Modern.az

Alim Qasımov İsa Qəmbərin oğlunun toyuna dəvət almamasından təssüflənib

Alim Qasımov İsa Qəmbərin oğlunun toyuna dəvət almamasından təssüflənib

18 Aprel 2013, 11:32

“Toy sahibindən soruşmurlar müxalifətçisən, ya iqtidarpərəst”


Xalq artisti, muğam ifaçısı Alim Qasımov Moderin.az-a açıqlamasında İsa Qəmbərin oğlunun toyuna dəvət almadığından təəssüf hissi keçirdiyini bildirdi:

“Mən Alim Qasımov olaraq bəyan edirəm ki, sənətçiləri, müğənniləri siyasətə qatmaq olmaz. Onlar dəvət aldığı məclisdən bir tikə çörək qazanır. Bu necə ola bilər? Mən iqtidarın toyuna gedim, müxalifətə yox deyim!? Onda ya acından ölərik, ya da sənətə vida deyərik”.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın Müsavat başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı sənət aləmində birmənalı qarşılanmadı. Bəzi həmkarları bunu İlhamə Quliyevanın şikayət ərizəsinə əsasən müğənninin DİN-ində dindirilməsinə cavab kimi dəyərləndirib. İlhamə Quliyeva isə “dövlətçiliyə sədaqətli olduğu üçün” bu sayaq məclislərdə iştirak etmədiyini dilə gətirib. N. Dostəliyevaya gəlincə, o öz açıqlamasında hər bir azərbaycanlını balası qədər sevdiyini və istər müxalifət, istərsə də iqtidarda xalqın ziyalı oğullarının fəaliyyət göstərdiyini bildirib.

“Bu anormal söhbətlər Azərbaycandan başqa heç bir yerdə yoxdur. Heyf, başı aşağı edən şeylər elə bizdən çıxır! Müğənni toya mikrofonu ilə gedir. O, bəyəm toylarda kiminsə siyasətini təbliğ edir? Demir ki, “ay bala, rüşvət almayın, yol çəkin”. Mənə də toy sahibi dəvət göndərir. Deyir ki, istəyirəm balamın toyunda Alim Qasımov oxusun. Mən durub ondan soruşası deyiləm ki, müxalifətçisən, ya iqtidarpərəst? Belə şey olar!? Alim Qasımov olmasın, Nazpəri Dostəliyeva olsun, biz toyda sənətimizi nümayiş etdiririk”, – deyə xalq artisti qeyd edib.

Şahanə Rəhimli 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?