Modern.az

Oqtay Əsədov ATƏT PA-nın sədrini qəbul edib

Oqtay Əsədov ATƏT PA-nın sədrini qəbul edib

15 Mart 2010, 17:59

Modern.az xəbər veriri ki, bu gün Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüşdə spiker bildirib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT PA ilə əlaqələrin inkişafına xüsusi önəm verir: “Bu gün demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz təşkilatın müxtəlif strukturları ilə əməkdaşlığı günbəgün genişləndirir. Azərbaycan nümayəndə heyətinin üzvləri ATƏT PA-nın tədbirlərində fəal iştirak edirlər və biz bu fəaliyyəti təqdirəlayiq hesab edirik”.

O.Əsədov Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqeyini diqqətə çatdırıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki rolundan söz açıb: “Regiondakı həll olunmamış münaqişələr bölgənin Avropa strukturlarına inteqrasiyasına və inkişafına mane olmaqla yanaşı Cənubi Qafqazın təhlükəsizliyini daim təhdid edir. BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Erməni xalqı xarici ölkələrdəki diasporun siyasi ambisiyalarının girovuna çevrilib. Bu məsələdə Avropa artıq öz seçimini etməlidir. Ya bölgədə inkişafı, tərəqqini seçməli, ya da erməni lobbisinin uydurmalarını “dinləməlidir”. 20 ildir ki, Dağlıq Qarabağda Azərbaycana məxsus mədəniyyət abidələri, klublar, kitabxanalar yerlə yeksan edilir, dünya birliyi isə müəmmalı şəkildə bu hallara göz yumur. Problemin həlli ilə artıq 18 ildir ATƏT-in Minsk qrupunun məşğul olmasına baxmayaraq, çox təəssüf ki, real nəticə hələ ki, yoxdur. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq”.

Sədr qeyd edib ki, Azərbaycan tərəfinin bu mövqeyini dəfələrlə bəyan etməsinə baxmayaraq, Ermənistan qonşu dövlətin ərazisini işğaldan azad etmək istəmir: “Belə olan halda, təbii ki, rəsmi Bakı mümkün olan bütün vasitələrdən istifadə edərək ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır. Ancaq biz inanırıq ki, ATƏT-in Minsk qrupunun  və beynəlxalq birliyin səyi nəticəsində problem sülh yolu ilə tezliklə öz ədalətli həllini tapacaq”.

 

ATƏT-in PA-nın sədri Joao Suareş Azərbaycanda gördüyü inkişafdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib: “Təmsil etdiyi təşkilat Cənubi Qafqazda Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyyətini yüksək dəyərləndiririk”.

 

ATƏT PA-nın sədri Cənubi Qafqaza səfər zamanı bölgədəki vəziyyətlə yaxından tanış olduğunu və regiondaki problemlərin həlli üçün qurum çərçivəsində səylərini artıracağını diqqətə çatdırıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir