Modern.az

Qabilin o dünyadan Anara MƏKTUBU: “Anar, vəziyyət gərgindir!”

Qabilin o dünyadan Anara MƏKTUBU: “Anar, vəziyyət gərgindir!”

12 Aprel 2013, 17:10

Mahir Qabiloğlu

“Yazıçılar Birliyində kabus dolaşır - bölünmə kabusu”

 

- Əzizim Anar! Salam! Çoxdandır ki, sənə məktub yazmıram. Heç sən də məni yada salmırsan. Rəsul deyirdi ki, o gün - aprelin 1-də, atovun ad günündə Fəxri Xiyabana gəlibmişsən. Gələndə biz tərəfə də keç. Bir üzünü görək. Rəsul kimi Bəxtiyar da, Nəbi, Mirzə İbrahimov, İlyas da səni çox istəyirik, axı...
Gəl bir bizləri gör, gül-zad lazım deyil, sadəcə ziyarət elə... Sonra da get papağı qoy qabağına, fikirləş. Hansı daha zəngindir? Sənin rəhbərlik etdiyin Birlik, yoxsa Fəxri xiyabanda torpağın altında uyuyanlar? 
Gördüm ki, gəlmirsən-getmirsən, yazmırsan, məcbur olub mən yazdım. Səbəbkar da-ilana zəhər verən kərtənkələ, sapı özümüzdən olan balta-oğlum Mahirdir. Mat-məəttəl qalmışam ki,    Yazıçılar Birliyinin üzvü olmayan, yazıçı olmayan, olsa da mən tərəfdən heç vaxt yazıçı kimi    qəbul olunmayacaq Mahir nə əcəb qocaman bir təşkilatın işinə qarışır?

Yazısının da adını gözəgəlimli olsun deyə “Elçin Samvel Qriqoryanın evində yaşayırdı” qoyaraq özünün, yazısının reytinqini artırıb. Heç onun da fərqinə varmayıb ki, nə Elçin İlhamə Quliyevadır, nə də Mahir Nazpəri Dostəliyeva. Elçinin adından istifadə edib özünə reytinq qazanmağa çalışır. Qazanır qazansın. Amma mənim adımla – Qabiloğlu – təxəllüsüylə yazmasın. Elçinlə aramı vurmasın. Nə isə. Onsuz da düzələn deyil. Acıdildir, dili də ağzına yerləşmir. Lap... 

Amma gözəl bir rus məsəli var: “Net xuda bez dobra”. Hər pislikdə də bir xeyir var. Mahirin yazmağının həmişə əleyhinə də olsam, “Dörddə bir yazıçılara” ünvanladığı yazısı bizi oyatdı. 
Anar, artıq biabırçılıq son həddə çatıb. Bir mənzil 4 yazıçı arasında bölünür. Bir mükafat iki yazıçı, şair arasında bölünür. İndi deyəcəksən ki, burda təhlükəli nə var ki?... Var. Mən deyim sən də agah ol. Azərbaycan Kinematoqrafçılar İttifaqı var idi... Biri də yarandı. Jurnalistlər İttifaqı var idi. Həmaxirətçim Hacı Hacıyev də sədri idi. Diri-diri devirdilər, dedilər ki, bəsdi də. Elçin Şıxlı da sədr oldu. Hacını da xala-xətrin qalmasın “fəxri sədr” adlandırdılar. İki il dözmədilər ki, ölsün. İndi də növbə Yazıçılar Birliyinindir. Çünki bölə-bölə gedirsən. Belə getsə  birliyi də böləcəklər. 

Anar, mən oğlum Mahiri yaxşı tanıyıram. 47 yaşına çatıb, indi “razqon” götürüb. Varislik prinsiplərini əldə rəhbər tutaraq, sabah yığacaq gəncləri başına. Köhnəqalalardan alınması mümkün olmayan qala yaradacaq, Başkeçidlə bütün keçidlərinizi bağlayacaq, lazım olsa Qan Turalla qan da salacaq. Bir 500 nəfər də məni sevən yaşlı yazıçıları bulvardakı “Nu, poqodi” çayxanasında yığacaq başına... deyəcək ki, “Mən Yazıçılar İttifaqının sədriyəm”. Hələ həyasız-həyasız üzünüzə də duracaq ki, “necə olur xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu Anar sədr ola bilir, mən yox? Necə olur ki, xalq yazıçısı İsmayıl Şıxlının oğlu sədr ola bilir, mən yox? Necə olur ki, xalq yazıçısı İlyas Əfəndiyevin oğlu baş nazirin müavini ola bilir, mən – xalq şairi Qabilin oğlu yox?”.

Haqqı da var. Mən isə bunu istəmirəm. Amma, Anar, bu təhlükə, faciə, fəlakət qaçılmazdır. Mahir yazıçıların başına keçsə, səndən də pis olacaq. Sənin kimi 22 il yox, 25-30 il hakimiyyətdə qalacaq, kiflənəcək. Amma yazıçılarımız evlərlə təmin olunacaq, mənim təşəbbüsümlə tikilən yaradıcılıq evləri istifadəyə veriləcək, 50, 55, 60 yaşlı gənc yazıçılarımız mənzil üzü görəcək, Prezident İlham Əliyev mənim təşəbbüsümlə 180 gənc və yaşlı yazıçıya təqaüd vermişdi, ya  Mahir onu 500-ə çatdıracaq, mənim hesabıma 10 ildən artıqdır ki, prezident təqaüdü alan Fikrət Sadıq və Yazıçılar İttifaqının digər vəzifəli üzvləri - Ayaz Vəfasız, üzr istəyirəm Ayaz Vəfalı da - əlllərinə tər qərənfillər alaraq, Rəsul Rzanın da qəbri daxil olmaqla İlyas Əfəndiyev, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Cabir Novruz, İmran Qasımov, İsmayıl Şıxlı, Bəxtiyar, Nəbi Xəzri - Azərbaycanın ilk xalq yazıçısı erməni Aleksandr Şirvanzadə və xalq şairi Samvel Qriqoryandan başqa, 31 xalq yazıçı və şairinin, klassiklərimizin qəbirlərini ziyarət edəcəklər. Hələ ölü və sağ ikən ölü, tanınmayanları demirəm.

“Üzeyir Hacıbəyov Musiqi günü” kimi Səməd Vurğunun anadan olan gününün Poeziya günü kimi qeyd edilməsinə nail də olacaq. Adıma bir mükafat təsis edəcək. Mozambikin prezidenti    Armandu Qebuza Bakıya gələndə ona da təqdim edəcək. Uzaq Afrikada da məni tanıyacaqlar. Necə ki, Xorvatiya prezidenti bu gün də “İlyas Əfəndiyev mükafatı” laureatı olmağıyla fəxr edir. 

Anar, vəziyyət gərgindir. Səni tanıyanlar da narazıdır, tanımaq istəməyənlər də. Bir sual verim sənə. Əgər Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı olsaydı və “Azərbaycan” jurnalının 90 illiyi keçirilsəydi, baş redaktor İntiqam Qasımzadə xalq yaçıçısı olmazdımı? Əgər “Ədəbiyyat qəzeti”nin yubileyi olsaydı, layiq olmasa da, bir misrası belə yaddaşlarda qalmasa da, baş redaktor Ayaz Vəfalı xalq şairi olmazdımı?

Yazıçılar Birliyinin ikinci adamı Fikrət Qoca yubileyində “İstiqlal” ordeni yerinə quru diplomla təltif edilərdimi? O sənin xidmətindir ki, gənclər Ramiz Rövşəni “çürük kartofunu tərifləyən gədəbəyli” adlandırırlar. Özünün qazdığı quyudur, düşür. Önərlə bizi inkar edirdi. İndi isə özünü inkar edirlər.   

Anar, əlac ona qalır ki, Elçibəy kimi ümid yeri axtarasan. Yoxsa, Mahir Surət Hüseynov kimi gəlib səni yıxacaq. Elə bilirsən ki, ətrafındakılar səni müdafiə edəcək? Əsla. Çünki onlar mənzil, quru fəxri ad almaqda sənə ümidli, möhtac idilər. İndi isə bu ümidləri də boşa çıxıb. Əleyhinə durmasalar da, müdafiə də etməyəcəklər. Səs verməyəcəklər. Sən isə Çar Nikolay Lenini tanımayan kimi, Mahiri ciddiyə almırsan. Düz edirsən. Birdən çaşıb, ciddiyə alıb cavab-zad qaytararsan haa... Mahirçün böyük reklam olar. Ayağı yer alar... Gedər üstəlik deputatlığa da namizədliyini verər. Sonra səndən miras qalan Mədəniyyət daimi komitəsinin sədri də keçər. Nəbadə. Amma görsən həddini aşır, cızığını keçir, mətbuat katibi (dünya dağıl!) Ədalət Əskəroğlunu ver qabağa. Nə desən təkrar edəcək. Çünki “Abidə MTK”nın binasında, tikilib başa çatdırılmayan, mətbuat səhifələrində artıq satışa çıxarılan, xəyalplov mənzilin pulu ondan savayı daha 3 yazıçı arasında bölünən, əldə etdiyi 25 min manata xəyallarında torpaq alan və nəhayət içində tikiləcək həyət evinə (lətifəsi ondan, onun kimilərdən uzaq) “hamilə” qalıb. Ha eləyir... Bilməyəcək də. 

Amma, Mahirin nəyə qadir olmasını biz bilirik. Elə bilmə ki, Yazıçılar Birliyinin üzvü deyil və buna görə də sədr seçilməsi qeyri-mümkündür. Uşaq-uşaq danışma. Skorı pomoş həkimi general ola bilir, kafe müdiri icra başçısı ola bilir, icra başçısının qardaşı qardaşına görə deputat ola bilir, xalq şairi Qabilin oğlu sədr ola bilmir? Hələ səfirlərdən danışmıram. Öz arqumentləridir, mən hələ bir-ikisini dedim. Yazıçılar Birliyində hakimiyyətin onun və onun kimilərin əlinə keçməsi təhlükəsini nəzərə alaraq Axirət Respublikası, Cənnət şəhəri Yazıçılar Birliyinin növbədənkənar  qurultayını çağırdıq. Məsələnin qəliz olmasını bir daha vurğuladıq. Ədalət Əskəroğlunun qurumuş belinə şəfalar dilədik. 48 xalq yazıçısı və şairindən vur-tut on beşinin o dünyada olduğunu, səs çoxluğunun biz tərəfdə olmasını qeyd edərək, qərara aldıq:

- Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid və digər seçkili orqanlar istefaya getsin.
- Yazıçılar Birliyi dövlətin büdcəsindən çıxarılıb, boğaz təşkilatdan  azad təşkilata çevrilsin.
- Yazıçılar Birliyinin üzvlərinin üzvülüyə layiq olub-olmaması məsələsinə yenidən baxılsın.
- Yazıçılar Birliyinin say tərkibi 500-dən artıq olmasın.
- Anarın hökumət “BMV”si və digərlərinin hökumət maşınları satılsın, icarəyə verilən Yazıçılar Birliyinin mülkiyyətlərindən gələn icarə haqları da onun üstünə qoyularaq yazıçıların mənzil şəraitinin yox, heç olmasa həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilsin.
- Yazıçılar bir-birinə arxa olsunlar. Hətta içindən Əkrəm Əylislilər çıxsa belə. Ətini yesələr də, sümüyünü çölə atmasınlar. (Öz aramızdı, yaman gözünüzün odunu aldılar a...)
- Yazıçılar Birliyinin mətbu orqanları “Kulis”, “Oxu zalı” kimi internetdə yayımlansın ki, onu təkcə Ayaz Vəfalı yox, biz də oxuya bilək.
- “Natəvan” klubunda mükafat davaları yox, əsl əsər müzakirələri keçirilsin, özü də on-laynda.
- Əkrəm Əylislinin “Daş yuxuları” kimi, digər əsərlər də bu cür səs-küyə səbəb olsun - əgər varsa.
- Anar 18 mərtəbəli evin 22-ci mərtəbəsini, “Adamın adamı” davamı olaraq, “Atların, inəklərin adamı” əsərini yazsın. Çünki, adamlar qalıb, başlayıblar inəklərə pasport verməyə, özü də rüsumsuz, növbəsiz. Özü də AZE seriyasıyla, birdən sərhədi keçsə, ayıq olsunlar. 
- Elçin “Mahmud və Məryəm” əsərinin cazibəsindən və vəzifəsindən çıxıb yeni əsərlər yaratsın.
- Bizim nəslin davamçısı, öz nəslinin və cavan nəslin nümayəndəsi olan Afaq Məsud Yazıçılar Birliyinin sədri, Rəşad Məcid 1-ci katib seçilsin.
- Adı bu ev problemlərində hallanan yazıçı və şairlərimiz isə növbə ilə (2-3)il müddətinə katib yerlərini tutsunlar ki, heç olmasa Aparat onların vəzifəsinə aldanıb mənzillə təminatına kömək etsin.   
- Yolunda Qabili, Bəxtiyarı, Nəbi Xəzrini və digər “narodnı”ları həmişə maneə görən, onların ölməsini arzulayan və arzusuna nail olan, amma hələ də heç nəyə nail olmayan, sadəcə şair Qəşəm Nəcəfzadə məndən miras qalan Ağsaqqallar Şurasının sədri seçilməsin. Bu vəzifə Zəlimxan Yaquba verilsin.  

İndi, Anar, deyəcəksən ki, Qabil - o boyda Axirət Respublikası Yazıçılar Birliyinin sədri Qabil – hamını vəzifəylə təmin etdi, amma yenə də oğlunu yadından çıxartdı. Aşağıladı. Yazılarını sıfra saydı. Anar, mən sən ola bilmərəm. Mən özüm öz əlimlə ağzımı yuma bilmərəm. Nə istədiyini yaza bilirsən, nə də ki... 
 Amma nəbadə Mahirin sədr olmasına imkan verəsən. Cibinə plagiatlıq damğasından –zaddan atıb neytrallaşdır. Çünki qudurar. Hələ tezdir. 47-sində yazmağa başlayan...

Anar, nə qədər gec deyil mənim bu xəbərdarlıq missiyamdan yararlan. Yoxsa ki, Mahir marığa yatıb. Siçana həsrət pişik kimi, “naruşeniyaya” həsrət QAİ-şnik kimi. Arağa düşkün “alkaş”kimi. Nəşəyə aludə narkaman kimi. Ədəbiyyatımızı, yazıçılarımızı sevən bir şair oğlu kimi. Yazıçılar Birliyinə vurğun Qabil kimi. 
Anar, tədbir gör! Qorxuram. Mahirdən qorxuram. Adımızın bədnam olmasından qorxuram. Qorxuram ki, Tahir Salahovun qızı Aydan Salahova sən istefa verənəcən gəlib Rəssamlar İttifaqının sədri ola. Görəsən rəssamlarımız 26 ildir sədr olan (sən onun yanında toya getməlisən – 22 il)  Fərhad Xəlilova səs verər, yoxsa lüt soyunan, özü sənət əsəri olan rəssama? Əlbəttə ki, çılpaqlıq həmişə qalib gəlib. Heç görmüsən ki, tərbiyəli qadına heykəl qoyalar? Amma çadrasın atan qadına “Azad” adı qoyub o saat heykəl ucaltdılar. 
Anar qorxuram. Qorxuram ki, Mahir də erotika, seks məzmunlu yazılar yazaraq ədəbiyyata daxil olan 10-15 yazarla lüt soyunub Yazıçılar Birliyinə hücuma keçər. Onda Sizin də “Bojemoy” deyib qaçmaqdan başqa bir əlacınız qalmayacaq.

Anar, istəmirəm Mahirin könlünü qıram. Məndən inciməsin. Onu Yazıçılar Birliyinin sədri, katibləri vəzifələrinə, ümumiyyətlə heç bir vəzifəyə layiq bilmədim. Çünki onun hörmətdən düşməsini və məni də hörmətdən salmasını istəmirəm. “İnsanı hörmətdən salmaq istəyirsənsə ona vəzifə ver”.
Belə bir məsəli sən öz üzərində sınaqdan keçirtdin, oğlum olduğuna görə ona qıymıram. Harda olur olsun, eşikdə və ya türmədə - mənən azad olsun. 

Amma ümidsizliyə də qapanmasın. Bilirəm gözü baş nazirin müavini Elçinin kreslosundadır. Ümidini ona bağlasın. 20 ildir vəzifədədir. Söz verib, Hökumətimizlə “qızıl toy”unu keçirən kimi istefa verəcək. O vaxta da Mahir böyüyər, yetişər, 77 yaşlı büzüşmüş armuda oxşayar. Lazım olsa, iclaslarda pamperslə də oturar. Bir sözlə ümidini itirməsin. Ümid sonda ölür. Bir    Elçinin erkən istefasına ümidli olsun, bir də prezidentimizin səxavətinə. 
 
Həmişə Sizləri sevən, yada salan, məktub yazan QABİL.
6 aprel 2013-cü il

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir