Modern.az

Adil Mirseyid: “Mən özümü ziyalı hesab eləmirəm, bohem adamıyam” - MÜSAHİBƏ

Adil Mirseyid: “Mən özümü ziyalı hesab eləmirəm, bohem adamıyam” - MÜSAHİBƏ

13 Aprel 2013, 11:00

“Mən yazıçı deyiləm axı, şairəm”

Adil Mirseyid. Şair, esseist və rəssam. Modern.az həmişəcavan yazarla müsahibəni təqdim edir.

– Səhhətinizə görə bir müddət yazı-pozudan, molbert önündən uzaqlaşmışdınız. İndi necəsiniz?

– Sabirin o misrası yəqin ki, yadınızdadır: “Əruzi qəmlər əlindən ciyərim şişmiş idi...” İndi məndə də elədir. Ciyərim üzüqara çıxdı. Amma indi yaz gəlir, daha yaxşı olmağa ümidim var.

– Yaradıcılığın hansı növündə daha çox Adil Mirseyid var? Şeirdə, esseistikada, ya rəssamlıqda?

– Mən onları heç vaxt ayırmamışam. Mənim üçün esselərim də, şeirlərim də, rəsmlərim də eynidir. Mən eyni bir işıq tərəfə gedirəm. Nə etsəm də, elə bilirəm ki, o poeziyadır. Bundan ayrı heç nəyi bacarmıram.

– Sənətdə olan Adil Mirseyidlə sənətdən kənardakı Adil Mirseyid arasında nə qədər məsafə var?

– Məndə heç vaxt dualizm, yəni ikilik olmadı. Bu yaxşıdır, ya pisdir, bilmirəm. Adını xatırlamıram, amma kimsə deyib ki, yazıçılar ikili həyat yaşayırlar. Biri personajların həyatını, biri də öz həyatını. Yəqin ki, bu yazıçılara uyğun gəlir, amma mən yazıçı deyiləm axı, şairəm.

– Daha çox hardasız, sənətin içində, ya çölündə?

– Mən yaşıdlarımın içində adamlar görmüşəm ki, öz adından əvvəl şair sözünü deyiblər. Şair filankəs. Mən onların səmimiyyətinə inanmamışam. Çünki o titulların altında bir gizlənmə cəhdi var. Öz imzasına inamsızlıq var. Bəzən adama “ziyalı” deyirlər. Mən özümü ziyalı hesab eləmirəm. Yəni indiki anlamda “ziyalı” sözünü necə işlədiriksə, mən o mənada ziyalı deyiləm. Mən əslində bohem adamıyam.

– Bir hind filosofu deyib ki, o kəs ki Tanrıyla yaşayır – dünyadan qopur, o şəxs ki dünyanın içində yaşayır o, Tanrıdan  qopur. Siz bu saat harda yaşayırsız?

– Bu məntiq hind vedalarında da var. Vedalardan gələn bu fikir zaman-zaman interpretasiya olunub. O filosofdan da öncə bu fikir var idi. Mən İslam dünyagörüşü və İslam əxlaqı ilə yaşayan biriyəm. İslam mədəniyyətindən çıxmış bir adam kimi deyə bilərəm ki, bu fikrin ekvivalenti sufizmdə də var. Bizim sufi babalarımızın həyatı da o cürdür.  

– Elə mən də sualı ona gətirmək istəyirdim...

Sufilər də “dərk və tərk” kəlmələrini deyirdilər. Sufizm aspektindən baxanda buddizmdə, vedalarda bir asilik, bir küfr var. Biz Yaradana ancaq qul ola bilərik.

– Amma sufizmdə o da var ki, insan özünü Yaradanda “əridə” bilər. Bəs bu fikrə münasibətiniz necədir?

– Bir az uzağa gedək. Yunis Əmrənin dövründə onlarla Yunis var idi. Amma bir tək Yunis qaldı. Niyə onlar Yunis ola bilmədilər? Cavabı elə Yunisin öz təbiri ilə deyək:

    Sən dərviş olamazsan
    Dərviş könülsüz gərək.

XX əsrin ikinci yarısında bütün Qərb dünyasında sufiliyə maraq artdı. Halbuki Şərq artıq bunu unutmaqdaydı. Avropalılar sonralar Şərqdən öyrəndiklərini musiqiyə tətbiq etdilər. Mücərrəd sənət anlayışı da Avropaya Şərqdən gedib. Xalçadan mücərrəd nə var? Ordakı simvolik işarələr, xüsusi şifrələr. Xalçanın özü bir kitabdır. Biz o dili unutmuşuq.

Sufizmdə cahil insan və kamil insan anlayışı var. Bəs insan bu cahil və kamil intervalında bəzən niyə azır?

Bəzən yox, əksər vaxtlarda... Sufi sözünün mənası ərəbcədən yundur. Yəni o sufinin heç nəyi yoxdur. Təkcə xirqəsi var. Və o heç nəyi olmayan adama bütün dünyaya hökm edir, könüllərə hökm edir. Əsas məsələ də odur ki, bu heç nəyi olmayan adamın Allahı var. Şeytansa nə meyxanada, nə də çayxanadır. O, birbaş Tanrıya aparan yolun üstündədir. Şeytan üçün hər adam maraqlı deyil. O, Xeyirlə vuruşur. Xeyrin isə qılafı, zirehi yoxdur ki, Şərə qarşı vuruşsun. Amma Şər o qılafsız Xeyirdən qorxur. Sultanlar da Xeyirdən qorxur. Sultanlar bir fağır şairdən qorxur. Sultanlar tərki-dünya sufidən qorxurlar.  

– Nəsimi, daha çox isə Xətaidə ana xətt kimi bir mövzu keçir: bahariyyə. Burada yaz fəslinin tərifindən yox, insanın daxili aləmindəki oyanmalardan danışılırdı. İnsan öz daxilindəki bahara niyə uzaqdan baxır. İçində bahar ola-ola o, niyə üşüyür?

Rəsul Rzanın bir şeiri var:

Kəpənəyin körpəsi üç günlük olur
Milyon ildir yer üzünə insanlar gəlib –gedir
İnsanlıq hələ körpədir...

Mən də elə düşünürəm. İnsanlıq hələ körpədir.   

– Bizə içimizdəki bahara çatmaq üçün ruhda olan qat-qat divarlar imkan vermir. Biz indi bu “divarları” niyə aşıra bilmirik. ?

– Emersonun gözəl bir sözü var: “Hər divar bir qapıdır”.

– İnsan ruhi aləmində özünə sığınaraq öz vətənini yaradır. Siz öz vətəninizdə, yoxsa hamının yaşadığı vətəndə yaşayırsız ?

Vətən elə bir anlayışdır ki ,biz harda, hansı zamanda və hansı məkanda yaşadığımızı özümüz seçmirik. Bu seçim bizə verilmir. Hər insan öz yaşadığı vətənə oxşayır.

Adil Mirseyidin şeirləri və rəsmləri  ilə Vaqif Mustafazadənin cazı, Alimin muğamı arasında daxili əlaqə yoxdur ki ?

– Bu yaxınlarda dostlarımız Rafiq Həşımov və Vəli Səyyadi bizə gəlmişdilər. Oturub çay içdik. Onda Vəli mənə ilk dəfə olaraq bu sözü dedi. Dedi ki, sənin rəsmlərin və şirlərinə Vaqif Mustafazadənin cazına oxşayır. Amma Alimin muğamı ilə heç bir əlaqəsi yoxdur.




Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi