Modern.az

Lənkəranda “Bizim istədiyimiz dünya” - FOTOLAR

 Lənkəranda “Bizim istədiyimiz dünya” - FOTOLAR

15 Aprel 2013, 16:50

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə gənclər 2015-ci ildən sonrakı dövr ərzində əsas inkişaf prioritetlərini müzakirə etmək üçün  “Bizim istədiyimiz dünya” devizi altında Lənkəranda milli gənclər müzakirəsi keçirilib.  

Tədbirdə Lənkəran, Masallı, Biləsuvar, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon gəncləri iştirak edib.  

Lənkəran şəhər Gənclər Evində baş tutan açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa iştirakçıları salamladıqdan sonra Minilliyin İnkişaf Məqsədləri, gələcək planlar, bu layihənin vacibliyi və məsuliyyəti haqda danışıb. O bildirib ki, layihə çərçivəsində 5 bölgədə həyata keçiriləcək milli müzakirələrdə iştirak edən 150 nəfər gənc bütün ölkə gənclərini təmsil edirlər. Bunun üçün də onlara olan inam və gözləntilər böyükdür. Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Bağırova da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq bu müzakirələrdə fəal olmağa çağırdı.

“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova Azərbaycan gənclərinin bu mühüm qlobal prosesdə iştirakını nailiyyət  və yeni bir imkan olaraq dəyərləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində ölkənin sürətlə inkişaf etdiyini, bunun yeni bir inkişaf modeli olaraq qəbul olunduğunu qeyd edən natiq bu prosesin davamlı və dayanaqlı olması üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.  

Gənclər fəal şəkildə təqdimatlar, qrup işi və plenar müzakirələrdə arzuladıqları dünya ilə bağlı narahatlıqları və təklifləri ilə bölüşüb, cəmiyyətəlrinin inkişafı naminə yeni təşəbbüslərlə çıxış ediblər.

Müzakirələrdə zərərli vərdişlər və narkomaniya problemi, onun gəncləşməsi və əhatə dairəsinin genişlənməsi, gənclərin İİV-lə bağlı biliklərinin aşağı səviyyədə olması xüsusi narahatlıqla qaldırılıb.  

İştirakçılar təhsillə bağlı məsələlərə toxunaraq  bu sahədə mövcud çətinlikləri sadalayıblar. Qeyd olunub ki, yolların əlverişsiz vəziyyətdə olması və bir neçə kəndi əhatə edən bir məktəbin olduğu şəraitdə xüsusi nəqliyyat vasitələrinin olmaması səbəbindən yeniyetmə və uşaqların məktəbə getməsində problemlər yaşanır.

Bundan əlavə vurğulanıb ki, tələbələr üçün kifayət qədər yataqxanaların olmaması, rayon mərkəzindən kəndlərə işləyən avtobusların cədvəlinin tələbələr üçün əlverişsizliyi və erkən nigahlar qızların təhsil almaları üçün hələ də maneə olaraq qalır. Bütün bu məsələlər ətrafında müzakirə aparmaqla yanaşı gənclərin işlə təmin olunması, ətraf mühitin mühafizəsi, gender bərabərliyinin təmin edilməsi, gənclər üçün sosial psixoloji məsləhət xidmətlərinin yaradılması və səhiyyə imkanlarının genişləndirilməsinə dair təkliflər hazırlanıb.   Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumlarının təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.  

Bu məqsədlə keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, məsul beynəlxalq quruma təqdim ediləcək və dünyanın bir çox ölkələrində aparılmaqda olan müzakirələrin ümumi hesabatında Azərbaycan gənclərinin rəy və təklifləri nəzərə alınacaqdır. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. Növbəti milli müzakirələr 18-19 aprel tarixində Zaqatalada keçiriləcəkdir. 

 


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir