Modern.az

QHT müsabiqəsinin də qalibləri bəlli oldu

QHT müsabiqəsinin də qalibləri bəlli oldu

15 Mart 2010, 18:11

 

2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələri müəyyənləşib. Bu barədə Modern.az saytına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib. Beləliklə, 199 təşkilata  1.155.090 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul edib. 

Maliyyə yardımı müsabiqəsi 8 dekabr 2009-cu ildə elan edilmiş və aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutub: 

İnsan hüquqları və demokratiya;

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycanın dünya birliyinə inteqrasiyası;

Ətraf mühitin mühafizəsi;

Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi;

Təhsil və mədəniyyət;

Sosial və iqtisadi məsələlər;

Müsabiqəyə 489 layihə daxil olub. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilib və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılıb. 1 təşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. 406 layihə ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.

 

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə alıb.

 

Beləliklə, 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq, 199 təşkilat seçilib.

Qeyd etmək lazımdır ki, QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 903.000 AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini və davamlı xarakterini nəzərə alaraq, bu vəsaitin daha 252.000 AZN həcmində artırılmasını mümkün  sayıb. 

Müsabiqə qaliblərinin siyahısı bu gün Şuranın WWW.QHTXEBER.AZ saytına yerləşdiriləcək.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir. 

Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?