tarixçilərin araşdırmalarına görə, İsmayıllı rayon olmamışdan əvvəl rayonun ərazisində İsmayıllı kəndi olub. Buranın yerli sakinlərinin əsas məskunlaşdıqları yer VII-VIII əsrlərə aid Həzrə qəbiristanlığı yaxınlığındadır. Daha sonra oradan yavaş-yavaş indiki kənd ərazisinə köçüblər. Ehtimal olunur ki, həmin camaatın içərisində çox hörmətli ağsaqqal İsmayıl kişinin adını da sonradan bu kəndə veriblər.      

 

Məlumdur ki, bir inzibati rayon kimi İsmayıllı rayonu 1931-ci ildə təşkil olunub və 1932-ci ildə inzibati mərkəzə çevrilib. Araşdırıcılar İsmayıllı sözünü “su meylli” söz birləşməsindən əmələ gəldiyini deyirlər. Bəzi tarixçilər isə rayonun adının “su meylli” sözü ifadəsi ilə yox, ismaili təriqətinin adı ilə bağlı olduğunu iddiasındadırlar. Çox maraqlıdır ki, Lahıc yolundakı, ziyarətgaha çevrilmiş bir məkanda yerləşən iri həcmli bir daşa xalq arasında “Əli daşı” deyirlər. Rəvayətə görə, dördüncü xəlifə həzrət Əli bu yerlərdən keçib və həmin daşın üzərində Həzrət Əlinin ayaq izləri qalıb. Xəlifə Əlinin bu yerlərdə olması inandırıcı görünməsə də, İsmayılı təriqətinin bağlı olduğu şəxs xəlifə Əlinin törəmələrindəndir. Xalq yaddaşında qalan bu həzrət Əlinin deyil, onun nəslindən olan şəxslərdən birinə məxsus olması daha böyükdür.


“İsmayıllı” sözünün ərəb mənşəli toponim olması fikrinin sübutuna kömək edəcək dəlillərdən biri də “Həzrə piri” ifadəsində ki, “pir” sözüdür. Pir – icma başçılarına və rəhbərlərinə deyilir.

Həzrəpirində xaç formasında abidə öz mahiyyəti etibarilə İslama qədərki xristianların tarixi yadigarı olduğuna şübhəmiz yoxdur. Yəni ərəblər burda məskunlaşarkən bu abidə xristian qəbiristanlığı mövcud olub. Güman etsək ki, İslamın erkən dövrlərində hələ dini fanatizm yaranmamışdı onda düşünmək olar ki, heçdə ərəblər bu xristian qəbiristanlığına bizim düşündüyümüz pir kimi yanaşa bilməzdilər. 

Deyilənlərə görə, Həzrəətrafı ərazilərdə olan yaşayış məntəqələri yer üzərindən silinib. Çox-çox sonralar haqqında söhbət gedən ərazilərdə yaşayan əhali tədricən bu gün ki, İsmayıllının ərazisində məskunlaşıblar və İsmayıllı adını da özləri ilə bərabər bu məkana daşıyıblar. Tarixçilərin fikrincə, əhalinin bu ərazidə məskunlaşması, yəni Həzrə ətrafı ərazidən gələrək yaşamağa başlaması son 250-300 ilə aid ola bilər.

 

Tarixçi Famil Əhmədzadə də tarixçilərin irəli sürdüyü bu məqamları təsdiqləyir. Onun sözlərinə görə, İsmayıllı bir rayon kimi qədim yer olmadığından onun adının yaranması haqqında da az məlumat var: “Bir sıra tarixçilər deyir ki, İsmayıllı rayonunun adı “su axan” yer mənasını verir. Bu da rayon ətrafında çoxlu çayların olmasından irəli gəlib. Su meylli olduğundan İsmayıllı adlandırılıb. Əvvəllər İsmayıllı Şamaxı rayonun (qəzasının) tərkibində olub. Ona görə də rayonun adı ilə bağlı az məlumat var. Belə bir versiyada səsləndirilir ki, rayonun adı vaxtilə onun ərazisində olan İsmayıllı kəndinin adından götürülüb. Çünki İsmayıllı kəndinin adı daha qədimdir.

 

Şair Musa Yaqub deyir ki, İsmayıllı rayonuna onun coğrafi mövqeyinə görə adlandırıblar: “Ümumiyyətlə çox yerin adım onun coğrafi mövqeyinə görə verilir. Məsələn, Küpür, Keçəl təp, Alaxan, Göyçay. İsmayıllı rayonunu adı isə “su meylli” mənasını verir. Ərazi dağlar arasında yerləşdiyindən su yığılan yer kimi tanınır. Elə yaşlıların dilində də İsmayıllıdan çox “su meylli” ifadəsi işlənir. Şirvanda meyl sözü çox işlənir. Həm də rayonda yerdə hara vurursan su çıxır”. M. Yaqub onu da bildirdi ki, çoxları rayonun adının şah İsmayılın ora gəlməsi ilə yarandığını deyirlər. “Amma belə bir şey yoxdur. Coğrafi baxımdan həmin ərazi aşağı olduğu üçün su meylli ərazi olub. Ona görə də rayonun adı “İsmayıllı” adlandırılıb”.     

 

Gültəkin Ələsgər


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?