Modern.az

Qalib jurnalistlərin yazıları: "Azadlıq" qəzeti

Qalib jurnalistlərin yazıları: "Azadlıq" qəzeti

16 Mart 2010, 14:18

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik. Alı Rza, “Azadlıq” qəzeti Ermənistan- terroru dəstəkləyən dövlət

İşğalçını dünyaya olduğu kimi necə tanıda bilərik?

80-ci illərin sonundan başlayaraq Azərbaycan özü istəmədən müharibəyə cəlb edildi. Ötən 20 il ərzində cəlb olunduğumuz müharibə nəticəsində minlərlə şəhid vermişik, minlərlə əsgərimiz əlil olub. Ölkə əhalisinin 1 milyona qədəri öz yurd-yuvalarından qaçqın düşüb. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və bu bölgədəki 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Özündə ölkənin tarixini, mədəniyyətini əks etdirən minlərlə abidələr dağıdılıb.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan hələ də dünyanın məsələyə adekvat münasibətinə nail ola bilməyib. Dünya hələ də gerçəyi olduğu kimi qəbul etmək istəmir. Bütün başımıza gələnlərdən sonra yalnız ona nail ola bilmişik ki, bir neçə dost ölkə və beynəlxalq təşkilat, o cümlədən BMT özünün bir neçə qətnaməsində Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyib. Hazırda atəşkəs dövrüdür. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Indi bu qrup da  baş sındırır ki, münaqişəni necə həll etsin ki, imzalanacaq sazişdə həm Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, həm də ermənilərin öz müqəddəratını təyinetmə istəyi əksini tapsın. Belə təsəvvür yaradılır ki, guya Azərbaycanın bütün başına gətirilənlərin kökündə ermənilərin azadlıq mübarizəsi dururmuş.

Gercək nədən ibarətdir?

Ortadakı təkzibolunmaz faktlar sübut edir ki, məsələ heç də bir xalqın öz müqqədəratı uğrunda mübarizəsindən getmir. Zatən, bu müstəqilliyi Azərbaycan onlara ən yüksək muxtariyyət formasında təklif edir. Söhbət illərdən bəri planlaşdırılan separatizm iddialarından gedir ki, sadəcə SSRI-nin dağılması bunun üçün zəmin oldu. Bu gün baş verənlər 19-cu əsrin sonundan planlaşdırılan məkrli bir planın tərkib hissəsidir. Gəlin, faktlara nəzər salaq.

Hələ 1887-ci ildə Cenevrədə "Hnçak" partiyası yaradılıb.

Partiyanın proqramında aydın göstərilir ki, qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "Iran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır.

Bundan 3 il sonra Tiflisdə "Daşnaksütyun"-erməni federativ inqilab partiyası yaradılıb. Bu partiyanın da əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaq olub.

1975-ci ildə isə "ASALA" təşkilatı yaradılıb. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali Iran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır.

Hazırda bu partiya və təşkilatların hər birinin təmsilçiləri bu və başqa adlarla Ermənistanda hakimiyyətin müəyyən qollarında, o cümlədən parlamentdə təmsil olunublar.

Deməli, söhbət heç də hansısa azlığın öz müqqəddəratını təyinetmə uğrunda savaşından yox, illərdən bəri planlı şəkildə davam edən separatizmi dəstəkləməkdən gedir.

Təkcə separatizmimi? Xeyr. Kifayət qədər tutarlı faktlar var deyək ki, Ermənistan həm də terroru dəstəkləyən dövlətdir. Bir faktı da qeyd edək ki, Ermənistanın terroru dəstəkləməsi təkcə Azərbaycanda yox, eyni zamanda dünyanın bir çox ölkələrində sübuta yetirilib.

Yenə faktlara nəzər salaq

Ermənistan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı ilə yanaşı özünün xüsusi xidmət orqanlarının vasitəsilə müharibə getməyən ərazilərdə də çoxsaylı teraktlar törətdib.

Belə ki, 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən "Ikarus" markalı sərnişin avtobusu Yevlax rayonu ərazisində partladılıb, 5 nəfər həlak olub,  27 nəfər isə müxtəlif bədən xəsarəti almışdı.

09 yanvar 1991-ci ildə "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdi.

8 sentyabr 1991-ci ildə "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 4 nəfər  qətlə yetirilmiş, 17 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdi.

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "MI-8″ vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdu.

2 iyun 1993-cü ildə Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdi. Partlayışın icraçısı Rusiya vətəndaşı Iqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş Idarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdi.

19 mart 1994-cü ildə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı. Məhkəmə sübut etmişdi ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

3 iyul 1994-cü ildə Bakı metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

Terrorçular dövlət səviyyəsində himayə edilir

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Ermənistan təkcə Azərbaycanda terroru dəstəkləməyib. Bu, dünyanın bir çox ölkələrində zaman-zaman təsdiqlənib.

Belə ki, 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varojyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib. O, 2001-ci ildən Ermənistana sığınıb.

Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdi. Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdi.

Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdi. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə o vaxtkı prezident Robert Köçəryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdü.

Soyqırım törədən dövlət

Təqdim etdiklərimiz Ermənistanın işğalçı olmasını, separatizmi və terrorizmi dəstəkləməsini təsdiqləyən faktların çox cüzi hissəsidir. Ermənistan təkcə terroru, separatizmi dəstəkləmir. Bu dövlət həm də insanlıq əleyhinə cinayətə imza atan, soyqırım, genosid törədən dövlətdir.

1992-ci il fevralın 26-da Xocalıda törədilənlər bütün dünyanı sarsıtdı. Silahsız, əli yalın əhaliyə qarşı törədilən amansız qətliam nəticəsində 613 nəfər şəhid oldu. Öldürülənlərin 63 nəfəri uşaq və yeniyetmə, 106 nəfəri qadın və qız, 70 nəfəri isə ahıl adamlardır. Genosid nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq validyenlərindən birini itirib.

Fransalı jrnalist Can-iv Yunet yazırdı: "... Biz Xocalı faciəsinin şahidləri olduq, yüzlərlə həlak olmuş dinc əhali cəsədi gördük -qadın, uşaq qoca və Xocalı müdafiəçilərinin meyitləri. Bizə vertolyot verdilər, amma ermənilər bizim vertolyotu atəşə tutdular. Dəhşətli mənzərə idi. Mən müharibələr haqqında alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm. Amma 5-6 yaşlı uşaqları, dinc əhalini öldürən ermənilər onları üstələdilər".

"Izvestiya"nın müxbiri V.Belix Xocalı təəssüratlarından belə bəhs edirdi: "... arabir Ağdama sağ girovlara dəyişdirilmiş meyitlər gətirilirdi. Amma gecə vəhşətində belə şey xəyala gətiriləsi deyil: çıxarılmış gözlər, sivrilmiş qulaqlar, soyulmuş dərilər, kəsilmiş başlar... Işgəncələrin həddi hüdudu yoxdur".

Fransanın nüfuzlu "Le Monde" qəzeti də hadisəni diqqətdən kənarda qoymamışdı: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər gördülər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır".

***

Ortada bir belə gercək faktlar ola-ola bu gün erməni diasporası özünün əlaqələrindən istifadə edərək həyasızcasına bir sıra dövlətlərin parlamentlərinə qondarma "erməni soyqırımı"nı tanıtmağa çalışır.

Bəs biz necə, yuxarıda qeyd edilən gercəkləri dünyaya olduğu kimi təqdim edə bilmişikmi? Bütün bu baş verənlər çoxsaylı danışıqlarda Azərbaycana hansısa üstün mövqe qazandırıbmı?

Qətiyyətlə deyə bilərik ki, xeyr. Niyə?

Politoloq Vəfa Quluzadə bunu ikili standartlarla izah edir: "Biz erməni xristianları deyilik, müsəlmanıq. Buna görə, bizim bütün faciələrimizə Qərb həmişə laqeyd qalıb. Baxın, görün 50-ci illərdə Stalin dövründə böyük deportasiya olub. Amma Stalinin başqa günahlarını yada salsalar da, bu günahını xatırlayan yoxdur. Qarabağ faciəsi də azərbaycanlıların sovet hakimiyyəti tərəfindən növbəti dəfə deportasiya olunmasından başladı. Bu məsələyə də göz yumulub. Ermənilər onlara verilən xarici dəstək nəticəsində öz "soyqırım"larını dünyaya tanıdırlar. Amma azərbaycanlılara, ümumiyyətlə müsəlmanlara tutulan divanlar Qərbi ilgiləndirmir. Çox vaxt Azərbaycan ictimaiyyətində belə fikir yaranır ki, biz erməni təbliğatından geri qalırıq, dünya ictimaiyyətinə fikrimizi çatdıra bilmirik. Dünya ictimaiyyəti deyilən anlayış yoxdur, Xristian dünyasının ictimai rəyi var. Biz heç zaman bunları dünyaya çatdıra bilməyəcəyik. Çünki dünya buna imkan verməyəcək".

Politoloqun fikrində həqiqətlər var, amma bu o demək deyil ki, biz ikili standartları bəhanə edib əlimizi yanımıza salmalıyıq. Məsələ burasındadır ki, bu gün internet əsridir. Informasiyaların sərhəd tanımadığı bir dövrdür. Üstəlik, o hökumətlər ki, ikili standartlardan dolayı bizim haqq səsimizi eşitmirlər, onlara başqa cür səslənmək lazımdır. Məsələ burasındadır ki, o hökumətlərin yaşadıqları cəmiyyətlərin əksəriyyəti demokratik cəmiyyətlərdir. Hökumətləri xalq seçir. Yetər ki, onların cəmiyyətlərinə gerçəyi çatdıraq. Buna nail ola bilsək, şübhəsiz ki, bu, öz təsirini göstərəcək.

Ermənilər öz yalanlarını həmin cəmiyyətlərə sırıya biliblər. Bunun nəticəsidir ki, bu gün bir sıra dövlətlərdə seçkilərdə iddialılar ermənilərə yönəlik mesajlar verirlər.

Azərbaycan Internet Forumun rəhbəri, ekspert Osman Gündüz də bizimlə həmrəydir: "Son dövrlər Azərbaycanın maraqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıyla bağlı iş aparılır. Amma bu sistemli yanaşma yalnız son bir neçə ili əhatə edir. Əvvəllər bu proses bir qədər spontan xarakter daşıyıb. Amma hazırda həm Azərbaycan hakimiyyəti, həm də vətəndaş cəmiyyəti bu istiqamətdə fəaliyyətlə məşğul olmaqdadır.

Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan bu cür sistemli informasiya siyasətini son bir neçə ildə apardığından ermənilərin 50 illik informasiya gücünü yara bilməyib. Hazırda çox cüzi sahələr qalıb ki, ermənilər orda at oynadırlar. Bu sahələr də tədricən əhatə olunmaqdadır. Amma bu işin sistemli davam etdirilməsinə ehtiyac var. Məhz işin problemli tərəfini mən burada görürəm. Çünki Qarabağ mövzusuyla bağlı yeni məlumatların işlənib hazırlanmasına və onların dünyaya çatdırılmasına ehtiyac var. Bu yeni məlumatlar da elmi araşdırmalar, yeni faktların tapılıb dünyaya çatdırılması kimi olmalıdır. Buna da dövlətin qayğısı və maliyyəsi lazımdır. Digər tərəfdən cəmiyyətin də aktiv şəkildə bu prosesə cəlb olunmasına ehtiyac var.

Bunun üçün cəmiyyətə də şərait yaradılmalıdır".

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir