Modern.az

Qalib jurnalistlərin yazıları: "Xalq qəzeti"

Qalib jurnalistlərin yazıları: "Xalq qəzeti"

16 Mart 2010, 16:39

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edir. Namiq Əhmədov, “Xalq qəzeti” Beş min yaşlı Naxçıvan

(Naxçıvan səfərindən təəssüratlar)

İranın Mərənd şəhərini  keçəndən  xeyli sonra  uzaqdan görünən "İlanlı dağ"  könlümüzə, gözümüzə  böyük  bir  seçinc  bəxş etdi.  Dumanlı  və qaynar  Təbriz  görüşlərindən sonra , sanki  ruhumuza bir dinclik  hakim kəsildi.   Culfa  sərhəd  məntəqəsində  Arazı  keçəndən sonra isə sanki  başqa bir dünyaya  düşdük. Elə sərhəddəcə  qarşılaşdığımız  Azərbaycanın  sərhəd  xidməti  və  gömrük  işçiləri   ilə  ilk  təmasımız  bizi  xeyli  sevindirdi.  Adını belə  soruşa bilmədiyim  sərhəd  xidməti baş leytenantının  "icazə versəniz,  maşınınıza  baxış  keçirərdik"  müraciəti də,  gömrük  kapitanının  nəzakətli  rəftarı  da  Naxçıvanın  Culfa  qapısında  ilk  təəssüratlarımız idi.

Naxçıvanın  son illərdə  çox böyük  bir  inkişaf yolu  keçdiyini  elə Culfa gömrük  məntəqəsindən ayrılan kimi hiss edirsən.   Yolboyu  hektarlarla ərazidə əkilmiş  ağaclar elə bil  adamı salamlayır.  Yolun  rahatlığı  və ətrafa  heyranlığımız  sürət  həddini  aşmağımızla   nəticələnsə də, qonaq olmağımız  bizi  yol  polislərinin ciddi xəbərdarlıqlardan qurtarır. Amma bir gün  sonra gördük ki, getdiyimiz  Ordubad - Naxçıvan  yolu  Naxçıvan -  Sədərək  yolunun yanında heç nə imiş.  Bu yol  ölkəmizdə  ancaq yeni  çəkilən "Aeroport yolu" ilə müqayisə oluna bilər. Bakıdakı  yolun üstünlüyü isə,  olsa-olsa, Naxçıvan - Sədərək  yolundan  iki dəfəyə qədər  enli  olması idi.

Yolüstü  15-20 il əvvəl  olduğum Culfaya  dönməyə  qərar verdik. Yəni  əslində,  uzaqdan görünən yeni binalar  bizi  buraya,  az  qala,  güclə dartıb gətirdi. Culfa şəhərinin  mərkəzi  küçəsi boyunca yeni  inzibati  binalar,  xəstəxana,  yeni  avtovağzal,   ideal  təmizliyi ilə seçilən  küçə  və həyətləri,  restavrasiya  edilmiş  yaşayış binaları diqqəti  cəlb edir.  Baş  küçənin dirəndiyi  dəmiryol  vağzalının  yenidən  qurulan  100 yaşlı binası  əsaslı  təmirdən sonra  istifadəyə verilib.  Modern  avadanlıqlarla  təchiz edilən  gözləmə zalı  və  digər otaqlarda bu gün XXI  əsrin  10-cu  ili ilə  XX  əsrin 10-cu  ili başbaşa  dayanıb. Elə oradaca öyrənirik ki,   Naxçıvan Muxtar Respublikasının  dəmir yolu  əlaqəsi hər yerlə kəsilsə də,  daxili xətlər işləyir, adamlara  xidmət göstərir.

Naxçıvan  şəhərinə  çatanda  axşam düşmüşdü. Amma yorğunluq  hiss etmirdik.  Daha doğrusu, olduqca  təmiz küçələr, Azərbaycanın heç  bir yerində  rast  gəlmədiyimiz  rəqəmli işıqforlar  və ən nəhayət,  çox  qədim  və yeni Naxçıvanın  çilçıraqla  bəzədilən  əzəmətli görkəmi yorğunluğumuzu  belə unutdurmuşdu. "Təbriz" otelinin  10-cu  mərtəbəsindən  baxanda isə   bu  mənzərələr adamı heyrətləndirir.   Qaranlıq  gecənin  fonunda,  sanki, bir addımlıqda  dayanmış "İlanlı dağ"ın silueti isə bu heyrəti qat-qat artırır.

***

Naxçıvanda  Heydər  Əliyev  Muzeyində  musiqidən  tutmuş hər bir  eksponata, şəkillərə,  ulu öndərin  dəst-xətti ilə  işlənmiş  qərar və  sərəncamların  əks olunduğu  vərəqlərə  qədər  hər şey  ulu  və  şanlı  bir tarixdir.   Amma burada  diqqəti  cəlb  edən bir  eksponat  da  var:  tər-təmiz  silinmiş,  şüşəsi də, özü  də  par-par  parıldayan  neft lampası.   Məhz  bu "xoşbəxt  lapmanın" işığında çox  böyük  tarixi  qərarlar  qəbul edilib,  çox böyük  tarixi  görüşlər  keçirilib.   Amma bilavasitə  ulu öndər ilə   bağlılığı   onu  bu  möhtəşəm saraya  gətirib.   Şübhəsiz ki,   dili olsa idi  90-cı illərin  o  ağrılı  və   böhranlı dövründən  çox danışardı.   Amma  danışa bilmir... Həm  də ona  görə  danışa bilmir ki,  indi az qala  Naxçıvanda bütün  neft  lampaları  ya  muzeyə göndərilib,   ya da  evlərdə  lazım olmayan  bir avadanlıq olub. Çünki  indi Naxçıvan Muxtar Respublikası   elektrik  enerjisi idxalçısından  ixracatçısına  çevrilmişdir.  Muxtar respublikanın  elektrik  enerjisinə olan  tələbatı 35-40 meqavatdır. Suvarma  mövsümündə bu  tələbat 55 meqavata  qədər artır.   14 illik  fasilədən sonra regiona  təbii  qazın verilməsi  də  elektrikə  olan  tələbatı  xeyli  azaldıb.  Eyni zamanda,  əhalinin  tələbatı qədər  elektrik enerjisi işlətməsi  və  dəyərini vaxtlı-vaxtında ödəməsi  günün  reallığıdır.  2009-cu ildə  istehlakçılara  verilən enerji haqqı 101,4 faiz ödənilib.

Muxtar respublikada  energetika  sahəsində  əldə olunan  uğurlar,  ilk  növbədə,  regionların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramlarından  irəli gələn  vəzifələrin  icrası ilə bağlıdır. Eyni zamanda, dövlət  başçısının "Azərbaycan Respublikasında elektrik  enerjisi  təminatının  yaxşılaşdırılması ilə bağlı  əlavə  tədbirlər haqqında" 2 may  2005-ci il  tarixli  sərəncamı bu sahədə  əhəmiyyətli rol oynayıb. Prezident İlham  Əliyev muxtar respublikaya səfəri zamanı  regionda  həyata keçirilən  tədbirlərin  başlıca  məqsədini  belə açıqlayıb: "Maksimum dərəcədə Naxçıvanın öz resurslarına əsaslanıb elektrik  enerjisi istehsalına imkan yaratmalıyıq". Bu  həm də o deməkdir ki,  düşmənlə  müharibə şəraitində yaşayan, ölkəmiz üçün   mühüm əhəmiyyətli  strateji   regionun  iqtisadi  potensialını  yaratmaq  və  inkişaf  etdirmək üçün  ardıcıl  tədbirlər görülməli, ilk növbədə, onun  enerji  problemləri  həll edilməlidir: "Bütün  iqtisadi  potensialın  təməlində bu məsələlər  dayanır.  Əgər  iqtisadi  potensialı  artırmaq istəyiriksə,  enerji  məsələləri  mütləq  həll olunmalıdır".

Hazırda  muxtar respublikada diqqət ucuz və alternativ  enerji  mənbələrinin yaranmasına yönəldilib  və  bu sahədə məqsədyönlü  işlər  aparılmaqdadır.   Ordubad rayonu  ərazisində Gilançay  üzərində 20  meqavat gücündə  "Biləv"  Su Elektrik  Stansiyasının tikintisi davam etdirilir.  Bundan  əlavə,  Azərbaycan hökuməti ilə   İran hökuməti  arasında  imzalanmış  müqaviləyə əsasən,  Araz  çayı  üzərində  Ordubad  Su Elektrik Stansiyasının  tikintisi aparılacaq. Culfa  rayonunun  Gülüstan və   Ordubad rayonunun Dəstə  kəndləri  arasında,  biri  İran, digəri Azərbaycan  tərəfdən olmaqla, iki yeni  kanal tipli elektrik  stansiyasının  inşası da artıq gündəmdədir.  Mütəxəssislərin hesablamalarına görə, bu  ərazidə  hər birinin  gücü  40 meqavat olmaqla  iki elektrik  stansiyası  quraşdırmaq  mümkündür.  Layihə  reallaşarsa, bu, muxtar   respublika  ərazisində   ən iri su  elektrik stansiyası olacaq. Yaxın illərdə külək və  günəş enerjisi ilə işləyən   qurğuların  tikilməsi də nəzərdə  tutulur. Bunun üçün indidən hazırlıq  işləri  həyata keçirilməkdədir.  Əlavə olaraq, Gilançay  üzərində,  Naxçıvanın Batabat  sahəsində  yeni  su  elektrik  stansiyalarının tikilməsi üçün  hazırlıq işləri  aparılır.

Şübhəsiz ki,  bunların  hər biri  yaxın  gələcəyin  reallıqlarıdır.   Ən  önəmli  bir reallıq da  var ki,  Naxçıvan  ötən ildən  Türkiyə  Respublikasına 17  meqavat  gücündə  enerji verir.

Regionların  sosial-iqtisadi  inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) uğurlu  icrası  respublikamızın  bütün  bölgələrində olduğu kimi,  Naxçıvan  Muxtar Respublikasında  da dinamik inkişafın yüksəlməsinə və artım  meyillərinin  əldə  edilməsinə  səbəb olub. Bunun  nəticəsidir ki,  Naxçıvan  Azərbaycan  iqtisadiyyatında  artım  sürətinə  görə  ilk   yerdə  dayanır.

2009-2013-cü illəri əhatə  edən  regionların   inkişafı  ilə bağlı yeni  proqramın həyata keçirilməsi muxtar  respublikada iqtisadi  fəallığın  və tarazlı  inkişafın  daha da  sürətlənməsinə  əhəmiyyətli  dərəcədə  zəmin  yaradıb.  Naxçıvan  iqtisadiyyatı  çoxşaxəli  olması ilə  fərqlənir. Sənaye,  maşınqayırma,  metallurgiya,  kənd  təsərrüfatı,  emal  sənayesi,  turizm,  xidmət,  ticarət  bölməsi    və digər  sahələrn  inkişafı  son  illərdə  dinamikliyi ilə  diqqəti cəlb edir.

Ötən il Naxçıvanda  türkdilli  ölkələrin  dövlət başçılarının  IX  zirvə görüşünün keçirilməsi   qardaş  ölkələrin  dövlət başçılarının  muxtar respublikanın  bir sıra  obyektlərində,  o cümlədən,  bütün  regionda  ən  məşhur  turizm  və  sanatoriya  mərkəzi  kimi  tanınan "Duzdağ"  mərkəzində  olması  bu bölgəyə  marağın  daha da  artması üçün  stimul  verir.

***

Regionların  sosial-iqtisadi  inkişafı  üzrə qəbul edilən dövlət  proqramlarının  tələblərinə  uyğun olaraq  Naxçıvanda  quruculuq  və  tikinti  işlərinə   daha böyük  yer ayrılır.  Xüsusən,  məktəb  tikintisi  önəmli yer  tutur.  Son 15  ildə  muxtar  respublikada  150-dən  çox,  təkcə  ötən  ildə  isə 11  müasir  tipli  ümumtəhsil  məktəbi  tikilib istifadəyə verilmişdir.   Eyni zamanda,  məktəblərin  texniki  və kadr  təminatının yaxşılaşdırılması,  təhsil  müəssisələrinin  informasiya-kommunikasiya texnologiyaları  və  pulsuz  dərsliklərlə  təmin edilməsi,  məktəb  kitabxanalarının  fəaliyyətinin təkmilləşdirilməsi  sahəsində  xeyli  iş görülmüşdür.  Ümumtəhsil  məktəblərində təhsilin  keyfiyyətlə  aparılması üçün  ilk dəfə olaraq 120  elektron  lövhə  quraşdırılmışdır.  Ali  məktəblərə qəbulun  təhlili yüksək bal üzrə  dinamikanın hər il artdığını  göstərir.   Əgər 2008-ci ildə  219 nəfər yüksək bal toplamışdısa,  2009-cu ildə 500-700 arasında yüksək  nəticə  göstərən  abituriyentlərin sayı  232  nəfərə  çatmışdır.  İlk dəfə olaraq  9 nəfər  Prezident  təqaüdünə  layiq  görülmüşdür.

2009-cu ildə muxtar respublikanın ümumtəhsil  məktəblərini  bitirən  məzunlardan  155-i  Avropa  və Asiyanın  nüfuzlu ali məktəblərində  təhsilini  davam etdirmək  hüququ  qazanmışdır.  Bütövlükdə, bu gün  dünyanın qabaqcıl ali  məktəblərində muxtar respublikadan 300-dən artıq gənc  təhsil alır. 

Şübhəsiz ki,  Naxçıvanda  təhsildən  söhbət düşəndə  Naxçıvan Dövlət Universitetindən  danışmamaq  mümkün deyil.  O  universitetdən   ki,  Azərbaycanın ali   təhsil ailəsinin öndə gedən  üzvlərindən  biridir. O universitetdən  ki,  çoxyönlü olması ilə Naxçıvan  Muxtar Respublikasının  əsas elm, təhsil və  fikir mərkəzlərindəndir. Universitetin rektoru, millət vəkili, akademik  İsa Həbibbəyli  deyir ki,   strukturuna və fəaliyyətinə görə  Naxçıvan Dövlət Universitetini  klassik universitet adlandırırlar. Dünya  universitetləri  ilə  geniş əlaqələr quran Naxçıvan Dövlət Universiteti  Avrasiya  məkanında  çağdaş  universitet kimi qəbul olunur.   Universitetimizdə  tədris  prosesində və  elmi  tədqiqat işlərinin  təşkilində ən yeni informasiya  texnologiyalarından  geniş   istifadə olunur. Zəngin maddi-texniki  bazamız və  kadr  potensialımız  XXI  əsrin prinsiplərinə  uyğun gələn yüksək  ixtisaslı  mütəxəssislər   hazırlamağa  tam təminat verir.

Sözsüz ki,  akademikin  bu qısa təqdimatında bu universitet haqqında, onun  böyük  ənənələri  haqqında  çox az  məlumat var.  15 il əvvəl  1000 nəfərə qədər  tələbənin  təhsil aldığı bu  təhsil  ocağında indi  4300  nəfər tələbə təhsil alır.  Bizi  universitetlə  tanış edən akademikin  təkcə  tələbəyə,  müəllimə yox,  bütün  universitetə  necə  qayğı  və  məhəbbətlə  yanaşdığının  şahidi oluruq.  Doğurdan da,  bu qayğı  ədəbiyyatşünas və filosofların yazdığı  ilahi  və  peyğəmbəranə  bir vurğunluqdur.  Rektor  burada  hər korpusu,  hər  auditoriyanı,  hər  mərtəbəni,  hətta  həyətdəki  hər   bir ağacı  doğması  kimi  təqdim edir. Universitetin  prorektoru,  filoloq-alim Hüseyn müəllimin  dediyi sözlər  yadıma düşür: "İsa  müəllim  tez-tez  Naxçıvanda  və ölkədən  xaricdə olur. Amma  kənarda olduğu  günlərdə də  tez-tez  zəng edir,  təkcə  müəllimləri,  tələbələri,  iş-gücü  yox,   hətta həyətdəki  ağacları da  soruşur".

Heydər Əliyev  ideyalarına  sədaqətlə qulluq edən, Naxçıvan  rəhbərliyinin əməli köməyini çox yüksək dəyərləndirən  və ona  arxalanan  İsa müəllim  əsl  ziyalıdır.

Cəlil Məmmədquluzadəni müasir Azərbaycan  ədəbiyyatşünaslığına  layiqincə  təqdim  edib, layiq olduğu  zirvəyə  çatdıran bu insandan  nə  tale,  nə  də  cəmiyyət heç nəyi əsirgəməyib. 60 yaşı  1-2  ay  əvvəl  tamam olan  akademikə, olsa-olsa, 45-50 yaş  vermək olar.  O, akademikdir, "Şöhrət" ordenli  millət vəkilidir,  xoşbəxt ailə başçısıdır.  Bu  siyahıya çoxlu  əlavələr  də  etmək mümkündür. Adama elə gəlir ki,  İsa  müəllim təkcə  müəllimləri yox,  hətta  hər bir  tələbəni də adbaad tanıyır.

Universitetdə  çox  bahalı  müasir  avadanlıqlarla   təchiz olunmuş  laboratoriyalar,  auditoriyalar var. Burada  müəllimlərin, dekan  və kafedra müdirlərinin otaq  və kabinetləri  diqqəti cəlb edir.  Amma stol,  stul  və kreslosuyla  ən sadə  kabinet  rektora  məxsusdur.  Bu  fərqi  sual etmək  istədim, amma cavabını da özüm verdim.  Birincisi,  bu,  ali  ziyalının  təbiətində  və  xislətində yaşayan böyük  sadəlikdir. İkincisi,  İsa  müəllimin  qapısını təkcə böyük-böyük  adamlar  yox,  sadə  tələbələr,  aspirantlar,  çox-çox uzaqlardan  gələn  tələbə  valideynləri də tez-tez  döyür.  Yəqin,  onların sıxılıb-çəkinməməsi üçün də o belə edib.

***

Son illərdə Naxçıvanda  aparılan  uğurlu dövlət siyasəti  iqtisadi  tərəqqi, bütövlükdə,  Azərbaycan dövlətinin  inkişaf  və quruculuq tarixidir.   Beş  min illik  tarixi olan Naxçıvanın  taleyində isə bu  tarix  inkişaf  və yeniləşmə  istiqamətində böyük bir təntənədir.  Məhz buna görədir ki, Naxçıvan  Muxtar  Respublikası Ermənistanın  işğalçılıq  siyasətində Azərbaycanın digər bölgələri ilə,  xüsusilə  də  paytaxtla,  hava  nəqliyyatı  istisna olmaqla,  nəqliyyat-kommunikasiya əlaqələrindən  təcrid olunmuş  vəziyyətdə olsa  belə pozitiv inkişafını  davam etdirməyə  qadir olan bir  bölgə  kimi  diqqət mərkəzində  durur.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir