Modern.az

Qalib jurnalistlərin yazıları: "Yeni Müsavat" qəzeti

Qalib jurnalistlərin yazıları: "Yeni Müsavat" qəzeti

Media

16 Mart 2010, 16:38

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edir. Elşad Paşasoy, “Yeni Müsavat” qəzeti Azərbaycan təhsilinin Boloniya sınağı

Birləşmiş Millətlər Təşkilatı XXI əsri "təhsil əsri" elan edib. Deməli, bu əsrdə digər sahələrlə yanaşı, həm də təhsilini inkişaf etdirən dövlətlər və millətlər öndə olacaq. Məşhur deyim var: "Qlobal cəmiyyət qatarına o adam minəcək ki, onun ölkəsində yeraltı və yerüstü xəzinənin sənədi deyil, elm və təhsilin sənədi göstərilsin". Azərbaycan vətəndaşı olaraq bu qatarın sərnişini olmaq üçün ən azı həmin qatara bilet almalıyıq ki, sonradan onun arxasınca baxmayaq.

Qloballaşan dünyada artıq elm və təhsil sahəsində vizasız rejimin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılır. Bu da Azərbaycan kimi gənc dövlətlərə əlavə imkanlar açır. Söhbət Vahid Avropa Təhsil Məkanı yaratmaq məqsədilə yaradılan Boloniya prosesindən gedir. 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri bir araya gəlib Boloniya Universitetinin (İtaliya) 900 illiyi münasibətilə Boloniya Bəyannaməsini qəbul edib. Bu proses hazırda Azərbaycan da daxil 46 ölkəni birləşdirir.

Prosesin uğurlu tətbiqi təhsilimizdəki problemlərin sürətli həllindən keçir. Bu sahədə hüquqi-normativ bazanın yaradılması istiqamətində xeyli addımlar atılıb. Amma hələlik təhsilimizin Avropa tələblərinə tam cavab verdiyini iddia etmək olmaz. 2005-ci ildə Boloniya prosesinə qoşulan ölkə kimi Azərbaycan imzaladığı bəyannaməyə əməl etməyə borcludur. Bu gün ölkədə 34-ü dövlət, 15-i qeyri-dövlət olmaqla 49 ali təhsil müəssisəsi var. Ali təhsil müəssisələrinin bakalavr pilləsində 128650, magistraturada isə 7940 tələbə təhsil alır. Dövlət ali təhsil müəssisələrində tələbələrin təlim-tərbiyəsi ilə 22427 nəfər professor-müəllim heyəti məşğul olur. Onların 1000-dən çoxu elmlər doktoru, 6 mini dosentdir. İlk baxışdan cəlbedici rəqəmlərdir. Ancaq prezident İlham Əliyevin 2009-cu il 22 may tarixli sərəncamı ilə qəbul olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda qeyd olunduğu kimi, ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş ölkələr, həm də MDB ölkələri ilə müqayisədə gerilik var. Belə ki, hər 10 min vətəndaşa cəmi 156 tələbə düşür. Bu rəqəm də ali təhsil sisteminin təşkilində həllini gözləyən xeyli problemin olduğunu göstərir. Ali təhsil sahəsində çalışan işçi və tələbələrin sayı arasındakı nisbət də (cəmi 7,3 faiz) xeyrimizə deyil. Prezident sərəncamında ali təhsilə ayrılan vəsaitlərin səmərəsiz istifadəsi, ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsilinin müasir tələblərlə uzlaşmaması, dərslik çatışmazlığı, maddi-texniki bazanın, kitabxanalar və onların təminatının günün tələblərinə cavab verməməsi, elektron kitabxana və dərsliklərin olmaması kimi mühüm məsələlər qeyd olunub.

Nə etməli? Sualın cavabı elə bu sənəddə verilir. İlk növbədə Boloniya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq ali təhsilin normativ hüquqi bazasının yeniləşdirilməsi tələbi və Avropa təhsil sisteminin prioritetləri sayılan öhdəliklər qoyulub. Təhsil naziri Misir Mərdanov da deyir ki, ali təhsilin keyfiyyəti ilə bağlı narahatçılıqlar əsassız deyil: "Ali məktəblərdə keyfiyyət baxımından ciddi addımlar atılmalıdır".

Vaxt isə gözləmir. Təhsilin inkişafı, Avropaya inteqrasiya üçün siyasi və hüquqi qərar verilib, proqramın icrası maliyyələşdirilib. Prezident "Ali təhsilin Avropa təhsil məkanına inteqrasiya ilə bağlı ali təhsil sahəsində inkişaf proqramı"nı təsdiqləyəndən sonra Dünya Bankı ali təhsildə islahatların həyata keçirilməsinə qrant ayırıb. BDU-nun professoru Fəzail İbrahimli ölkənin problemlərinin Boloniya prosesinə sürətlə inteqrasiya olunması yolunda ciddi maneə sayır. Prosesi əngəlləyən obyektiv səbəblərdən biri də odur ki, başqa mühitdə ortaya qoyulmuş bir təcrübənin mexaniki şəkildə tədris ənənələri olan Azərbaycanda tətbiqi elə də asan məsələ deyil. Bunun üçün tədris proqramları dəyişdirilməli, operativ, çevik proqram sistemi olmalıdır. BDU-nun rektoru Abel Məhərrəmova görə, bu prosesdə 500-1000 illik tarixi olan dünya universitetlərinin təcrübəsindən yararlanmalıyıq. Tətbiqi Tədqiqatlar Fondunun direktoru İbrahim Əliyevsə idarəetmə sistemində təkmilləşdirmə aparmağı, ali məktəblərin maliyyələşməsi ilə bağlı sərbəst mühitin yaradılmasını zəruri sayır. Ali məktəblərin kitabxanalarında 20 milyon nüsxədən ibarət kitab fondunun olduğu bildirilsə də, kitabların çoxu ingilis dilindədir.

Dövlət hesabına xaricdə təhsil alanların sayı 1000 nəfərə yaxındır. Burada üstünlük əsasən Rusiya, Türkiyə, Britaniya, Almaniya, Amerika universitetlərinə verilir. Təhsil Nazirliyində də deyirlər ki, tələbələrin xaricdə təhsil alması təhsil siyasətinin prioritet sahəsidir. Elə bu günlərdə prezident xüsusi qabiliyyəti olan gənclərin xaricdə doktorantura təhsili alması ilə bağlı sərəncam verib. 2015-ci ilədək 5 min azərbaycanlı tələbənin xaricdə təhsili ilə bağlı prezident sərəncamı da var.

Bəzi problemlərin həlli sadəcə bürokratik əngəllərin aradan qaldırılmasından keçir. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü tələbə özünüidarəsinin olmadığı qənaətindədir: "Tələbələr universitetin ictimai-sosial həyatından kənardır". Müəllimlərin tələbə demokratiyasını həzm edə bilməməsi əsas maneələrdən sayılır. Güman olunur ki, bu, həm də illərdən bəri mövcud olan stereotiplərdən irəli gəlir. Bəzən isə I kurs tələbəsinin müstəqil şəkildə düzgün müəllim seçimi etməsi şübhə ilə qarşılanır. BDU-nun tələbəsi isə "Müəllimləri tanımadığımız halda, necə seçə bilərik" deyir. Uğurlar isə var: Turizm Universitetinin Elmi Şurasında 3 tələbə təmsil olunur, müəllim seçimi sərbəstdir. Qafqaz Universitetində ildə bir dəfə tələbələr arasında müəllimlərin qiymətləndirilməsi ilə bağlı anket sorğuları aparılır və pedaqoji kollektivin formalaşmasında tələbə rəyi həlledici olur. Tələbələr haqda məlumat bankı yaradılıb. Bu da müsbət iş kimi geniş yayıla bilər. Slavyan Universitetində isə ildə bir dəfə tələbə özünüidarə günü elan olunur. Tələbələr rektor və ya dekanların postunu tutur.

Boloniya prosesi həm Azərbaycan tələbəsinə diplomunun Avropada tanınması, həm də Azərbaycan ali məktəbinə Avropa ali məktəbləri ilə münasibət qurmaq imkanını verir. Artıq ilk nümunə var. Avstriyanın Krems Universiteti ilə əməkdaşlıq edən Azərbaycan Turizm İnstitutunda dərslər hər iki ali məktəbin proqramına uyğun keçirilir. Universitetin rektoru Cəfər Cəfərov bildirir ki, Boloniya sahəsində qazandıqları uğurların bir tərəfində beynəlxalq əlaqələr durur: "Ölkədə ilk dəfə ikili diplom verən müqavilə imzalamışıq. Bu il bizim tələbələr Azərbaycan diplomu ilə yanaşı, Avropa diplomunu da alacaq".

Araşdırmalar sübut edir ki, tələbələr bu prosesə daha tez alışır, nəinki müəllimlər. Təhsil naziri hətta universitet professorlarının bu cür ciddi məsələyə qeyri-ciddi yanaşdığını etiraf edir: "Bir çoxları bu yolu getmək istəmir, gedənlərə də mane olmaq istəyir. Ali məktəb müəllimlərinin bir çoxu yaşlı və müasir texnologiyaları bilməyənlərdir. Müəllimlərin ixtisasartırması da ən böyük problemlərdəndir".

"Odlar yurdu" Universitetinin rektoru Əhməd Vəliyev də kadr çatışmazlığından şikayətçidir. Müəllimlərsə öz üzərində işləmək üçün normal şəraitin yaradılmasını, əməkhaqqının Boloniya Bəyannaməsinə üzv olan ölkələrdəkinə uyğunlaşdırılmasını istəyir. Universitet rəhbərləri təsdiqləyir ki, bu prosesdə tələbkarlığın artıq olması bir neçə müəllimin işdən könüllü uzaqlaşmasına səbəb olub.

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin qənaətincə, ali məktəblərə müstəqillik verilməməsini önə çəkmək lazımdır: "Digər tərəfdən, tələbə və müəllim mobilliyinin təmin olunmaması faktdır. Hansı ki, tələbə kredit balını fənnin daha yaxşı tədris olunduğu yerli və ya xarici ali məktəbdə toplaya bilər". Qafqaz Universiteti üçünsə yerli və xarici universitetlərlə tələbə mübadiləsi vacib sahədir. Prorektor Məmmədəli Babaş Avropa kredit sisteminin qəbulunu da ciddi vəzifələrdən sayır: "Beynəlxalq əlaqələri inkişaf etdirmək, universitetlərlə ikitərəfli müqavilələr imzalamaqla həyata keçirməyə çalışırıq".

Bu prosesdə tələbə təhsildə fasilələr götürə, yaxud o, yuxarı kurslardan ayrı-ayrı fənləri götürüb ödəmələrlə vaxtından əvvəl ali məktəbi bitirə, kəsiri varsa, "yay məktəbləri"ndə təhsilini davam etdirə bilər. Tələbələrsə deyir ki, kredit balı üçün dərslərdə iştirak etməyə məcbur qalırlar, hətta müəllimlər iştirak etməyənlərə qaib yazır. Əksər müəllimlər narahatdır ki, əgər mühazirənin elektron versiyası hazırlansa, tələbələr dərsə gəlməyəcək. Təhsil Nazirliyində isə bu fikirdədirlər ki, dərsə gəlmədən tələbənin kredit toplaması Azərbaycan reallığında mümkün deyil.

Sorğumuz zamanı Xəzər Universitetinin tələbələri prosesi təqdir edənlərdən oldu. Anar Məmmədov: "Boloniya prosesində müəllimlər dərslərdə daha çox məsuliyyət hiss edir və öz üzərində daha çox işləyir. Bu prosesin ən böyük üstünlüyü odur ki, rüşvət tələb olunmur". Hindistanlı tələbə Kinqsli Salomon: "Bizdə elektron kitabxana var. Mən çox razıyam". Şahnaz Həsənzadə: "Kim tənbəllik edir, oxumaq istəmirsə, bu sistem ona sərfəli deyil". Tural Kürəbəyov: "Problemimiz təhsilhaqqının çoxluğu ilə bağlıdır".

Dünya təcrübəsində təhsilini davam etdirmək üçün tələbəyə aşağı faizlə, uzun müddətə təhsil kreditləri verilir. Bu mənada bizdə də tələbə banklarının yaradılması təklif edilir. Mütəxəssislərə görə, Təhsil Nazirliyinin həm təhsilin təşkili, həm də qiymətləndirilməsi ilə məşğul olması doğru deyil. Məsələn, Estoniyada qiymətləndirmə üçün mütəxəssislərdən ibarət müstəqil şura yaradılıb. Hətta Avropadan ekspertlər dəvət olunur. Bizdə də bu təcrübədən yararlanmaq təklifi var. Akkreditasiya işinin Təhsil Nazirliyi tərəfindən aparılması da Boloniya prosesinə zidd sayılır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə "Təhsil haqqında" qanuna istinadən deyir ki, akkreditasiya qurumunun Təhsil Nazirliyinin nəzdində yaradılması qanunazidd deyil: "Sərbəst akkreditasiya qurumları da fəaliyyət göstərə bilər".

Azərbaycanın Avropa təhsil məkanında uğurlu mövqe tutmasından ötrü tələbə demokratiyasına önəm verməklə tələbə hüquqlarının tanınması, tədris proqramlarının Avropa təhsil məkanına inteqrasiyası istiqamətində hazırlanması, ali təhsilin vahid informasiya bazası və universitetlər haqqında ətraflı məlumatı özündə əks etdirən kataloqların işlənməsi, normativ sənədlərin, Avropa və yerli universitetlərlə bağlı yaddaş kitabçalarının hazırlanıb yayılması, ali məktəblərdə tələbələrin karyera mərkəzlərinin yaradılması, bu sahədə fərqlənən ali məktəblərin təcrübəsinin öyrənilməsi və ondan istifadə edilməsi də Boloniya prosesinə keçidə müsbət təsir göstərə bilər. Ali məktəblərimizdə mühazirə oxuyan əcnəbi müəllimlərin və ya Avropa universitetlərdə bu proses üzrə staj keçən alimlərimizin təcrübəsindən yararlanmaq üçün xüsusi seminarların təşkilinə də ehtiyac duyulur.

Bu gün Azərbaycanın ali məktəblərində dünyanın 50-dək ölkəsindən 6812 əcnəbi tələbə təhsil alır. Ümid edirik ki, gələcəkdə inkişaf etmiş Azərbaycan təhsili dünya ölkələrinin diqqətini daha çox özünə cəlb edəcək. Əgər təhsildə sərhədlər götürülübsə, niyə də olmasın?!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!