Modern.az

...Uzaqlara baxan Ramiz Həsənoğlu

...Uzaqlara baxan Ramiz Həsənoğlu

15 Aprel 2013, 12:14

... Soruşdum ki, Ramiz müəllim, uzaqda nə var?
Cavab verdi:  Onu Ramiz Rövşəndən soruşun!!!

Əziz dostu və sevimli şairi Ramiz Rövşən  Ramiz Həsənoğlunun 50 illik yubileyinə yazmışdı:

                  Ay adaş, yavaş-yavaş,
                  Gəlib çatdıq əlliyə.
                  Nə tərifə möhtacıq,
                  Nə də ki, təsəlliyə.
                 Ötən günə gün çatmaz
                 Görən sabahda nə var?!
                 Sənin boyun ucadır,
                 Bax gör uzaqda nə var?!

Ramiz Həsənoğlunun uzaqları daha çox keçmişimizdir.  47 ildir ki, Türk dünyasının, Azərbaycanın keçmişinin içindədir, o keçmişi içərisində yaşadır. Axtarır. Axtarışları isə nə gözəl olur. Ən sonuncüsü Mirzə Fətəli Axundovun həyatına tutduğu işıq idi. Ondan əvvəl Cavad xanı yad etdi. Buna qədər isə, dəfələrlə Fateh Teymurdan danışdı, Qurbanəli bəylərin iç üzünü açdı,  bəylikdən xəbəri olmayanlara “Bəylik dərsi ” verdi.  “Günahsız Abdulla”nın həyatına acıdı.  “Ordan-burdan” dan danışdı,  demək istədi ki, “duputatlarımız”  seçkilərə elə indi də  Salman bəy kimi qatılırlar bəzən,  “Qatarda” ,   faş etdi  yaltaqların, vəzifəli birisinin qarşısında  ucalmaqçün əyilənlərin  iç üzünü,   “Yaşıl eynəkli adam”da cəmiyyətimizin eybəcərliklərini bir nəslin timsalında  göstərə bildi.  Bir sözlə nə  yaratdısa, hamısında xəlqilik, vətəndaşlıq mövqeyi, tarixi təhrif etməmək inadı. 
Güldürə-güldürə bizlərə öz eybəcərlikıərimizi göstərən bir güzgü misalıdır Ramiz Həsənoğlu. Sənətinə və peşəkarlığına çox hörmət etdiyim  Ramiz müəllim!!!

Zaman gələcək ki, kiçik ekran sənət nöqteyi nəzərindən daha qüsursuz olacaq

... Bu gün Respublikamız Müstəqildir. Bu çox gözəl bir dönəmdir. Lakin  nədənsə ötən 22 il ərzində Ramiz Həsənoglu kimi MÖHTƏŞƏM peşəkarların əsərləri az-az yaranır. Əslində gərək indi daha məhsuldar, daha keyfiyyətli işləyək.Axı Müstəqillik arzularımız həyata keçib. Axı bu Vətənin çiçəklənməsi üçün gərək əlimzdən gələni əsirgəməyək.  Bəlkıə, özümüzü özümüzə əmanət etməklə səhv etmişik?!  Bu gün efirlərimizi, tamaşa zallarımızı çox bəsit tamaşalar doldurur. Tamaşaçının zövqü də korunlaşıb. Teatra, tamaşaya maraq da əvvəlki kimi deyil.  Mədəniyyət və incəsənət aləmində səs-küy yaradacaq, hadisəyə çevriləcək əsərlərimiz olmur axı. Mən belə hesab edirəm ki, peşəkarların hazırlamadığı filmlər, tamaşalar tamaşaçıda zövq formalaşdıra, sevgi yarada bilmir.   Səbəbini yenə USTADDAN soruşdum.  Dedi ki,  dövlət tərəfindən özəl və dövlət televiziyalarına yaxşı maaliyyə ayrılır, ilbəil də ki,bu rəqəmlər artır. Ümid edir ki, nə vaxtsa kəmiyyət keyfiyyətə keçəcək.  Müəyyən bir dövr lazımdır ki, yaxşı rejissorlar yetişsin, yaxşı rejissor varsa, yaxşı aktyoru axtarıb tapacaq.  Bir seriallarımıza baxın. Əsasən ,dəbdəbəli həyat tərzini , kriminal aləmin, varlı ailələrin , vəzifə sahiblərinin həyat tərzini işıqlandırırlar. Heç  kim  sadə Azərbaycan admını qəhrəman etmir, onun həyatını, sevinclərini, arzularını, problemlərini, iztirablarını çəkib göstərmək haqqında fikirləşmir, bəlkə də istəmirlər.  Buradan da belə nəticəyə gəlirəm ki, türk setiallarından yaxşı bəhrələnmirlər.  Hesab edirəm ki, zaman gələcək ki, kiçik ekran sənət nöqteyi nəzərindən daha qüsursuz olacaq. Hərdən sadə adamların böyük  iztirabları da yada düşəcək.

--Mən belə düşünürəm ki, bü gün Adil İsgəndərov, Stanislavski məktəbi yoxdur.. Siz nə deyə bilərsiniz Ramiz müəllim?


--  Bizim İncəsənət Universitetində 2 televiziya və kino rejissorluğu və  teatr rejissorluğu  kafedrası var.  Oraya xeyli qüvvə cəlb olunub. Sadəcə  kafedraların maddi-texniki bazası kino rejissorluğunu istənilən səviyyədə öyrətməyə imkan vermir.  Ancaq cəhd olunur.  Biz zamanla ayaqlaşmalıyıq, ondan arxada qalmamalıyıq. Serial çəkənlər çox az məsrəflə az iş görmək istəyirlər. Efiri nə ilə gəldi doldurmaq istəyirlər. Bizim bir gözəl atalar məsəli var: “Ucuz ətdən bozbaş olmur”. Elə  peşəkar rejissorlarımız var ki, qalıblar kənarda, onların bacarıqlarından daha səmərəli istifadə etmək olar. Qalıb rəhbərlərin vicdanına.

-- Tarixin içində dolaşmaqdan, axtarmaqdan yorulmadınız?! Gəlin bir az Fateh Teymurdan danışaq.  1983-cü ildə Hüseyn Cavidin “Topal Teymur”una ekran həyatı verdiniz.  Hamıya bir daha bəlli oldu ki, “Kəssə hər kəs tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü”.  Sonra 1996-ci ildə də yenə  “Topal Teymur”da olduğu kimi Azərbaycan televiziyasının  Qarabağ pavilyonunda  kiçik bir məkanda böyük və möhtəşəm bir əsər yaratdınız: “FATEHLƏRİN DİVANI”. 4 saat 17 dəqiqəlik bir əsəri 4 seriya ilə hədiyyə etdiniz  tamaşaçılarınıza.  Yadıma gəlir, o tamaşanın çəkilişlərinə  gəlib baxar, xırda qeydlərimi edərdim. Xoşbəxtəm ki, mənim də gözümün qabağında bir möhtəşəm əsər doğulurdu.  O zaman deyirdiniz ki, 50 seriya olacaq bu əsər.  Ancaq, ardı gəlmədi? Səbəb nə oldu?

--  Sənətin başına sənətdən başı çıxmayan adam gələndə belə olur. O vaxtlar o əsəri çəkəndə  rəhmətlik Babək Hüseynov çox köməklik elədi.  Tamaşanın sonuna çatanda, rəhbərlik dəyişdi. Təzə rəhbər belə hesab elədi ki, bu tamaşa bizə lazım deyil. Bildiyiniz kimi, bu tamaşa böyük rezonas doğurmuşdu. Sən demə həmin vaxtlar  bu tamaşa efirdə gedəndə Azərbaycan Baş prokurorluğunun prokuroru öz işçilərinə  şifahi olaraq göstəriş verib ki, hər kəs  bu tamaşaya baxsın. Səhərisi isə tamaşanın müzakirəsi aparılırmış. Bu hadisəni də həmin şəxs 1997-ci ildə Azərbaycan Televiziyasına rəhbərlik edən adama danışıb. O da iclasların birində bu tamaşanı öz uğuru kimi qiymətləndirərək bu hadisəni qed etdi.  Ancaq onu  bu tamaşanın qalan seriyalarının çəkilməməsi narahat etmədi də. 

 Olmalıydı, olmadı...

Bu gün də hərdən Azərbaycan Televiziyası “Fatehlərin divanı” televiziya tamaşasını nümayiş etdirir. Və inanıram ki, o filmin dəyərini bilənlər təkrar-təkrar baxmaqdan  yorulmurlar. Bu tamaşada Bilgə xaqan, Oğuz xan, Atilla, Alp Arslan kimi türk  tarixinin fateh sərkərdələri görün bir kimləri divana çəkiləcəkdilər?!    Fatehləri  ruh divanında türk ellərinin ilk yazarı Güntəkin ittiham edirdi. İlk divana çağırdıqları da tarixdə ziddiyyətli şəxsiyyət sayılan Əmir Teymur oldu. Güntəkinin onlara sualları var idi. Bilmək sitəyirdi ki, biz niyə beləyik?! Tamaşa başlananda bir görün daşa nə yazdı Güntəkin:    

 “Ulu Tanrı! Min illərdir ölənlə ölüb, doğulanlarla doğuluram!  Yazdıqlarım daşlarda qalıb! Necəydik elə də varıq! Heç nə dəyişməyib! Yaxşılıq tərk eləyir bizi. Yaxşı ruhlar bacalarımızdan gen düşür! Özləriylə yaxşı nə var aparırlar!....Bilsinlər ki, heç nə sorğusuz –sualsız qalmır. Hər şeyin cavabı soruşulur! Yazacam! Bilsinlər ki, Gündoğandan Günbatana uzanan yurdlarımız qədərində qaldı. İtirdiklərimiz o qədər çox olub ki,  Yer bizi götürməyəcək. Yazanlarımız yazdı, çalıb oxuyanlarımız çalıb oxudu, yenə eşitmədik! Nədəndi dədə?! Qarın qardaşdan irəli olub.  O qədər çəpər tikdik ki, Vətən çəpər içi qədər daraldı. Hamı ev tikir, Vətəni tikib quran yoxdur. Mən içimə ağlayıram dədə! Mənə kömək edə bilərsən?  Satqınlarımız güclü çıxdı. Vətəni satdılar. Sata-sata gedirik! Mənə kömək edə bilərsən dədə? Çağır böyüklərimizi, böyük ruhlarımızı çağır...”

Böyük  teletamaşa serialın  qalan 46 seriyasında   Şah İsmayıl Xətai,  Sultan Səlim Bəyazid,  Mircəfər Bağırov, Nəriman Nərimanov və müasir dövrdəki dövlət və hökümət rəhbərləri, liderlər gələcəkdilər...  50 seriya olmadı.  Bu gün böyük həvəs və həyəcanla “Möhtəşəm yüz il” filminə baxırıq.  Sültan Süleyman  qadınların əlində qalıb.  Çünki o əsərin ssenaristi  Mövlud Süleymanlı deyil, rejissoru Ramiz Həsənoğlu deyil, operatoru da Eldar Məmmədov deyil.  Görün bir 50 seriyalı “Fatehlərin divanı” olsaydı, bunun  həm mənəvi, həm də maddi qazancı nə qədər olardı?!  Olmalıydı, olmadı.

 --Heç “Fatehlərin divanı”nı yenidən davam etdirmək təklifi oldumu?!
  -- Olmadı. 
  --Təkilf etsələr, qalan 46 seriyanı  yenidən çəkərsiniz?
--Əlbəttə!


Ruhları “Fatihə” surəsi ilə ovundurduq...     

Ancaq  AzTV-nin “Qarabağ” studiyasında 1996-97-ci illərdə “Fatehlərin divanı”nda ruhlar divana çəkiləndə maraqlı hadisələr baş verirdi.  Ramiz Həsənoğlunun o vaxtkı xatırlamalarından: “... Çox gözləmədiyimiz hallarda işıqlar sönür, təzə lampalar partlayırdı. Otağın bir tərəfində işləyən  çəkiliş apparatları, o biri başında işləmirdi. Gah da görürdün ki, işlədiyi yerdə mikrofon xarab olur, kənar səslər eşidilirdi. Bütün bunlardan sonra, belə məsləhət oldu ki, hər dəfə çəkilişə başlamazdan əvvəl  “Fatihə” surəsi oxunsun.”. İnanın ki,  bundan sonra, işlərimiz getməyə başlayırdı. Və içərimizdə inancıil olanlar, ruhlardan onları bağışlamağı da rica edirdilər ki, narahat etdiyimizə görə ruhlar  bizi bağışlasınlar.

 --O mistik ab-hava ötüb keçdimi Ramiz müəllim?! - deyə soruşdum. Axı yenə də Cavad xanı , Murzə Fətəli Axundovu çəkdiniz...?! Yorulmursunuz tarxi şəxsiyyətlərin həyatını araşdırmaqdan?!

 -- Mən bir iş görəndə ixtiyarım əlimdən alınır, dedi, - ustad rejissor. Yuxalrımla gerçəklik qarışıb bir-birinə. Mən bir yaradıcı adamam, hər şey olur. Sevdiyin işlə məşğul olanda elə yuxuların da gerçək olur.  Özümü  mümkün gerçəkliklə  tarixi keçmişdə büruzə verə bilirəm.

--  Ötən  47 ildə nə qazandınız?  Yaratdıqlarınızın içərisində hansı Ramiz Həsənoğlu idi?!

 -- Həyatım zənginləşdi.  Təkcə  teletamaşalarımın sayı 50-dən çoxdur. Hər bir personajın, qəhrəmanın həyatını yaşadım. Bir insan bir ömür çərçivəsində  100 insan ömrü yaşa bilərmiş.  Onların içərisində heç yadları olmadı. Hamısı doğma idi.

-- Əmir Teymurdan nə var idi Ramiz Həsənoğluda?!

--  Güman eirəm ki, yox idi. Çünki mən xarakter etibarı ilə komandan deyiləm.

 -- Güntəkin idiniz bəlkə?!

 -- Bir az Güntəkin idim, bir az Börküyarıq, bir az Şaman, ancaq İbn Xaldun deyildim. Rejissor casus kimidir. Girir qəhrəmanların, personajların içinə, nəyləri var çölə çıxarır.

  -- O obrazların yaxşısı-pisi var, əslində yaşadığımız həyatın prototipləridirlər. Bu qədər yaxşını pisi neçə keçirirsiniz içərinizdən, necə ələyirsiniz onları?

 
-- Yaratdığım tamaşalarda  yaxşı aktyor oyunu hər şeyi yerbəyer edir. Yaxşı aktyor sənətin tacıdır. O parıldamırsa, deməli nəticə yoxdur. Mənim bir fikrim olur, tamaşaçını arxamca aparmaq. İşi başlayanda zirvəni nəzərdə tuturam.  O zirvədən məni qiymətləndirənlər anam, Sizin kimi dostlarım, Ramiz Rövşən... Buna əslində arxmca aparmaq  deməzdim.  Sizləri apara biilmərəm. Çünki o sənəti duyanlar və qiymətləndirənlər həmişə mənimlədir, mən onlar üçün yaradıram.

-- Zirvəni nəzərdə tutursunuz. Özünüz zirvədəsiniz?

-- Elə hesab etmirəm.  Mən zirvə adamı deyiləm. Yer adamıyam. Zirvədə olsam, yerdəki hər şey mənasını itirər. Mən sənətin içində olan, sənəti içində gəzdirən adamam .

 -- Xoşbəxt sənətkarsınız demək istəyirəm Sizə.  Yaratdığınız əsərlərin içərisində bir əjdaha başı da var. Ancaq Siz sənətin əjdahasısınız.

-- Xoşbəxtlik nədir ki?  Sənətlə məşğul olanda əzabları içindən çıxarırsan. İnsan əzab çəkməsə xoşbəxt ola bilməz.   Dostlarımdan biri mənim üçün bir söz demişdi: “Var alkoqolik, var trudoqolik”.  Mənalı işim olanda orada özümü tapıram. Darıxmağa vaxtım olmur. Boş vaxtlarımda bədbaxtam... Dincələ bilmirəm. 

                                         ****************

 Yaradıcı insanlarla görüşəndə böyük YARADANA şükr edirəm.  Öz zərrəsindən o sevdiklərinə verir ki, onlar da yaratsınlar. Ramız Həsənoğlu,  atası Həsən Mirzəyev, anası Ətayə Əliyeva. Hər iksi Azərbaycan teatr və sənət tarixinin korifeyləri.  Və onların sevgilərinin  Ramiz adlı barı, bəhrəsi.  O da bir KORİFEY!!! Sənətin içində sənəti içində gəzdirən, zirvələrə can atmayıb, lakin hər zaman zirvələrdə görünən Ramiz Həsənoğlu nə yaradırsa gözəl yaradır. Burda bir haşiyə çıxıb, onun Azərbaycan televiziyasında yaratdığı “Sabah” yaradıcılıq studiyasını xatırlamasam olmur.  Görün bu studiyanı yaradan Ramiz Həsənoğlu kimləri yığdı başına.  Təzə fidanları, yaratmaq istəyənləri: İlhamiyyə Rzayeva, Şərif Qurbanəli, Bəhram Osmanov, Elxan Cəfərov... və başqaları. Bu gənc yaradanlar da çox demirəm... elə bu gün efirlərimizi bəzəyən , hər sözü el aforizminə çevrilən “YARIMŞTAT”-ı yaratdılar.  Onlar da harada işlədilərsə, harada fəaliyyət göstərdilərsə,  debütləri uğurlu oldu.  Çünki onları ilk gündən düzgün  ünvana ünvanlayan, yol göstərən  Ramiz Həsənoğlu adlı  USTADları var idi.

Bu yazının son sətirlərini yazanda belə qərara gəldim ki,  ZAMAN dediyimiz məhfum ancaq yaratmaq üçün verilir həyatını yaşamağı bacaranlara.  Tarix isə bəzən öz qiymətini zamanında layiqincə yaza bilmir.  Elə “Fatehlərin divanı” televiziya tamaşasında yenə Fateh Teymurun --  “Tarix mənim etdiklərimə öz qiymətini vermək əxlaqında deyil” monoloqunu xatırlayıb, Ramiz Həsənoğlunu doğum günü münasibəti ilə təbrik edirəm. Axı bu gün onun 67 yaşı olur .


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir