Modern.az

Ağa Məhəmməd şah Qacardan Sərdar Cəlaloğluya

Ağa Məhəmməd şah Qacardan Sərdar Cəlaloğluya

18 Aprel 2013, 02:09

Sərdar nəvəm ya da nəticəm, salam! Axır ki, mənim də fani dünyada bir adamım tapıldı. Yiyəsiz, sonsuz qalmadım. Bilmirdim... demə Azərbaycanda hökmən gərək adamın adamı olsun. Bizi müdafiə etdin. Hətta o boyda şairə dılğır da dedin. Dedin dedin də. Amma ya sözünün üstündə dur ya da üzr istə. Siyasətçilər kimi sürüşkən olma. Sözünün üstündə dursan,  mənim nəvəmsən, durmasan Vaqifin. Amma sən deyəsən mənim adamımsan. Mən Adamın adamı. Adamın adamı dedim... birdən Anar yadına düşər ha... Səməd Vurğundan ruhlanıb Anara da ilişərsən... İşin olmasın. Əgər mən ondan sitat gətirirəmsə, deməli böyük adamdır. Təkcə “Adamın adamı”yla. 

Sərdar balam, çox təsirləndim, mən də, Nadir şah da, Məmməd də. Səmədə heç nəyi sübut edə bilmirdik burda. Sən qaldırdın tarixi. Bizə mənəvi oğulluq etdin. Bizim nəslimizi kəsiblər a... amma Səmədin nəsli qalır. Ona görə də çətin davaya girişmisən. Amma, yenə də sağ ol!

Sən siyasətçisən. Az-az uydurursan yeri gələndə. Eşitmişik ki, prezidentliyə də can atırsan. Bizim vaxtımızda bu vəzifənin adı şah, padşah, xan idi. Xata olurdu taxtımızda bir az çox oturanda. Taxt-tacımızı başımıza çevirirdilər. Qətlə yetirirdilər. Nə şahlıq etdim ki, cəmi 15 il.    Deyirlər ki, məni guya qulluqçularım öldürdülər. Əsla. Bzinişvilini tanıyırsan da. Mənim ölümümdə onun babası Msxeti Andrey əsas rol oynadı. Day bunu çox açıqlama. Gürcülər səni Avropa Məhkəməsinə verər, neçə ki Saakaşvili ora müraciət edib.

Nə isə, Sərdar balam! Sənə başıma gələn bir əhvalatı danışım. Lazımın olar. Seçkilərə getsən – qulağında sırğa elə. 
Günlərin bir günü vəzir-əyanlar gəldi ki, şah sağ olsun. Bəs bazarda bir dilənçi var, yığır camaatı başına ki, o, şah olacaq. “Qacar da başından tacı çıxaracaq, qoyacaq başıma. Qarşımda da diz çökəcək. Hakimiyyəti verəcək mənə” deyir. 
Mən də yaman qəzəbləndim. Dedim ki, gətirin o məlunu mənim hüzuruma. Dediklərinizi təkrar eləməsə, sizin boynunuzu vurduracam. Dediyiniz düz çıxsa, bu artıq mənim işimdir. 
Əlqərəz, fərraşlar gətirdilər o dilənçini, Sizin dilinizdə desək, bomju mənim hüzuruma. Heç sual da vermədim. Özü həyasızcasına üzümə dedi ki, “Sən Qacar, tacı başından çıxarıb qoyacaqsan    başıma. Hakimiyyəti də verəcəksən mənə, özün də bir qul kimi qarşımda diz çökəcəksən”. Qaldım belə. Fikrə getdim. Qərara aldım ki, elə də edim. Görüm axırı nə olur?
Tacı çıxarıb qoydum dilənçinin başına. Əbamı atdım çiyninə. Otuzdurdum taxtımda. Diz çökdüm qarşısında . Bunu görüb bütün saray əhli də diz çökdü. Və dedim: “Şahım! Əmr elə!”
Dilənçi neyləsə yaxşıdır? Əlini mən tərəfə açaraq dedi: “5 qəpik ver də…”
Heç nə demədim. Bir təpik vurub taxtdan aşırdım onu yerə və dedim: “Dilənçidən padşah olmaz”.
1782-dən 1925-ə qədər nəslim taxtda oturdu. Pəhləvilər gələnəcən. Onların da aqibəti sənə yəqin ki, məlumdur. Sərdar balam, bu əhvalatı yaddan çıxarma. Dost-tanışa danış. Ən əsası isə bizi unutma. İki çildlik Azərbaycan Sovet ədəbiyyatı kitabını oxu. Oxu ki, fani dünyada olmasa da, haqq dünyasında elektoratın artsın. O kitabda o qədər kompromat var ki... İki misrasını mən deyim. Başlanğıc üçün:

Oxuma tar, oxuma tar,
Səni sevmir proletar!

Elektoratına bizim kimi Mikayıl Müşfiqi də qat. O da sonsuzdur. Lap mənim kimi. Sənin kimilərə ehtiyacı var.

Hörmətlə Qacar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi