Modern.az

Azərbaycanlı deputat AŞPA rəhbərliyindən 5 suala cavab istədi - EKSKLÜZİV

Azərbaycanlı deputat AŞPA rəhbərliyindən 5 suala cavab istədi - EKSKLÜZİV

Aktual

19 Aprel 2013, 19:44

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov cari ilin mart ayının 20-də Ermənistanda keçirilən prezident seçkisinin Avropa Şurası tərəfindən domokratik olaraq dəyərləndirilməsini birmənalı qarşılanmadığını bildirib. Modern.az-ın xəbərinə görə E.Süleymanov bununla bağlı açıq məktub yayımlayıb. Məktubda BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğu xatırlanır və bununla bağlı sualların cavablandırması xahiş edilir.

    Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Jan Klod Minyona,

Avropa Şurasının Baş Katibi cənab Torbyörn Yaqlanda,

  Avropa Şurası Parlament Assambleyasının Baş Katibi cənab Voysix Saviçkiyə,

Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə   

Hörmətli cənab Prezident,   

Hörmətli Baş Katib,

Hörmətli həmkarlar,

22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq. Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənədi təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa vardır.

BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş edirəm:

1. Avropa Şurasının üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?

2. Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali dövlət rəhbəri olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bi müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?

3. Ermənistan prezidenti olaraq Sərkisyanın fəaliyyət göstərdiyi dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı  aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini Cənubi Qafqazda gərginliyin artmasına yönəlmiş təxribat kimi dəyərləndirirsinizmi? 

4. Ermənistan bu ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Digər üzv dövlətin ərazilərini hərbi işğal  altında saxlayan bir dövlətin Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir ququma rəhbərlik etməsini necə dəyərləndirirsiniz?

5. Işğalçı dövlətdə keçirilən seçkilərin demokratiklik müstəvisində qiymətləndirilməsi və ümumiyyətlə, işğalçı dövlətin Avropa Şurasında üzv dövlət kimi fəaliyyət göstərməsi demokratiya, söz azadlığı, qanunun aliliyi ilə ziddiyyət təşkil etmirmi?

Hörmətli həmkarlar, təssüf ki, Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar sizlərə ünvanladığım 18.03.2013-cü il tarixli bəyanatıma heç bir reaksiya olmadı. Lakin ümidvaram ki, ədalət zəfər çalacaq və Siz demokratiya, insan hüquqları və hüququn aliliyini dəstəkləyəcəksiniz.  

Hörmətlə,  Elxan Süleymanov

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır