Modern.az

Sosial şəbəkələrdəki “mən”imiz

Sosial şəbəkələrdəki “mən”imiz

27 May 2016, 15:16

Zeynəb Kazımova

 

Facebook insanı nə istəyir? Əslində facebookun burada şərti seçildiyini hesab etsək, ümumilikdə, sosial şəbəkələrdə insanların “nə axtardığını” sual edə bilərik. Sosial mənada, əgər bu, ilk öncə ünsiyyət ehtiyacı, informasiya almaq, xəbər tutmaq, məlumatlı olmaqla bağlıdırsa, psixoloji tərəfdən buradakı məqamları tuta bilmək daha çətindir. Elə buradaca qeyd etmək yerinə düşər ki, bu gün birmənalı olaraq sosial şəbəkələr KİV-in funksiyasını “əlindən alır”. Belə ki, mövcud paylaşım sistemi, proqramı, nəhayət “düyməsi” vasitəsilə biz istənilən mövzuda xəbər paylaşa (status vasitəsilə) fikir, rəy bildirə (şərh vasitəsilə) bilərik. Öz subyektiv və ya obyektiv düşüncəmizi də şərh vasitəsilə paylaşaraq ictimailəşdirə bilərik və bu mövzuda müxtəlif məzmunlu virtual söhbətlər aparmaq da olar.

Ünsiyyət, bölüşmək, xəbərləşmə kimi xüsusiyyətlər insanın yaradılışdan əxz etdiyi vacib vərdişləridir. Məlumdur ki, xəbərləşmə məhz jurnalistikanın məlumatlandırma funksiyasının əsas səciyyəvi elementidir. Bu gün sosial şəbəkələrdə bu informasiya mübadiləsi qızğın şəkildə həyata keçirilir. İnsanlar müxtəlif xəbər və məlumatları, hadisə və ya qəza yerindən foto və video çarxları paylaşırlar. Məsələ bununla bitmir. Bəzən dahi şəxsiyyətlərin, görkəmli filosof, yazıçı, alim və ziyalıların fikir və düşüncələrinin yer aldığı müxtəlif aforizmlər, hikmətli kəlamlar və digər bu kimi elmi-mədəni-sosial-ictimai mövzularda paylaşmalar məhz jurnalistikanın maarifləndirmə funksiyasını yerinə yetirir. Fikrimcə, əyləncə funksiyasının sosial şəbəkələrdə təzahürü cəmiyyəti daha çox narahat edən məsələdir. Bu, daha çox tənqidi fikirlərə tuş gələn, gənclərin meyl etdiyi sosial şəbəkələrdə əyləncəyə, boş vaxtını mənasız və səviyyəsiz, hətta bəzən onların əxlaq və tərbiyədən, milli-mənəvi dəyərlərdən uzaq düşməsi kimi qiymətləndirməyə meyl artır. Çox zaman sosial şəbəkələrin cəmiyyətə yeni problemlər, daha böyük qüsurlar gətirdiyini iddia edənlər kifayət qədərdir. Azərbaycan kimi özünüdərkin, milli mənsubiyyətin daha gec dərk edildiyi (cəmi 22 illik müstəqillik tariximiz baxımından) bir ölkədə bu problem daha qabarıq üzə çıxır.

Müxtəlif ailə dramları, sevgi hekayələri, sonu heç yaxşı bitməyən bəzi söz güləşdirmələr bu gün cəmiyyətin sosial şəbəkələrdən qaynaqlandığı hesab edilən problemləri sırasındadır və təsadüfi deyil ki, bütün bunlar sosial şəbəkələrin köməyi ilə ailə quran cütlüklərin fonunda baş verir və ya əksinə, belə xoşbəxt, səadət gətirən sosial şəbəkə evliliklərinin fonunda yuxarıda sadaladıqlarımız gündəlik həyatın normasına çevrilməkdədir. Virtual reallıqda özünü tapan, bu reallığa sığınan, fikrini, düşüncə və xəyallarını məhz burada bölüşən, ünsiyyət quran, sosiallaşan gənc real aləmin çətinliklərindən virtual (qeyri-real) aləmin girdabına düşür. Əgər sosial şəbəkələrdə müşahidə aparsaq, hətta çox zaman yaxından tanıdığımız şəxslərin belə öz profil səhifələrində daha çox ideal, mərhəmətli, dürüst və cəsur bir insan imici yaratmaq cəhdlərini görürük. Buna nail olanlar da var. Müxtəlif müdrik, hikmətli söz və kəlamları daima öz dostları ilə paylaşan tanıdığımız “tanımadığımız tanış”ımızın yeni bir obrazı çıxır qarşımıza. Bəs bu nədir? Bəlkə bu yeni, virtual şəxsiyyətin formalaşmasıdır?

Bununla yanaşı, tez-tez profil şəkli yerinə özünün deyil, müxtəlif tanınmış, populyar və sevilən insanların (aktyor, idmançı, siyasi-ictimai xadim və s.) yerləşdirməklə öz əsl (real) “mən”ini gizlədən inanların sanki virtual (qeyri-real) şəxsiyyəti ilə qarşılaşırıq, onlar yeni, daha başqa simalarla önümüzə çıxırlar. Bu yerdə təbii ki, dağ, çay, şəlalə, meşə, metal kürə, qlobus, alov və sair və ilaxır şəkilləri özünə profil şəkli seçənlər də var. Burada əsas məqamdan biri də odur ki, sosial şəbəkələr “virtual aləm” adlanır, qeyri-real məkanda həmin şəxslərin reallıqla üst-üstə düşməyən, çox zaman təkzib edən, bəzən isə heç yaxına belə buraxmayan digər “mən”i - virtual (qeyri-real) şəxsiyyəti ilə qarşılaşırıq.

Əslində isə, bu “qeyri-real (virtual) şəxsiyyət” həmin insanın reallıqda çata bilmədiyi, xəyal edərək, təsəvvüründə canlandırdığı obrazını, onun “daxili mən”ini, xəyal və arzularını ifadə edir. Öz şəklini deyil, gözəl aktyorun fotosunu profilində yerləşdirən gənc qızın və ya yaraşıqlı idmançı görünüşə malik birinin şəklini profilinə qoyan oğlanın arzusu və xəyalı qismən bilinir. Sosial şəbəkələrdə daha çox olmaq istədiyi, amma reallıqda həyata keçirilməsi mümkün olmayan və ya alınmayan obrazımızn inikası formasında ortaya çıxır. Bu, sonda insanı özünün olduğu kimi deyil, ola bilmədiyi kimi davranmağa və ya görünməyə məcbur edir. Lakin bu həmişəlik ola bilmədiyi üçün, bir müddət sonra real həyata dönməyə məcbur qalırsan. Bu, bir daha sübut edir ki, bu gün sosial şəbəkələr insanların, xüsusilə də gənclərin formalaşmasında çox hədsiz dərin məsələlərə gedib çıxır. Gənclərin normal, cəmiyyətə faydalı yetişməsi üçün onlara özünü olduğu kimi təqdim etməyi aşılamaq  vacibdir, əks təqdirdə bu gün sosial şəbəkələrdə formalaşan, reallıqla uyğun gəlməyən virtual (qeyri-real) şəxsiyyətin formalaşması cəmiyyətə daha az fayda verən, qeyri-səmimi bir toplum formalaşdırmağa sövq edə bilər. Bu isə, artıq daha çətin suallar yarada bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir