Modern.az

Əli Məsimli: "Büdcə təşkilatlarında çalışanların maaşı artırılmalıdır"

Əli Məsimli: "Büdcə təşkilatlarında çalışanların maaşı artırılmalıdır"

17 Mart 2010, 11:47

Milli Məclisin deputatı Əli Məsimli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildəki  fəaliyyəti haqqında hesabatına dair

qeydlərini açıqlayıb.

Ə.Məsimli Modern.az-a bildirib ki, Nazirlər Kabinetinin hesabatı geniş və əhatəli tərtib edilib. Deputatın sözlərinə görə, qlobal maliyyə böhranı 15 postsovet ölkəsindən 12-nin iqtisadiyyatını ağır vəziyyətə saldı və ən azı 2-3 il geri atdı: “Keçmiş SSRİ – yə daxil olan  ölkələrdə ümümi daxili məhsulun orta hesabla 8-9%, MDB məkanında 7%, o cümlədən Rusiya Federasiyasında 8%, Ermənistanda 14%, Ukraynada 16% aşağı düşməsi fonunda Azərbaycanda 2009-cu ildə ÜDM 9,3% artmış oldu. Bu onu göstərir ki, böhran dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirə bildi və bu ağrılı prosesdən az itki ilə çıxmağı bacardı. Burada böhranın təsirinin azaldılmasına yönəlik tədbirlərin həyata keçirilməsində sadəcə beynəlxalq təşkilatların məlum reseptlərinin həyata keçirilməsi yox, Prezidentin vəziyyətdən asılı olaraq aidiyyatı iqtisadi qurumlara yaradıcı fəaliyyət üçün dəstək, geniş meydan verməsi, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və digər qurumların isə onlara verilən həmin imkandan bacarıqla istifadə etməsi, Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarından güclü asılılığının olmaması, inamla manevr etməkdən ötrü 20 mlrd. dollar maliyyə vəsaitinin timsalında təhlükəsizlik yastığının olması, xüsusi sektorun əsas sifarişçisinin dövlət olması və bu əsasda da nəzərdə tutulan infrastruktur və digər layihələrin əksəriyyətinin reallaşdırılmasının davam etdirilməsi kimi amillər mühüm rol oynadı”.

Bununla yanaşı, millət vəkili deyir ki, böhran Azərbaycan iqtisadiyyatının bütün güclü və zəif cəhətlərini də ortaya qoymuş oldu:

“Böhran göstərdi ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycan xaricdən kömək almadan böhranın nəticələrini minimuma endirə bilir.

Azərbaycan Respublikasının Milli Məclisinin hökümət tərəfindən antiböhran tədbirlərinin tərkib hissəsi kimi irəli sürdüyü qanunvericilik aktlarını operativ qəbul etməsi böhranla, xüsusən də əhalinin əmanətləri ilə bağlı ajiotajın yaranmasının qarşısının alınmasında mühüm rol oynadı”.

Ə.Məsimli deyir ki, böhran dövründə neftin qiymətinin kəskin surətdə aşağı düşməsi Azərbaycanın gəlirlərini, xarici ticarət dövriyyəsinin də kəskin surətdəı aşağı düşməsinə gətirib çıxarıb ki, bu da büdcədə və digər sahələrdə problemlər yaratmış oldu. “Böhran aşkarladı ki, Azərbaycanın neftdən kənar sahələrinin rəqabət qabiliyyəti çox aşağıdır. Azərbaycanın ixracında meyvə-tərəvəz istisna olmaqla digər sahələrin payı 1% dən aşağıdır.Aliminium sənayesi,kimya sənayesi, metallurgiya sənayesi məhsullarının ixracı kəskin surətdə aşağı düşdü.

Bununla əlaqədar olaraq böhran diktə edir ki, Azərbaycanın yenidən artmağa başlayan neft gəlirləri ölkədə innovasiyalı iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir. Qabaqcıl texnika və texnologiyaya əsaslanan rəqabət qabiliyyətli yeni istehsal sahələrinin yarasdılmasının məqsədli proqramı hazırlanmalı və həyata keçirilməlidir”.   Ə.Məsimlinin fikrincə, dünya bazarında neftin qiyməti 2010-cu ilin büdcəsində planlaşdırılan səviyyədən 2 dəfəyə yaxın yüksəkdir. Bu büdcəyə yenidən baxmağı zəruri edir. “Əgər nəzərə alsaq ki, 2008-2009-cu illərdə büdcə təşkilatlarında çalışanların maaşları proqnozlara uyğun(20-25%) artırılmayıb, onda bu ilin ortalarında büdcəyə daxil olan həmin əlavə vasait hesabına  büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması üçün vəsaitin ayrılmasını zəruri hesab edirik”. 

        Deputatın fikrincə, qabaqcıl texnika və texnologiyaya əsaslanan kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalına əsaslanan istehsal sahələrinin genişləndirilməsinə böyük ehtiyac var. “Bunu əsaslandırmaq üçün təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda adambaşına gündə 1 manatlıqdan az kənd təsərrüfatı məhsulu, 20 qəpiklik isə  digər qida məhsulları istehsal olunur. Ona görə də Azərbaycan vətəndaşının qidaya sərf etdiyi pulun yalnız 10%-i həmin yerli məhsulların alınmasına yönəlir. Ölkə iqtisadiyyatına qoyulan sərmayənin cəmi 0,8 % qida istehsalına yönəldilir. Ona görə də bu sahəyə sərmayə qoyuluşunun artırılması və qabaqcıl texnika və texnologiya ya əsaslanan istehsalın yaradılmasına böyük ehtiyac var. Mülkiyyət hüququnun qorunmasının etibarlılığı artırılmalı,  istehsalla məşğul olan sahibkarlıq hərtərəfli təşviqləndirilməli və elə şərait yaratmaq lazımdır ki, istehsala qoyulan hər manat ticarətdən daha çox gəlir gətirsin. Kiçik və orta biznesin qarşısında duran maneə və əngəllər aradan qaldırılmalı, vergi yükü azaldılmalıdır. Orta təbəqənin və yaradıcı insanların fəallığının artırılmasına xidmət edən tədbirlər həyata keçirilməlidir. Vergi yükünün azaldılması  istiqamətində biz konkret təkliflərlə çıxış etmişik və güman edirik ki, Vergilər Nazirliyi həmin təkliflərimizi  müsbət qiymətləndirəcəkdir”.

      Millət vəkili deyir ki, kənd təsərrüfatına yönəldilən vəsait də həmin sahənin investisiya təlabatından 2 dəfə azdır.  “Qarşıdakı 5-6 il ərzində hər il kənd təsərrüfatına 500 mln. manat vəsait qoymaq, fermerlərin səmərəli koperasiyasını təşviqləndirmək və kənd təsərrüfatına yönəldilən subsidiyaların ünvanına çatmasının etibarli mexanizmini yaratmaqla, bu sahədə məhsuldarlığı artırmaq və illik istehsalın artım tempini indiki 3%-dən 8-10%-ə çatdırmaq olar. Eyni zamanda istehsalın sturukturunda da zəruri dəyişikliklərin edilməsinə ehtiyac var. Məsələn, biz, 100 milyonlarla manat xərcləyib qısa müddət ərzində tələbatımızı kəmiyətcə ödəyə biləcək səviyyədə - 3 mln. tona yaxın taxıl istehsal edə bildik. Amma istehsal olunan taxılın sturukturu Azərbaycanın konkret təlabatına uyğun olmadığından il ərzində taxil hasilatını 490 min ton artırmasğımıza baxmayaraq, yenə də xaricdən 195 mln. dollara 900 min tondan artıq ərzaq buğdası gətirməli olmuşuq. Halbuki istehsalın sturukturu təlabata uyğun qurulsa, öz təlabatımızın daha çox hissəsini təmin edə bilər və həmin 200 mln. dollara yaxın vəsait ölkədən çıxmaz, onu   başqa ehtiyaclarımıza yönəldə bilərik”.

          Ə.Məsimli qeyf edir ki, Azərbaycan rəqabət qabiliyətinə görə dünyada 51-ci yerə gəlib çıxsa da, insan inkişafı göstəricisinə görə öz potensialından xeyli geri qalır. Bu geriliyi, xüsusən də regionlarda aradan qaldırmaqdan ötrü 2-ci Regional İnkişaf Proqramı çərçivəsində insan inkişafına yönələn işlər genişləndirilməlidir: “Bununla əlaqədar olaraq biz 2020-ci ilədək olan dövr ərzində Şəkinin sosial-iqtisadi inkişaf Proqramının konsepsiyasını başa çatdırırıq. Proqramda öz əksini tapan bir sıra mühüm məsələlərin həlli ilə bağlı bu ilin yanvarında Nazirlər Kabinetinə müraciət etmişik. Həmin məktubla əlaqədar Nazirlər Kabinetinin ilkin müsbət reaksiyasına görə təşəkkürümüzü bildirir və güman edirik ki, aidiyyatı sturukturlar da qaldırılan məsələlərin müsbət həllinə gözlənilən yardımı göstərəcəklər. Həmin tədbirlərin həyata keçirilməsi Şəkidə İpək Kombinatı və digər ənənəvi istehsal sahələrinin inkişafı, iş yerlərinin qorunub saxlanılması, yeni rəqabət qabiliyyətli və yüksək maaşlı iş yerlərinin açılması(Azərbaycanda orta əmək haqqı 300 manat, Bakıda 400 manatdan artıq, Şəkidə isə 175 manatdır), şəhərin su probleminin həllinin sürətləndirilməsi, əhalinin sağlamlığına, turizmin inkişafına öz müsbət təsirini göstərərdi. Şəki əhalisi Azərbaycan əhalisinin 0,8 %-ni təşkil etsə də, şəhərin iqtisadiyyatının gücləndirilməsi, regional mərkəzə çevrilməsi, bütövlükdə təxminən 700.000 nəfər əhalinin yaşadığı  Şəki- Zaqatala iqtisadi rayonunun inkişafına ciddi təkan vermiş olar. Bu baxımdan Şəki şəhərində 18 il (2000-ci ilədək BDU-nun Şəki filialı kimi fəaliyyət göstərmişdir) fəaliyyət göstərməkdə olan Müəllimlər İnstitutunun Şəki filialının bazasında müsatəqil “Şəki-Şimal” Unversitetinin təsis edilməsi ölkəmizin mürəkkəb demoqrafiq quruluşa malik son dərəcə strateji bölgəsində fasiləsiz təhsil sisteminin yaradılmasında əhəmiyyətli addimlardan biri, həm də regionun insan inkişafının göstəricisinin  yaxşılaşmasına töhfə olardı". 

    Modern.az    

        

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir