Modern.az

Neft-qaz strategiyasında Heydər Əliyev nümunəsi...

Neft-qaz strategiyasında Heydər Əliyev nümunəsi...

13 Aprel 2013, 10:23


Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı, xüsusilə neft və qaz strategiyası sahəsində verdiyi töhfələr deyəndə nədənsə ağlıma hələ uşaq olarkən televiziyadan izlədiyim bir məqam yada düşür. O zaman “Əsrin müqaviləsi” təzə imzalanmış və bu müqavilə əsasında ilk çıxarılan nefti ulu öndər Heydər Əliyev əli ilə götürərək yanağına çəkmişdi.

Hələ qədim zamanlardan Azərbaycanın ən böyük gəlir mənbəyi onun təbii ehtiyatları-neft və qaz yataqları olub. İstər çar dövrü, istərsə də Sovet İttifaqı zamanı Azərbaycan vacib enerji təminatçısı kimi çıxış edib. Məhz Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində görkəmli şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmasıdır.

Məhz ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.

Müəllifi Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.

Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və ekologiya komitəsinin üzvi Fuad Muradov da qeyd edib ki, 1993-c il ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycanın enerji siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilməyə başlandı.

“Müasir enerji daşıyıcılarının müasir şəkildə iqtisadiyyata töhfə verməsi, enerji daşıyıcılarının adi bazara çıxarılması, şaxələnməsi istqamətində ulu öndər Heydər Əliyevin böyük neft startegiyası var idi. Bu neft strategiyasının ən vacib hadisələrindən biri “Əsrin müqaviləsi” imzalandı. Dünya xəritəsində fəaliyyət göstərən ən böyük neft şirkətləri Azərbaycana gəldi. “Əsrin müqaviləsi” əsasında Bakı-Tiblisi-Ceyhan neft kəmərinin çəkilməsi əvvəlcə bir çox ölkələr tərəfindən qısqanclıqla qarşılansa belə, bu gün ən uğurlu layihələrdən biri hesab edilir”.

Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanıb. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, “Əsrin müqaviləsi” strateji baxımdan sadəcə neft hasil edilməsi üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz.

“Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarını Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq müqavilə həm ölkə daxilində, həm regionda geopolitik təsirlərə malikdir. “Əsrin Müqaviləsi” məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Hal-hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-ci ildə böyük həcmli investisiya qoyluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Praktik olaraq, son 5 ildə Azərbaycanın dövlət gəlirlərinin müşahidə edilən artımlar birbaşa neft satışından daxil olmaların çoxalması ilə bağlıdı”.

Ulu öndərin neft strategiyası sahəsində atdığı növbəti addım isə 1999-cu il dekabrın 29-da Dövlət Neft Fondunun yaradılması haqqında sərəncamı olub. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.

Millət vəkili Fuad Muradov da bildirib ki, Heydər Əliyevin təşəəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun əsas istiqamətlərindən biri gələcək nəsillər üçün həmin gəlirlərin qorunub saxlanması, infrastruktur layihələrin həyata keçrilməsi, xaricdə oxuyan tələblərin maliyyələşdirilməsi və s. kimi sosial layihələrin həyata keçrilməsidir.

“Sovet vaxtında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətə başlanması nəticəsində bu gün nə qədər azərbaycanlı mütəxəssis yetişir və onlar dünyanın hər yerində işləyirlər. Məhz ulu öndərin də fikri ondan ibarət idi ki, vaxt keçəndən sonra öz yerli mütəxəssislərimiz neft sahəsində işləyəcəklər. Bu gün bir çox iri şirkətlərdə istər mühəndis, istər xüsusi qurğularda işləyən ustalar olaraq elə azərbaycanlılar çalışır”.

F.Muradov bildirib ki, Azərbaycan təkcə enerji daşıyıcısı kimi yox, eyni zamanda yaxşı kadr potensialı olan ölkə kimi də mütəxəssisləri dünya ölkələrində işləyir. Təsadüfi deyil ki, bu gün bir çox ölkələr neft-qaz strategiyasında Azərbaycan nümunəsini götürürlər.

Bu gün dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən başlanan bu strategiya uğurla davam etdirilir. Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin həyata keçirilməsində vacib rol oynayır. Təsadüfi deyil ki, dünyada bir nömrəli müzakirə olunan enerji təhlükəsizliyi məsələsini reallaşdırmaq üçün TANAP, TAP, AQLİ kimi transmilli layihələrin reallaşdırılmasına çalışılır. Eyni zamanda Avropanın enerji təhlükəsizliyi üçün “Nabucco” layihəsinin reallaşdırılması istiqamətində atılan addımlar da buna nümunədir. Azərbaycan “Nabuko” layihəsində həm təhcizatçı, həm də tranzit ölkəsi kimi çıxış edərək bu layihədə daha çox təsir imkanları əldə etmək imkanındadır. Belə ki, Şahdəniz-2 yatağından mavi qazın istismarına planlaşdırıldığı kimi 2012-ci ildə deyil 2014-ci ilədə başlanılacağının elan edilməsi məhz Azərbaycanın “Nabuko” layihəsində fəal iştirak etmək imkanlarından xəbər verir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynayıb. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olunub və davamlı iqtisadi artımın əsası qoyulub, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev də qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.  Müstəqillik illərində ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya yatırılıb, 2003-cü ildən bu günə qədər bir milyona yaxın yeni iş yeri yaradılıb.

Lakin bu gün Prezident İlham Əliyev neft strategiyası ilə yanaşı qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət ayırır. Qeyri-neft sektorunun, alternativ və bərpa olunan enerji mənbələrinin, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil sahələrinin inkişafı istiqamətində atılan addımları xüsusi vurğulamaq laızmdır.

Prezident İlham Əliyevin ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi startegiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.

Aytən ƏLİYEVA

İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir