Modern.az

Şeyxin evi tikiləydi, səni Həccə göndərən yerdə

Şeyxin evi tikiləydi, səni Həccə göndərən yerdə

Ədəbi̇yyat

21 Aprel 2013, 10:07

Axşamçaği idi. Evdə oturmuşduq. Yaxşı yemək bişirmişdi. Yarım litr də soyuducuda. Mən işə qayıtmalıydım. Yəni ki, içməyəcəkdim. Kampaniyasız da boğazından keçməyəcəkdi. Birdən qapı döyüldü. Gələn şair, jurnalist Ağəddin Mansurzadə idi. Köhnə dostu, qələm dostu, yeyib-içən Ağəddin. Ona zarafatca Qaqətdin də deyirdi. Elə bil kişiyə dünyanı bağışladılar. Birinci sualı bu oldu:
- Ağəddin, Masallıda Qodman kəndi var?
- Var.
- Latviyanın baş naziri sizin Qodman kəndindədir deməli, hə?...
- Xeyr, Qabil müəllim, bu haradan çıxdı?
- Bəs onda, niyə familiyası Qodmanisdir?
Gülüşdülər. Çoxdandır görmürdü Ağəddini. Özü də ki, elə vaxtda gəlib çıxmışdı ki...
Mən o saat gündəmdən düşdüm.
- Qabil müəllim, bilirsən niyə gəlmişəm? Bəs uşağın toyudur. Səni də dəvət edirəm.
Atamın çiçəyi bir az da çırtladı.
- Ay Allah xeyir versin, xoşbəxt olsunlar. Bax bu oldu ikiqat şad xəbər. Biri sənin gəlməyin, biri də toy. Bunu qeyd eləmək lazımdır.
Ağəddin nəsə demək istədi. Atam qoymadı. Elə bildi ki, aradan çıxmaq istəyir, ərkyanə “otur yerində” deyib keçdi mətbəxə. Hər şey hazır idi. Bir dənə bərkdən “Mahir” qışqırdı. Yəni ki, gəl kömək elə, süfrəni düzəldək. Süfrə həmən düzəldi. Araq açıldı. Bir rumka Ağəddin, bir rumka da özüyçün süzdü. Mən artıq yaddan çıxmışdım. Badəni qaldırdı.
- Ağəddin xoş gəlmisən. Həmişə sən gələsən. Allah, cavanları xoşbəxt eləsin.
Və badəni toqquşdurmaq üçün uzatdı Ağəddinə. Ağəddin isə yerində donub qalmışdı. Əlini heç badəyə də uzatmırdı. Bir atama baxırdı, bir də arağa.
- Qabil müəllim, bəs səhərdən demək istəyirəm, macal vermirsən. Mən axı, hacı olmuşam.
Araya bir anlıq sükut çökdü. Atam pərtliyini güclə gizlədərək - nə olar, Allah xoşbəxt eləsin,- deyib badəni çəkdi başına.
- Ağəddin, sənlə bir ton araq içmişəm, sən deməli Həccə getmisən?
- Hə, Qabil müəllim.
Könülsüz-könülsüz “Allah qəbul eləsin” dedi. Bir badə də süzdü. Bu dəfə Ağəddinə tərəf uzatmadı. Sanki Ağəddin gözündən düşmüşdü. Axı, onun kimi yemək-işməyin yerini bilən həmpiyaləsini itirmişdi? “Xoşbəxt olsunlar” deyə rumkanı çəkdi başına.
Ortaya çökmüş sükutu yenə atam pozdu.
- Ağəddin, axı sən kasıb, təmiz, jurnalistsən. Bəs necə oldu ki, Həcc boynuna düşdü. Başa düşdüm e, boynuna düşməyib. Gedib-gəlmək xərcini necə tapdın?
- Qabil, Allah Şeyximizə uzun ömür versin. O səbəbkar oldu. Göndərdi məni. Getdim gördüm o müqəddəs yerləri. Allah Sizlərə də qismət eləsin.
- Təki ürəyimiz təmiz olsun. Amma 60-dan sonra arağı atmaq çox təhlükəlidir a... Qasım da (Şair Qasım Qasımzadə) arağı, yemək-içməyi atdı başladı namaz qılmağa, oruc tutmağa, sərxoş olan mikrobları başladı yavaş-yavaş ayılmağa, yazıq rakdan getdi. Nəsə, özünü gözlə.
Ağəddin heç nə demədi. Atam sanki pərt olmuşdu. Ağəddin də ondan betər. Atam bir rumka da süzdü. Əlinə götürdü. Qımışdı. Sanki bugünkü pərtliklərinə səbəb olan taqsırkarı tapmışdı. Ürəyini də boşaltdı, 3-cü rumkanı da...
- Ağəddin, Şeyxin evi tikiləydi, səni Həccə göndərən yerdə...
 
Allah qəbul eləsin
 
Yolda bir dilənçi dayanmışdı. Çıxartdım 20 qəpik verdim. Yanımdan bir kişi ötürdü. Dedi:
- A bala, Allah nəzirini qəbul eləsin.
Qurban boyun olmuşdum. Kəsdirdim. Payladım. Dedilər:
- A bala, Allah qurbanını qəbul eləsin.
Atam rəhmətə getmişdi. Ehsan verdim. Dedilər:
- A bala, Allah ehsanını qəbul eləsin.
Elan elədilər ki, məsciddə qanvermə aksiyası keçirilir. Getdim qan verdim. Biri çaşdı, amma söz dilində çıxmışdı:
-A bala, Allah qanını qəbul eləsin           
 
Prezidentə sual
 
Moskvada qafqazlıların toy karvanında adət-ənənəyə uyğun olaraq havaya odlu silahdan atəş açıblar. Polis də onları tutub basıb qoduqluğa. Bəs ki, bura sizinçün Qafqaz deyil, aul deyil, kənd deyil. Nə olsun ki, sizdə adət-ənənə belədir. Bura Moskvadır. Bu xəbəri Rusiya televiziyaları həmən bütün dünyaya yayırlar. Bir jurnalist bir az da irəli gedərək Şimali Qafqaz respublikalarından birinin prezidentindən bu məsələyə münasibət də öyrənib:
- Düzdür, bizd ə belə adət- ənənə var.Toy karvanı gəlinin dalıyca gedəndə sizdə necə ki, maşınlar siqnal verir, bizim cigitlər də odlu silahdan havaya atəş açırlar. Bəs agah olun, qız evi, gəlinin dalıycan gəlirik. İndi bu adət köhnəlib. Texnologiya inkişaf edib. Atəş açmağa ehtiyac yoxdur. Cib telefonundan mesaj göndərsəydilər bəs edərdi.
Bu an mən tamaşaçıda bir sual da doğdu. Qafqazda kənd yerlərində keçirilən toylarda belə bir adət də var. Toy gecəsindən sonra qızın bakirə olmasını xəbər verən güllənin atılması.
“Bəyin oğurlanması” filmində deyildiyi kimi - “Bəydadaşın gülləsi. Bütün kənd bunu gözləyir”.
Bunudamı mesajla xəbər verməlidirlər?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir