Modern.az

3 qız atası Milli Qəhrəman - Topçu İsgəndər...

3 qız atası Milli Qəhrəman - Topçu İsgəndər...

18 Aprel 2013, 01:17

18 Aprel Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhid olmasından 20 il ötür. Bununla bağlı Şəhidlər Xiyabanında anım mırasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, qohumları, Axıska Türk Cəmiyyətinin nümayəndələri, döyüş yoldaşları və KİV nümayəndələri iştirak ediblər. Döyüş yoldaşları İsgəndərin döyüş səhnəsindən, qəhrəmanlığından danışıblar. Axıska Türk Cəmiyyətinin sədri də çıxış edərək bir axıskalı kimi İsgəndərlə fəxr etdiklərini bildirib. 1 saat davam edən tədbir şəhidlərin ruhuna fatihə oxunması ilə başa çatıb.

Milliyətcə Axiska türkü olan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kəndində dünyaya gəlib. 1989-cü ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axiskalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana ana vətən deyə, pənah gətirib  və Şəmkirin Kür qəsəbəsində məskunlaşıb.
İsgəndər 1992-ci ilin mart ayında Milli Orduya könüllü olaraq gedib. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin ediblər. Tezliklə topçuluq məharəti, döyüş zamanı təşkilatçılıq bacarığı ilə İsgəndər hər kəsin sevimlisinə çevrilib. Tez bir zaman ərzində igidliyi ilə, şucaəti ilə tanınıb.
18 aprel 1993-cü ildə Aznaurov İsgəndər döyüşdə qəhrəmancasına həlak olub. Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsində misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhramanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.

Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı orta məktəb İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə “İsgəndər” adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb, Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və ön cəbhədə salınmış “İsgəndər postu” hələ də düşmən üçün bir səddir. İsgəndərin istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.
ALLAH RƏHMƏT ELƏSİN...


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı