“Xalq bir-iki ilə Ermənistandan hesab soracaq. Bunu soran zamanda ölkədə partlayışlar baş verəcək”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, təəssüf ki, ATƏT Minsk Qrupunun həmsədrləri sonuncu dəfə regiona gələndə özləri ilə bərabər yeni fikir gətirmədilər. “Söhbət ondan gedir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Həmsədr dövlətlər də bu məsələdə yardımçı olmalıdır. Çox təəssüf ki, artıq neçə illərdir bu məsələ uzanır. ATƏT-in həmsədrləri gedib-gəlirlər, amma ortada nəticə yoxdur. Yenə də ikili standartlar mövcuddur. Təəssüf edirəm ki, bu standartlar hələdə qüvvədədir. Necə olur ki, Birləşmiş Millətlər Təşkilatına lazım olanda bir-iki saata qərar qəbul edirlər və dərhal onun icrasına başlayırlar. Amma 20 ildən çoxdur ki, qətnamə qəbul olunub, amma dərhal icrasına başlaya bilmirlər. Bu ikili standart deyil? İkili standartların olduğu bir zamanda sözsüz ki, beynəlxalq hüququn bu gün hansısa səviyyədə icrasından danışmaq düzgün deyil. Biz istəyirik ki, beynəlxalq hüquq işləsin, fəaliyyət göstərin və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunan qətnamələr yerinə yetirilsin. Avropa Birliyi, Avropa Şurasının, İslam Konfransının qəbul etdiyi qətnamələrin heç biri yerinə yetirmir. Belə bir təsəvvür yaranır ki, Ermənistan dünya birliyinin qəbul etdiyi bu qətnamələrə meydan oxuyur”.
Gültəkin Ələsgər