Modern.az

“Heydər Əliyev mətbuat üçün mövzu verirdi”- XATİRƏ

“Heydər Əliyev mətbuat üçün mövzu verirdi”- XATİRƏ

19 Aprel 2013, 11:25


Modern.az saytı Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı başlatdığı “Xatirə” layihəsini davam etdirir. Xəbər verdiyimiz kimi, layihə çərçivəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, jurnalistlərin, yazıçı və şairlərin Heydər Əliyevlə bağlı təəssüratlarını, mərhum prezidentlə  görüşlərindən unudulmaz xatirələrini oxucularımızla bölüşürük. 

Bu dəfəki müsahibimiz “525-ci" qəzetin baş redaktoru Rəşad Məciddir.

Görkəmli dövlət xadiminin jurnalistlərlə görüşlərində iştirak edən R.Məcid Heydər Əliyevlə bağlı yadda qalan xatirələrindən söz açıb.

“2001-ci ildə Heydər Əliyevlə baş redaktorların görüşündə mən çıxış etdim və mətbuatın problemləri barədə danışdım. Çıxışım o vaxt mətbuatda dərc olunmuşdu. Öz kitabıma da salmışam. Sonra, 2002-ci ilin mart ayında “Jurnalistlərin dostu” mükafatı verilərkən görüşümüz olub. 2002-ci ilin iyul ayında da mətbuat günü ilə bağlı tədbirə gəlmişdi. Orda da Heydər Əliyevlə görüşümüzü xatırlayıram.

Heydər Əliyev çox hissiyatlı, böyük siyasi xadim olub. Mərhum prezidenti ictimai rəyi idarə etməyi bacaran, ictimai fikrə böyük önəm verən, yazılı sözün qiymətini bilən və tarixə işləyən bir siyasətçi idi”-deyə qeyd edən R. Məcid deyir ki, Heydər Əliyev mətbuata çox böyük önəm verib.

“Bizimlə görüşlərində də prezident bildirirdi ki, o gündəlik mətbuatı oxuyur. Heydər Əliyev mətbuatda qaldırılan məsələlərə münasibət bildirirdi. Bizə çatan xəbərlərə görə, o, dəfələrlə müxtəlif mətbuat orqanlarında çap olunan yazılara və yaxud da televiziyalarda  efirə gedən sujetlərə necə ciddi reaksiya verirmiş. Mən şəxsən “525-ci qəzet”in də o zamanlar çap etdiyi yazılara Heydər Əliyevin necə reaksiya verdiyinin şahidi olmuşam”-deyə baş redaktor vurğulayır.

“Heydər Əliyevə sual verdim ki,...”

Bu görüşlər barədə təəsüratlarına gəlincə, R. Məcid deyir ki, Heydər Əliyevin  2001- ci ildə  baş redaktorları qəbul edərkən verdiyi müsahibə onun üçün çox maraqlı olub. “Mən o zaman prezidentə Qarabağla bağlı sual vermişdim. Prezidentə dedim ki, bu gün Amerikanın prezidenti Corc Buş sizə böyük hörmət bəsləyir. Atası ilə dost olduğunuzu bildirib. Rusiyanın prezidenti  Putin sizə bir ağsaqqal kimi, böyük bir siyasi xadim kimi yanaşır. Əgər bu münasibətlər kontekstində də Qarabağ məsələsi həll olunmursa, biz onda bu problemi gələcək nəsillərə ötürəcəyik və gələcəkdə bilinməyən situasiyalarda bu necə həll olunacaq? Bu sualdan sonra təxminən 45 dəqiqə Qarabağ məsələsi ilə bağlı o zamanlar heç kimə demədiyi fikirlərini bizə dedi. Dedi ki, siz ziyalı insanlarsınız, redaktorlarsınız, bu məsələləri bilməlisiniz. Xüsusən, o, ərazi mübadiləsi ilə bağlı o zaman bizim qətiyyən ağlımıza gətirmədiyimiz detalları danışdı. Qarabağın müqabilində Naxçıvanla Azərbaycanı birləşdirən bir koridorun verilməsi ilə bağlı təkliflərdən danışdı. Heydər Əliyev dedi ki, bəzi dünya siyasətçiləri ona bildiriblər ki, Azərbaycan bununla regionda türk zolağı yaratmaq istəyir. Prezident “Türkiyə üçün Azərbaycan, sonra da Xəzər dənizi vasitəsiylə Orta Asiya ölkələrinə gedib çıxa biləcək bir dəhlizmi yaradırsınız?” kimi beynəlxalq siyasətçilərin bəzi təşvişini söylədi. O vaxt onun 45 dəqiqəlik cavabından hiss etdim ki, Qarabağ məsələsi biz düşündüyümüz qədər də sadə bir proses deyil, onun arxasında beynəlxalq qüvvələrin çox böyük maraqları durur”.
“Mətbuat bir müddət göyçə alçasından yazdı”

R.Məcid deyir ki, Heydər Əliyev daim mətbuat üçün mövzu verirdi. “Yay mətbuatın mövzu qıtlığı keçirən bir vaxtıdı. Jurnalistlərlə Naxçıvanda olan Heydər Əliyev Göyçə alçasını götürdü və alça barədə danışdı. Bununla bağlı bizim müxalifət mətbuatı bir müddət göyçə alçasından yazdı”.
Baş redaktorun fikrincə, Heydər Əliyevin ictimai fikri idarə etmək bacarığının şahidi olub.

R. Məcid qeyd edir ki, mərhum prezident canlı ünsiyyət zamanı çox səmimi olub. “Söhbətlərində arada olan səddi götürürdü. Qarşısındakı insandan  söz almağı bacarırdı. O, çox müdrik  insan idi. Mən görürdüm ki, insanlardan adi bir məsələni soruşarkən onun daxili aləminə nüfuz etməyi,  qarşısındakı insanı öz təsiri altına salmağı bacarırdı”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir