Modern.az

Saxta mobil telefonları necə müəyyənləşdirək?

Saxta mobil telefonları necə müəyyənləşdirək?

20 Aprel 2013, 21:24


Azərbaycanda mobil telefon bazarı sürətlə inkişaf edir. Ən yeni çıxan orijinal telefonların qutusunun yapışqanı qurumamış artıq ölkəmizdə satışda olur. Bu, əlbəttə bizim sahibkarların çevikliyini, zirəkliyini, iş bacarığını göstərir. Lakin bununla belə, bazarda mənşəyi bilinməyən, “poddelka Kitayski” adlanan  kulon telefonların da çox olması heç kimə sirr deyil.

Gəlir əldə etmək məqsədilə ölkəyə “işbazlar” tərəfindən qeyri-leqal yolla gətirilən saxta mobil telefonlar əsillərindən xeyli ucuz təklif olunduğu üçün alıcının diqqətini tez cəlb edir. Ucuzluğuna aldanıb belə cihazları alanlar isə sonradan çox peşman olurlar. Çünki kulon telefonların tezliklə klaviaturası dağılır, səsi xışıldayır, batareyası “ölür”, bir sözlə istifadəçinin yadına “ucuz ətin şorbası olmaz” məsələsini salır.

Saxta cihazlar, əsasən keyfiyyətsiz və zərərli materiallardan hazırlandığı üçün istifadəçilərin sağlamlığını da təhlükə altına alır. Orqanizmə neqativ təsiri, şüalanması normadan dəfələrlə artıq olur. Uzun müddət danışdıqda insanın səhhətində mənfi dəyişikliklər baş verir, qulaqda, beyində uğultular əmələ gəlir, danışan adam yorulub əldən düşür.

Mənşəyi bilinməyən telefonların təhlükəsi tək deyilənlərlə bitmir.  Onlardan cinayət məqsədilə istifadə olunması halları da vardır. Terrorçular, cinayətkarlar arasındakı gizli zəngləşmələr, həmçinin polisə yalandan harasa bomba qoyulması barədə edilən anonim zənglər belə telefonlar vasitəsilə həyata keçirilir. Nəticədə təhlükəsizlik orqanları ayağa qaldırılır, minlərlə insan qorxulu, həyəcanlı anlar yaşayır, stress keçirir, ictimai asayiş pozulur və s.. Belə neqativ halların qarşısının alınması, eləcə də ölkəmizdə mənşəyi bilinməyən saxta mobil cihazların müəyyənləşdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mobil cihazların qeydiyyat sistemi (MCQS) yaradılıb. 2013-cü il mart ayının 1-dən etibarən şəbəkələrdə istifadə olunan mobil cihazların İMEİ (İnternational Mobile Equipment İdentification) nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən MCQS-yə təqdim olunur. Sistem tam gücü ilə mayın 1-dən fəaliyyətə başlayacaq və ondan sonra mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatları  MCQS-yə təqdim etməlidirlər. Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 gün müddətində qeydiyyatdan keçirilməlidir.

Qeyd edək ki, haqqında söhbət gedən İMEİ nömrələr mobil cihazın daimi yaddaşına istehsalçı zavod tərəfindən həkk edilmiş 15 rəqəmdən ibarət unikal identifikasiya kodudur. Mobil telefonda *#06# kombinasiyasını yığmaqla İMEİ kodunu ekranda görmək olar. Telefonun batareyasının altında korpusa yapışdırılmış etiketdə, habelə telefonun qablaşdırıldığı qutunun üstündəki ştrix-kodun aşağısında da İMEİ nömrə qeyd olunur. Telefon alarkən yaddaşında, korpusunda, qutusunda, eləcə də zəmanət kağızında qeyd edilmiş İMEİ nömrələri tutuşdurmaq gərəkdir. Nömrələr eyni olmalıdır. Əks halda belə telefonu almaq məsləhət deyil. Ola bilər ki, telefonun korpusu  və ya proqram təminatı dəyişdirilib.

Beynəlxalq razılaşmaya görə eyni İMEİ nömrəli cihazlar istehsal olunmamalıdır. Haradasa rast gəlinirsə, demək burada saxtakarlıq var. Hazırda İnternet şəbəkəsində İMEİ nömrələrinin düzgünlüyü yoxlamaq üçün bir sıra xidmətlər vardır. Məsələn, SNDeepInfo və ya  İNTERNATIONAL NUMBERING PLANS saytında telefonunuzun İMEİ kodunu xüsusi qrafaya daxil etməklə onun həqiqiliyini, telefon modelinin növünü, neçənci ildə istehsal olunduğunu, hansı bazar üçün nəzərdə tutulduğunu müəyyənləşdirmək olar.

SNDeepInfo saytında bir maraqlı düyməcik də var ki, əgər telefonunuz oğurlanıbsa və ya itirilibsə, onun İMEİ nömrəsini yığdıqdan sonra, həmin düyməni tıkladıqda  telefon itirilmiş və oğurlanmışlar siyahısına düşür ki, əgər telefonunuzun gələcək sahibi bu sayta girib onun İMEİ kodunun düzgünlüyünü yoxlayarsa, cihazın oğurluq və ya itirilmiş olduğunu görəcəkdir.

Ümumiyyətlə, mobil telefon almaq istəyənlər bir sıra məsləhətlərə əməl etsələr, saxta cihazlardan uzaq ola bilərlər. Alışdan qabaq internetdə yeni çıxan və ya xoşladığın modellərlə maraqlanmaq, onların xarakteristikasını oxumaq və yaxud funksiyalarını göstərən video roliklərə baxmaq, qiymətləri ilə maraqlanmaq yaxşı olar. Konkret alacağın cihaz haqqında dolğun məlumatın olduqda, alış zamanı həm qiymətdə, həm də orijinallıq məsələsində aldanmaq şansı azalır. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, orijinal telefonu ələ götürdükdə, o, ələ yatımlı olmalıdır. Ölçüsü ilə çəkisi harmoniya təşkil etməlidir. Normadan artıq yüngüllük və ya ağırlıq hiss etdikdə onu almamaq məsləhətdir. Əllə bərk sıxdıqda cihazın korpusu fiziki təzyiqə normal müqavimət göstərməlidir. Klaviaturasının klavişləri rahat və yumşaq işləməlidir. Telefonun proqram təminatının, menyusunun yazıları qrammatik cəhətdən düzgün yazılmalıdır. Adətən saxtalarda hərf səhvlərinə rast gəlinir. Orijinal telefonların ekranı sönülü halda saxtalardan fərqli olaraq tünd qara rəngə çalır. Saxtalarda bozumtul olur. Orijinal telefonlar bütün ləvazimatı ilə birlikdə satılır. Qulaqcıqları, qoruyucu plyonkaları, USB-kabeli və digər aksessuarları üstündə verilir. Qablaşdırıldığı qutu yaraşıqlı, səliqəli və cəlbedici olur. Telefona satılarkən ən aşağısı bir illik zəmanət verilir.

Sonda, bir məsələni də qeyd etmək lazımdır ki, cihazın üstündə "Made in China" yazılması hələ onun saxta olmasından xəbər vermir. Bəzi istifadəçilərə elə gəlir ki, aparat Çin istehsalıdırsa, ümumiyyətlə ona yaxın durmaq lazım deyil. Əslində, Çində əmək qüvvəsi və məhsulun maya dəyəri çox ucuz başa gəldiyi üçün məşhur şirkətlərin, o cümlədən mobil cihaz istehsalçılarının bu ölkədə iri zavodları fəaliyyət göstərir və buraxdıqları məhsulların keyfiyyəti heç də geri qalmır. Ona görə də, Çin istehsalı olan orijinal telefonları da ehtiyat etmədən almaq və rahatlıqla işlətmək olar.

Vüqar Haqverdiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?