Modern.az

Mirzə Fətəlinin yazısı Anara qarşı iddianı puç etdi - Tarixi qeyd

Mirzə Fətəlinin yazısı Anara qarşı iddianı puç etdi - Tarixi qeyd

Mədəni̇yyət

11 Aprel 2013, 17:24

Yazıçı Anar və quruluşçu rejissor Ramiz Həsənoğlunun birgə ekran işi olan “Sübhün səfiri” filminə lap əvvəldən etiraz edən tarix elmləri doktoru Solmaz Tohidi yeni iddialar səsləndirib. O, filmdəki bir epizodla bağlı öz narazılığının bu cür əsaslandırıb:
“Filmdə ikrah doğuran bir səhnə var – Axundovun İran konsulu ilə görüşü səhnəsi. Əgər ümumiləşmiş obraz yaratsaydılar, hardasa başa düşmək olardı. Amma o, qəhrəmana tarixi şəxsiyyət olan Mirzə Hüseyn xanın adını qoyub. Mirzə Hüseyn xan görkəmli tarixi şəxsiyyətdir, İranın ədliyyə naziri, sonra baş vəziri vəzifələrində çalışıb, Axundovla da yaxşı münasibətləri olub. İstanbulda konsul olanda, əlifba məsələsində Axundova kömək etmək istəyib. Filmdə üç dəqiqəlik göstəriblər ki, Axundov əlifba islahatının nümunəsi olan qovluğu gətirir Mirzə Hüseyn xana, özü çay içir, Mirzə Hüseyn xan “borjomi” butulkasında araq içir, sərxoş olur. Bayırdan kimsə gəlib deyir ki, səni erməni əxlaqsız qadın gözləyir. Mirzə Hüseyn xan Axundovun sözünü ağzında qoyub qaçıq həmin qadının yanına. Axundov da əsəbiləşir, qovluğunu götürüb gedir. Bu nə deməkdir? Böyük tarixi şəxsiyyət haqqında belə təhrif olar? Sabah İran bu filmə baxsa, nə deyər?..”.

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlu Modern.az-a açıqlamasında ssenari müəllifi olan AYB sədrini müdafiə edib:

“Əvvəla, onu deyim ki, Anar çox gözəl yazıçımızdır. Ramiz Həsənoğlu da işinin ustası olan bir adamdır. Onlar da Mirzə Fətəli Axundovun yazdıqlarına əsaslanıblar. Bildiyimə görə, Mirzə Hüseyn xan konsul vəzifəsində işləyirdi. Mirzə Fətəli Axundov ona çox etimad göstərsə də, Mirzə Hüseyn xan demək olar ki, onun ümidlərini puç etmişdi. Mirzə Fətəli Mirzə Hüseyn xanla haqqında sonradan fikirlərinin kəskin şəkildə dəyişməsini yazır. Anar da bu faktı yəqin obrazların diliylə belə çatdırıb. Çox şeyi şişirtmək də lazım deyil”.

Məti Osmanoğlu Axundovun xatirələrindən Mirzə Hüseyn xan haqqında fikirlərini də bizə təqdim etdi:
“İstanbulda Mirzə Hüseyn xanın əlindən müsibətlər çəkmişəm ki, əgər onların hamısını yazsam, başağrısına səbəb olar. Bu adam keçmişdə Tiflisdə öz dövlətinin konsulu idi. Qəlbən mənə qarşı şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən tamamilə xəbərsiz olub, onu özümə dost hesab etdiyimdən, İstanbulda onun evində mənzil etdim. Nəhayət, o, ədavətini büruzə verdi. Bütün Osmanlı nazirlərinin qarşısında məni İslam dini və dövlətinin bədxahı kimi qələmə verdi. Sonralar məlum olduğuna görə, onun ədavət bəsləməsinə səbəb
guya bu imiş ki, mən türkcə “Təmsilat”ımda iranlıların yaramaz əxlaq və rəftarını pisləmişəm”.

Elmin Nuri 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır